Səhabələr

Hz. Ömərin gəlişi və ibn Ərkamın Evinin Tərk Edilməsi

− İcazə verin, gəlsin, − buyurur. Özü də oturduğu yerdən durur. Görünür, Öməri ayaq üstə qarşılamaq istəyirdi.

Qapı açılır və iri cüssəli Ömər içəri girir. Qarşısında şəfqətlə ona qucaq açan Allah Rəsulu (s.ə.s.) dayanmışdı. Bu cür istilik ancaq cənnətdə ola bilərdi. Allah Rəsulu (s.ə.s.) Öməri əvvəlcə möhkəm qucaqlayıb bağrına basır. Sonra da:

− İndiyə kimi harada idin, ey Xəttab oğlu? Allaha and olsun ki, haradasa Allah  sənə müsibət verənə kimi gəlməyəcəyini fikirləşməyə başlamışdım, − buyurur.

− Budur, gəldim, ey Allahın Rəsulu! Allaha, Rəsuluna və Onun dərgahından gələnlərə iman gətirmək üçün gəldim!

İbn Ərkamın evindən Səfa təpəsinə tərəf coşqun təkbir sədaları yayılırdı, çünki axşamkı duadan xəbəri olan və Rəsulullah da daxil olmaqla Ömərin gəlişini görən hər kəs həyəcandan özünü saxlaya bilməyib bir ağızdan təkbir gətirməyə başlamışdı. Ömərin gəlişi də ancaq buna layiq idi...

Hz. Ömərin gəlişi artıq yeni bir dövrün başlandığını göstərirdi. Hz. Həmzədən sonra Ömər kimi bir gücü yanlarında görən Rəsulullahın səhabələri bir-bir, iki-iki İbn Ərkamın evindən çıxmış və Səfa təpəsindəki təkbiri Məkkəyə yaymaq yarışına girmişdilər.[4] Çünki Hz. Ömərin gəlişi inananlara bir başqa güc vermiş, onun müsəlman olmasından sonra daha da izzətlə gəzməyə başlamışdılar; möminlər namaz qılarkən daha rahat hərəkət edir, Quran oxuyarkən də başqalarının onları narahat etməsindən o qədər də əndişə etmirdilər. Hz. İbn Məsudun dediyi kimi, Hz. Ömərin müsəlman olması din adına bir fəth mənasına gəlirdi.[5]

Hz. Ömər artıq müsəlman olmuşdu, amma daxilən yaşadığı dəyişikliyi hamıya elan etməmiş rahat dayana bilməyəcəkdi. Buna görə də Peyğəmbərimizə (s.ə.s.):

− Ey Allahın Rəsulu! Biz haqq yolda olduğumuz halda niyə dinimizi gizlədirik ki? Halbuki onlar batil üzrə olmalarına baxmayaraq öz düşüncələrini açıq-aşkar dilə gətirirlər, − deyir. Peyğəmbərimiz (s.ə.s.) səbirli və təmkinli bir insan idi. Əvvəl Əbu Bəkirə dediyi kimi ona da belə buyurur:

−  Ey Ömər, başımıza gələnləri görürsən... Biz hələ bunu edəcək sayda deyilik.

Ömər:

− Səni haqq ilə göndərən Allaha and olsun ki, əvvəllər hansı məclislərdə olmuşamsa, indi də gedib hamısında imanımı yüksək səslə söyləyəcəyəm, − deyir və İbn Ərkamın evindən çıxır. İlk getdiyi yer Kəbə idi. Əvvəlcə illərin yanlışlığına inad göstərə-göstərə Kəbəni təvaf edir. Sonra da qureyşlilərin yanına gedir. Görünür, onlar da bu gəlişi gözləyirdilər. Əbu Cəhil qabağa çıxıb kinayə ilə:

− Deyəsən, sən də sabi[6]  olmusan, − deyir. Ömər kükrəyir:

− Mən şəhadət gətirirəm ki, Allahdan başqa ilah yoxdur və Məhəmməd də Onun həm qulu, həm də Rəsuludur.

Bunu deyən dünənki dostları Ömər də olsa, müşriklərin buna dözümləri yox idi və hamısı birdən onun üstünə atılır. Ancaq bu dəfə ortada bir Ömər həqiqəti var idi. Üstünə ilk gələn Utbəni tutan kimi yerə yıxır və onu möhkəmcə döyür. Barmağı gözünə batan Utbə fəryad  qoparıb yerdə çırpınır, iztirabı ilə Məkkəni inlədirdi. Ömər asan tikə deyildi, amma o sanki əvvəlki Ömərdən daha güclü və daha çevik idi. Bir anda ətrafındakı izdiham dağılır. İslamın izzətini təmsil edərək Məkkənin küçələrində yeriyən Hz. Ömərə artıq heç kim qarşı çıxa bilmirdi. O da Rəsulullahın (s.ə.s.) yanında verdiyi sözü yerinə yetirmək üçün bütün məclisləri gəzir və eşitməyən “karlara” da İslamın adını və gözəlliklərini eşitdirirdi.

