Səhabələr

Bədirdən sonraki hadisələr

Bədirdə qələbə qazanılmışdı, amma bu, işin Bədirlə sona çatması demək deyildi. Çünki dönüb geriyə qaçan məkkəlilərin kini əvvəlkindən az deyildi. Ogünkü əhalinin sayına görə yetmiş ölü və yetmiş əsir, demək olar, hər evin matəmə büründüyünü göstərirdi. Hətta Bədrə könülsüz gələnlər də indi İslama və müsəlmanlara kin bəsləyir və ən qısa zamanda intiqam alacaqlarını söyləyirdilər. Zəfəri görüb acısı susanacan rahat döşəyi özlərinə haram edənlər, intiqam alana qədər ağı deyib mərsiyə söyləyəcəyini elan edənlər və o günü görmədən heç bir şeyə əl vurmayacağına and içənlər vardı məkkəlilər arasında.

Xülasə, hələ Bədirdən qayıdarkən yenidən geriyə – Bədrə dönməyin hesablarını aparmağa başlamış və bu işin bu yerdə qalmayacağına and içmişdilər.

Mədinədə isə müsəlmanların Bədir zəfərindən narahat olanlar var idi. Onlar Qureyş ordusunun qalib gəlməsini arzulayan müşriklər və özlərindən başqa hər hansı bir qüvvənin irəli çıxmasını istəməyən həsədkar yəhudilər idi. Eyni zamanda ətraf qəbilələr də vəziyyətdən narahat olmağa, Mədinədə qurulacaq güclü bir dövlətin sabah onları da təhdid edəcəyini düşünməyə başlamışdılar.

Müsəlman cəbhəsində vəziyyət başqa idi. Onlar Allahın bəxş etdiyi bu zəfərlə 15 illik sıxıntılarına az da olsa, son qoyulduğunu görmüş və gələcək naminə daha sıx birləşmişdilər. Ona görə də bütün strategiya mövcud vəziyyət nəzərə alınmaqla yürüdülməli idi və Rəsulallah (s.ə.s.) da elə edir. İlk kəşfiyyat Bəni-Qatafan və Bəni-Süleym qəbilələrinin Mədinəyə hücum etmək üçün toplanmağa başladığı istiqamətdə idi və Peyğəmbərimiz də Siba ibn Urfutanı Mədinədə vəkil təyin edib[1] iki yüz süvari ilə Nəcid yolunda yerləşən Küdr quyularına doğru yönəlir. Onun iki yüz süvari ilə gəldiyini eşidən və hələ tam toplaşmağa macal tapmayan Süleymoğulları qaçmağa başlayır və atıb getdikləri beş yüz dəvə qənimət olaraq ələ keçirilir.[2]

Burada üç gün qalan və hakimiyyətini elan edən Allah Rəsulu (s.ə.s.) yenidən Mədinəyə qayıdır.