Səhabələr

Və vüslat

− Oxu və yüksəl! Həmçinin dünyəvi işlərində nizam-intizama və tərtibata həssas yanaşdığın kimi, onu (Quranı) da tərtillə oxu. Çünki sənin mənzilin, oxuduğun axırıncı ayə qədərdir.[31]

Demək ki, Quranın əhatə etdiyi həqiqətlərin yaşanması qədər, onun cəmiyyətdə inikası və icrası da əhəmiyyətli idi. Səs Allahın verdiyi böyük bir nemət idi və bu nemət Quran oxunarkən özünü göstərməli, səsin gözəl ahəngi və harmoniyası ortaya çıxmalı idi. “Quranı səsinizlə gözəlləşdirin (zinətləndirin)”[32]mənasındakı hədis də bunu ifadə edirdi. Səhabələrinin arasında Quranı gözəl səslə oxuyan gördükdə başını sığallayar və:

− Davudun (əleyhissalam) səsindəki ahəngə oxşar bir qabiliyyət verilmişdir,[33] − deyə tərifləyərdi. Çünki O (s.ə.s.), ətrafa nizamsız səpələnən qum dənələri kimi Quran hərflərinin ağızdan ahəngsiz çıxmasını xoşlamır və:

− Oxuyarkən onun məna dərinliklərinə dalıb əsas yerlərində dayanıb təfəkkür edin, onunla qəlblərinizi hərəkətə gətirin və “Bir qurtarıb örtsəm” düşüncəsi ilə əndişəyə qapılmayın,[34] − deyə buyururdu.

Beləcə, başda Allah Rəsulu olmaqla artıq hər bir mömin gecələr durur və Rəbbin rizası üçün namaz qılıb Quran oxuyurdu.

Gecə ibadəti ilə bağlı gələn ayələrdəki ardıcıllıq da çox maraqlı idi. Əvvəlcə gecənin böyük hissəsini qulluqda keçirməyin zəruriliyi qeyd edilmiş, sonra da bu iş üçün gecənin yarısının kifayət edəcəyi buyurulmuşdu. Buna görə də bəzi səhabələr oyaq qalmağın çətin olduğu uzun gecələrdə dirəklərin arasına iplər çəkir və özlərini bu iplərə bağlayaraq ibadət etməyə çalışırdılar.[35] Sonralar isə təhəccüdün ancaq Rəsulullaha (s.ə.s.) məxsus ibadət olduğu vurğulanır, başqa insanlar üçün nafilə olması şərtilə gecənin müəyyən vaxtında ibadət etmənin yetərli olduğu bildirilirdi. İlk əmrlə onu yüngülləşdirən vəhyin arasından təxminən bir ilə yaxın vaxt ötmüşdü. Səhabələr bu müddət ərzində ayaqları şişənə qədər gecə ibadətlərini əda edir, səhərə kimi ibadət edirdilər.