Allah Rəsulu (s.ə.s.) yenə narahat idi. Nəhayət, Ömərin gəlişini görüb nə baş verdiyini soruşur. Hz. Ömər vəzifəsini qüsursuz yerinə yetirməyin sevinci ilə danışmağa başlayır:

− Anam-atam Sənə fəda olsun, ey Allahın Rəsulu! Narahat olası heç bir məsələ yoxdur. Allaha and olsun ki, İslamla şərəflənməmişdən əvvəl iştirak etdiyim hər məclisə getdim və içimdən gəldiyi kimi, heç kimdən qorxub-çəkinmədən imanımı elan etdim.[7]

Hira ziyarətləri

Peyğəmbərlik vəzifəsi veriləndən sonra Rəsulullah (s.ə.s.) əvvəllər də özünə məskən etdiyi Nur dağına gedər və Hirada mənəvi rahatlıq tapardı. Bəzən bu ziyarətlərə hər an Onunla birlikdə olmaq istəyən səhabələri də qoşular, beləliklə, müştərək bir ziyarət həyata keçirərdilər.

Yenə belə günlərdən birində Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Osman, Hz. Əli, Hz. Talha, Hz. Zubeyr, Hz. Abdurrəhman, Hz. Sad və Hz. Səid ibn Zeydlə birlikdə Hiraya çıxmışdılar. Elə bu vaxt Nur dağı şiddətlə silkələnməyə başlayır. Bəlli ki, Onunla birlikdə bu məfkurəni gələcəyə aparacaq bu insanlar üçün narahat olmuşdu. Bunun müqabilində Allah Rəsulu (s.ə.s.):

− Dayan, Hira, − deyir, − çünki sənin üstündə bir Peyğəmbər, bir  Siddiq və bir şəhid var![8]

Bunu deyərkən iti nəzərlərini gələcəyə yönəltmişdi və yanındakı səhabələrinin başına gələcək hadisələrdən xəbər verirdi.[9]

 
[1]. Hakim, Müstedrek, 3/574 (6129)
[2]. Bax: “Haqqa” surəsi, 69/42.
[3]. Səid ibn Zeyd eyni zamanda Hz. Ömərin əmisi oğlu idi.
[4]. Bax: İbn Hişam, Sire, 2/187 və b.
[5]. Bax: İbn Sa’d, Tabakat, 3/270
[6]. Ulduzları müqəddəs hesab edərək onlara ibadət edən bir düşüncə şəkli. Səmadan vəhy gəldiyinə görə Qureyşin böyükləri İslamiyyət haqqında bu ifadəni işlədərək onu məsxərəyə qoymağa çalışırdılar.
[7]. İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 1/439
[8]. Muslim, Sahih, 4/1880 (2417); Ahmed b. Hanbel, Müsned, 1/188; Nesai, Sünen, Vakfül-Mesacid, 4(3609)
[9]. Bu bir möcüzə idi və aradan keçən illər tarixə Siddiq olaraq adını yazdıran Hz. Əbu Bəkirdən başqa, onların hamısının şəhid olmasına şahidlik edəcəkdi. Hətta Cəməl günü Hz. Zübeyr Hz. Əlinin haqlı olduğunu başa düşüb döyüşdən imtina edir, geri qayıdıb Siba vadisinə gəlir, burada namaz qılarkən ibn Cürmüz onu arxadan vurur və Xəlifə Hz. Əlidən iltifat görmək üçün dərhal onun hüzuruna gəlib müjdə (!) vermək istəyir. Hz. Əli onun “müjdə” olaraq gətirdiyi bu məşum xəbərdən sarsılır. Əvvəlcə: − Bax bu qılınc Rəsulullahın ogünkü sıxıntısını uzaqlaşdırmaq üçün sıyrılan qılıncdır, − deyir. Sonra da: − Safiyyənin oğlunu öldürən cəhənnəmdəki yerini hazırlasın, − deyir.  Bax:İbnKesir, el-Bidaye ve’n-Nihaye, 7/250; Kurtubi, el-Cami’ li ahkami’l-Kur’an, 16/321
Davamı: 1 2 3 4 5