Səhabələr

Və vüslat

Məkkəyə doğru

Artıq Nur dağında birləşən iki Nur bundan sonra daha tez-tez görüşmək vədi ilə bir-birindən ayrılmış və Allahın Rəsulu (s.ə.s.) aldığı yeni xəbərlə sürətlə Məkkəyə yönəlmişdi. Bir tərəfdən çiyninə yüklənən missiyanın ağırlığı ilə ikiqat olmuş, digər tərəfdən qəlbi Hirada yaşadığı vüsalın həzzi ilə fərəhə qərq olmuşdu. Çünki vəhyin ağırlığı bütün vücudunu bürümüşdü. Bu əsnada səmada  əks-səda verən bir səs eşidir:

−  Ey Məhəmməd! Sən Allahın Rəsulusan, mən də Cəbrailəm!

Allah Rəsulu mübarək başını yuxarı qaldıranda Cəbraili bütün möhtəşəmliyi ilə qarşısında görür. O, yenə eyni sözləri təkrar edirdi:

−  Ey Məhəmməd! Sən Allahın Rəsulusan, mən də Cəbrailəm!

Rəsulullah (s.ə.s.) durduğu yerdə donub qalmışdı, nə bir addım irəli atır, nə də dönüb arxaya gedə bilirdi. Bir müddət belə gözləyib, nəhayət, başını tərpədir. Bu, nə idi? Baxdığı hər yerdə eyni mənzərə vardı. Bütün üfüqü Cəbrail əhatə etmişdi.

Bir yanda  Hz. Xədicə həyat yoldaşının gec qayıtmasından narahat olmuş və bir xəbər gətirmək üçün arxasınca adamlar göndərmişdi. Onlar da Allah Rəsulunun Hiraya getdiyini bildikləri üçün oraya üz tutmuş, amma bir nəticə əldə edə bilməmişdilər.