Səhabələr

Hz. Ömərin gəlişi və ibn Ərkamın Evinin Tərk Edilməsi

O nəhəng Ömər hələ fərqinə varmasa da, əriməyə başlamışdı. Ancaq bir anda təslim olana oxşamırdı. Özünü toplayıb qapını möhkəmcə döyməyə başlayır. Bir yandan da gur səsi ilə qışqırır və tez qapını açmalarını tələb edirdi.

Qapıdan Ömərin səsini eşidən ev əhli təşvişə düşür. Çünki nə məqsədlə gəldiyi məlum idi. Tez onlara Quran öyrədən Habbabı bir yerdə gizlədirlər. Sonra da Ömərin bacısı Fatimə əlindəki Quran ayələrini dizinin altına qoyur. Evdəki vəziyyət Ömərin girməsi üçün münasib hala gəlincə qapını qorxa-qorxa açırlar.

Ömər çox ağıllı adam idi, qapının gec açılması da onu şübhələndirmişdi. Tez soruşur:

− Bayaq eşitdiyim o səs nə idi?

“Səs-zad eşitməmisən” mənasında:

− Nə səsi eşitdin ki? − deməyə çalışırlar.

− Xeyr, eşitdim, − deyir və sonra da hirslə üstlərinə gedir. Bir yandan söylənir, digər tərəfdən də od-alov püskürürdü:

− Eşitdiyimə görə siz də Məhəmmədin dininə girmiş, Ona tabe olmusunuz, − deyir və özünü saxlaya bilməyib bacısının əri Səid ibn Zeydi möhkəm vurur. Bacısı Fatimə Ömərə mane olmaq istəyəndə bir zərbə də ona endirir. Ömər kimi bir adamın şilləsinə dözmək çox çətin idi və Hz. Fatimə al-qana boyanır. Ancaq bu, onun üçün yeni bir həmlənin başlanğıcı idi. Çünki artıq itirəcəyi heç nə qalmamışdı, qardaşı hər şeydən xəbərdar idi. Həmçinin Hz. Fatimə də eyni torpağın məhsulu, Xəttab ailəsinin bir qızı idi. Elə isə gizlətməyin bir mənası yox idi və Fatimə cəsarətlə qardaşı Ömərin qarşısında dayanıb belə deyir:

− Bəli, biz də müsəlman olduq. Nə var bunda? Biz Allaha və Rəsuluna iman gətirdik. Buyur, indi istədiyini elə görək!

Artıq Ömər üçüncü zərbəni almışdı. Adi vaxtlarda bir adamın onunla belə davranması, ona qarşı çıxması mümkün deyildi. Üstəlik də, bu bir qadın ola! Necə olurdu ki, bacısı Ömərə cavab qaytarır və sanki ona meydan oxuyurdu? Otaqda sükut çökmüşdü bu hayqırtının ardından... Ömər bir müddət bacısına baxır; al-qan içində idi, amma duruşunda başqa bir əsilzadəlik vardı. Qarşısında yaralı aslan kimi dayanmışdı; hər şeyə rəğmən, şərəf və ləyaqətini düşünürdü. Baxışlarında ölümə meydan oxuma vardı “Öldürsən, nə olacaq, biz həqiqi səadəti Məhəmmədin hüzurunda tapdıq” sözləri gizlənirdi. Görünür, bu zərbə böyük Öməri diz çökdürmüşdü. Deməli, bunun üçün bacısının və ərinin Ömər tərəfindən döyülməsi lazım imiş. Görünür, tale həmin günə kimi əks cəbhədə olan böyük bir gücün kürəkən  evində əriməyini təqdir etmişdi. Ömər etdiklərinə görə min dəfə peşman olmuşdu. Ondakı dəyişiklik  artıq özünü büruzə verirdi. Səsini yavaşıdaraq bacısına belə deyir:

− Mən bura gələrkən oxuduğunuz həmin səhifəni ver, mən də Məhəmmədə gələn şeyin nə olduğuna bir baxım.

Onlar da çaşıb qalmışdılar. Bir müddət səhifəni verib-verməməkdə tərəddüd etdilər. Çünki Ömər səhifəni alıb cıra, Quran və Rəsulullah (s.ə.s.) haqqında namünasib sözlər deyə bilərdi. Ona görə də Hz. Fatimə:

− Ona qarşı pis rəftarından narahatıq, − deyə cavab verir.

Davamı: 1 2 3 4 5