Səhabələr

Bədirdən sonraki hadisələr

Bir yeni bayram da: Qurban

Bəni-Qaynuqa mühasirəsindən dönüş Qurban bayramı ilə üst-üstə düşür və bildirilir ki, imkanı olanlar qurban kəssinlər. Bunun üçün Rəsulullah (s.ə.s.) bayram namazının qılındığı Bəni-Səlimə yurdunda  şəxsən qurban olaraq iki qoyun kəsir. İmkanı olanlar da Onunla birlikdə qurbanlarını kəsirlər. Müsəlmanların ilk dəfə keçirdikləri bayram idi bu! Əvvəllər də Mədinədə bəzi günlər bayram kimi qeyd olunurdu. Mədinəlilər qədimdən davam edən adətə görə həmin günlərdə bir yerə yığışar, oyunlar oynayaraq əylənərdilər. İndi isə Allah (c.c.) onlara cahiliyyə dövründə qeyd edilən bu iki günün əvəzində iki bayramı − Ramazan və Qurban bayramlarını lütf edirdi. Eyni zamanda bu bayramlar möminlər üçün ildə iki dəfə ümumi sevinc günü demək idi.

Üçüncü ilin digər hadisələri

Allah Rəsulunun Mədinəyə hicrətindən otuz ay keçmişdi. Hz. Ömər həyat yoldaşı vəfat etmiş qızı Hafsanı (r.a.)[14] əvvəlcə Bədir günlərində xanımı Ruqiyyə validəmizi itirən Hz.Osmanla nikahlamaq istəyir və gedib ona məsələni şəxsən özü açır. Ancaq Hz.Osman belə bir evlilik üçün hələ hazır deyildi və Hz.Ömərə gözlədiyi cavabı vermir. Hərçənd ki Hz. Ömər aldığı cavabdan bir qədər kədərlənir, amma yenə də məsələni anlamağa çalışır. Ondan ümidini üzən Hz.Ömər məsələni başqa bir yaxın dostu Hz.Əbu Bəkrə danışır, ancaq o da evlilik haqqında düşünmürdü. Bundan sonra o (r.a.), vəziyyəti Peyğəmbərimizə açır. Allah Rəsulunun cavabı ürəyindən olur:

– Mən sənə Osmandan daha xeyirli bir kürəkən və Osmana da səndən daha xeyirli bir qayınata deyimmi? – deyə soruşur. Bunu kim istəməzdi ki! Hz.Ömər dərhal:

– Buyurun, ya Rəsulullah! – deyir. Allah Rəsulu (s.ə.s.) da bunları deyir:

– Sən qızın Hafsanı Mənimlə nikahlayarsan, Mən də qızım Ümmü Gülsümü Osmanla!

Hz. Ömərin sevincdən az qala ayaqları yerdən üzülür. Rəsulullahla qohum olmaq onun üçün böyük xoşbəxtlik idi. Və bu zaman Mədinədə iki evlilik birdən baş tutur. Məkkənin ilk günlərindən Rəsulullahla çiyin-çiyinə olan həya insanı Hz. Osman bundan sonra "iki nur sahibi" mənasında  "Zün-Nureyn" ünvanını alır.

Çox keçmədən Hz.Əli-Hz.Fatimə ailəsində bir oğul dünyaya gəlir və Peyğəmbərimiz də onun adını "Həsən" qoyur.

Hicrətin üstündən otuz bir ay keçmiş və yenə Mədinə mərhəmət dolu ramazan ayının bərəkəti ilə süslənmişdi.

Mərhəmət və şəfqət qanadlarını ümmətinə açıb ehtiyaclarını ödəməyə çalışan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Bədir günü təkbətək döyüşdə yaralanan və yolda şəhid olan Übeydə ibn Harisin xanımı Zeynəb binti Huzeymənin çətin vəziyyətdə yaşadığını görür və yoxsulların əlindən tutan bu dul və tənha qadına kömək etmək istəyir. Bunun ən kəsə yolu onu nikahı altına almaqdı və O da belə edir. Hz. Zeynəb (r.a.) cahiliyyə dövründən bu yana möhtacların anası kimi tanınan salehə bir qadındı. "Bu yaşlı vaxtımda kimsəsiz qaldım," – deyə əndişə etdiyi bir vaxtda Allah Rəsuluna zövcə olma bəxtiyarlığı ilə şərəflənən Hz. Zeynəb artıq dünyanın ən xoşbəxt qadını idi. Ancaq yaşlı validəmiz Hz. Zeynəb binti Huzeymə aradan səkkiz ay keçdikdən sonra vəfat edib "möminlərin anası"–"Ümmül-Müminin" ünavanı ilə əbədi aləmə köçəcək, şəxsən Rəsulullah tərəfindən Cənnətül-Baqidə dəfn ediləcəkdi.[15]