Səhabələr

Və vüslat

Çox keçmədən Allahın Onu insanların təhlükələrindən şəxsən qoruyacağı da bildiriləcək və:

− Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni − Quranı təbliğ et. Əgər bunu etməsən, risalət vəzifəsini yerinə yetirmiş olmazsan. Allah Səni zərər vermək istəyən insanların şərindən qoruyacaq,[14] − buyurulacaqdı. Bundan sonra da təbliğ vəzifəsinin Peyğəmbərimizə aid bir vəzifə olduğu tez-tez xatırladılacaq, haqq-hesab işinin isə Allaha məxsus olduğu vurğulanacaqdı.[15]

Onu peyğəmbər kimi vəzifələndirən Allah (c.c.) özü təminat verir və Ona Rəbbinin adını yaymaq üçün səy göstərməyin vacibliyini bildirirdi.[16] Təbii ki, belə bir yolda bəziləri narahat olacaq və Haqqın dərgahından gələn hökmləri dilləri ilə, sözləri ilə söndürməyə çalışacaqdılar. Amma inkar karvanının başını çəkən və şirk bataqlığına batmış küfr fanatikləri  istəməsə də, Allahın təminatı vardı, kim nə  edir-etsin, O (c.c.), nurunu mütləq tamamlayacaqdı.[17] Buna görə də Onun istədiyi ortaya güclü və sarsılmaz bir iman, təqva ölçülərinin biçdiyi bir həyat tərzi və səbəblərə riayət edən saleh bir əməl nümayiş etdirmək idi.[18] Elə isə başqalarının dediyinə qulaq asmadan, Rəhmanın çağırışlarını əldə rəhbər tutub yer üzündə Onun razı olduğu şəkildə yaşamaq lazım idi.

Tez-tez tarixdən nümunələr verilir, peyğəmbərlik vəzifəsinin yeni zühur edən bir təsisat olmadığı bildirilərək haqq düşüncəsinə mane və qarşı olanların hər zaman məğlubiyyətə məhkum olduqları misallarla və dönə-dönə edilirdi. Hz. Adəmdən Hz. Nuha, Hz. İbrahimdən də Hz. İsaya kimi bəşəriyyət səmasının ay və günəşləri olan rəhbər şəxsiyyətlərdən nümunələr gətirilir, onların risalət vəzifəsini yerinə yetirərkən nələrə məruz qaldıqları göstərilir, bundan sonra baş verə biləcək hadisələrə qarşı hazır olmağın  əhəmiyyəti vurğulanırdı.

Ölümdən sonrakı həyatla bağlı mövzular gündəmə gətirilir, haqq-hesab dünyasının qapıları açılır, həyatı hesabı veriləcək şəkildə yaşamağın vacibliyi ortaya qoyulurdu.

Xülasə, artıq nazil olan vəhy müntəzəm şəkildə enirdi və riza dairəsində yeni toplumun qurulmasında ən təsirli faktor rolunu oynayırdı. Bu mərhələ vəhyin leysan kimi yağdığı dövr idi. Beləliklə, “Muzzəmmil”in ardınca “Muddəssir”, “Təbbət”in arxasınca “Təkvir” enəcək, “Əla”dan “Leyl”ə, “Fəcr”dən də “Mutaffifin”ə kimi, demək olar ki, Quranın yarısı  Məkkədə nazil olacaqdı.[19]

Küsmək də yoxdur, inciklik də...

Digər tərəfdən Məkkə müşrikləri bu mərhələni (40 günlük fasiləni) diqqətlə izləyir və vəhyin dayanmasına için-için sevinirdilər. Onlar elə fikirləşirdilər ki, Peyğəmbərimiz (s.ə.s.) addım atdığı bu yolda cəmiyyətdən təcrid edilib tək qaldığı kimi, səma ilə də əlaqələri kəsilmiş və O, hərtərəfli bir “qürbət” yaşayırdı. Hətta məkkəli bir qadın Allah Rəsulunun  yoluna çıxaraq:

− Ey Məhəmməd! Görürəm ki, şeytanın Səni tərk etmişdir, − deyirdi. O, özünə görə bununla Rəsulullahı məsxərəyə qoyurdu. Ancaq Hz. Məhəmmədi kədərləndirən bu hadisə səmanın qapılarını yerindən oynadacaqdı. Çünki çətin vəziyyətdə imdada yetişən bir Cəbrail vardı.