Səhabələr

Və vüslat

Bu, şükür tələb edən, şükrə layiq bir nemət idi və Allah Rəsulu (s.ə.s.) əvvəlcə yerə qapanıb  şükür səcdəsi edir. Sonra da vaxt itirmədən səadət xanəsinə üz tutur. Yenə vəhyin ağırlığı üstünə çökmüşdü. Yayın qızmar istisində bir yandan tir-tir titrəyir,  digər tərəfdən inci-inci tər tökürdü. Xədicə anamızın yanına gəlir, üstünü dərhal örtməsini istəyir. Qəlbinə nəqş edilən vəhylə yeni bir mərhələ başlayırdı. Çünki Allah (c.c.) Onu müxatəb kimi qəbul edib bunları buyururdu:

– Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!  Öz Rəbbini uca tut! Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş![11]

Yenə beş ayə nazil olmuşdu: amma bu dəfə fasilə olmayacaq, ardı-arası kəsilmədən başqa ayələr də enəcək, insanlıq Cəbrailin nəfəsi ilə külli aydınlığa qovuşacaqdı. Qısa fasilədən sonra yenidən başlayan vüslətdə diqqəti cəlb edən əsas məqamlar təbliğ vəzifəsinin Ona açıq-aşkar bildirilməsi, Rəbbinin böyüklüyünə təzim edib bu böyüklüyü var gücü ilə ətrafına hayqırması, son olaraq da maddi-mənəvi bütün mənfiliklərdən arınıb dünyəvi həyat yaşamaqla bunu başqalarına da şamil etməsi idi.

“Muddəssir” surəsi eyni zamanda bütöv halda nazil olan ilk surə idi. Çünki “Ələq” surəsinin ilk beş ayəsi Hirada gəlmiş, amma digər hissəsi sonralar nazil olmuşdu. Buna görə də bir qisim alimlər peyğəmbərliklə (nəbiliklə) bağlı ilk gələn surənin “Ələq”, risalətlə (rəsulluq, elçilik) bağlı gələn ilk surənin isə “Muddəssir” olması şəklində surələr arasında fərq qoyurlar.[12]

Həmçinin bu dəfə enən ayələr Son Peyğəmbərin missiyasını müəyyənləşdirir, Ondan başqa insanlara da əl uzatmaq və Rəbbinin adını hamıya eşitdirmək tələb olunurdu. Belə ki, Peyğəmbərlik vəzifəsi ilə birlikdə belə bir məsuliyyət lap başlanğıcdan Onun çiyninə yüklənmişdi. Artıq O (s.ə.s.),  Allahın varlığını və tək olduğunu insanlara anladacaq və başa salacaq, axirət gününə inamın vacibliyi üzərində israrla dayanacaq və iman həqiqətlərinin bütünlüklə cəmiyyətdə kök salmasına çalışacaqdı.