Səhabələr

Bədirdən sonraki hadisələr

Başçıları onları müsəlmanlar əleyhinə təhrik edirdi. Şas ibn Qeys adlı yaşlı bir adam bir dəliqanlını yanına çağırır və tapşırır ki, Buas döyüşləri zamanı çəkilən əziyyətlər barədə danışıb bu mövzu ilə bağlı şeirləri insanlara xatırlatsın. Unudulan hadisələrin yenidən xatırlanması o dövrün camaatı üçün ən həssas, incə məqam idi. Elə hədəf də Əvs və Xazrəci bir-birinə düşmən etmək idi.

Qocadan təlimat alan gənc izdiham arasında dolaşıb tapşırığı yerinə yetirməyə başlayır. Çox keçmədən köhnə ixtilaflar baş qaldırır. Əvslə Xazrəc arasında münasibətlər gərginləşib toqquşma həddinə çatır. Hətta atmacalar tərəfləri təmin etmir, "Filan yerdə görüşüb məsələni həll edək," – deyə razılaşırlar!

Vəziyyətdən xəbərdar olan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əshabı ilə birlikdə dərhal həmin hadisə yerinə gəlir və onlara səslənir:

– Ey Müsəlman topluluğu! Sizi Allaha dəvət edirəm! Sizi Allaha dəvət edirəm! Mən sizin aranızda olduğum halda və Allah da sizi İslamla şərəfləndirib onunla sizə kərəmini nəsib etmişkən yenidən cahiliyyə anlayışlarına geri qayıtmaqmı istəyirsiniz? Allah (c.c.) İslamiyyətlə cahiliyyə işlərini kəsib atmış, sizi də küfrün qaranlığından qurtarmış və qəlbləriniz arasında ülfət bağlamışkən bu necə ola bilər!

Rəsulullahın xitabı Əvs və Xazrəclilərin gözünü açır, bir anlıq öz hərəkətləri barədə düşünürlər. Doğrudan da, heç nədən belə bir hərəkətə əl atmaq müsəlmana yaraşardımı? Yaraşmazdı, amma digər tərəfdən onları bu davaya təhrik edən əsl səbəb də üzə çıxarılmalı idi və bu da uzun sürmür. Hərçənd ki, bu, Bəni-Qaynuqanın ilk işi deyildi. Bədirdən əvvəl də aranı qarışdırmaq istəmişdilər, amma müsəlmanlar bir gün onların da həqiqəti anlayacağına ümid edib hər zaman əfv yolunu seçmişdilər. Nəhayət, başlarını aşağı salıb ağlayır və sonra bir-birini qucaqlayırlar. Bir daha arada dolaşıb kütlələri təhrik edənlərin təmtəraqlı sözlərinə aldanmamağa söz verirlər.

Qaynuqa oğullarının əməlləri bununla bitmirdi. Xüsusilə, təhrikçilikdə birinciliyi heç kimə verməyən yəhudi Kab ibn Əşrəflə əlaqə qurub ondan dəstək alır, həddlərini aşırdılar. Qaynuqa bazarında bir qadına qarşı etdikləri həqarət isə səbir kasasını daşıran son damla olur. Gətirdiyi malı bazarda satan qadın bir sərraf dükanına girir və özünə qızıl almaq istəyir. Qadını tək görən Qaynuqa tacirləri ona sataşır və örtülü üzünü açıb əylənmək istəyirlər.

Bu arada sərraf olan dükan sahibi tələblərinə kəskin şəkildə etiraz edən qadının arxa tərəfinə keçir və hiss etdirmədən ətəyini iynə ilə belinə ilişdirir. Əsəbiləşərək oradan uzaqlaşmaq istəyən qadın ayağa qalxınca belinə ilişdirilən ətəyi də yuxarı qalxır və təbii olaraq naməhrəm yerləri görünür. Bu vəziyyət Bəni-Qaynuqalıları olduqca əyləndirir və çaş-baş qalan qadına baxıb qəhqəhələrlə gülməyə başlayırlar. Ətəyinin belinə ilişdirildiyini və buna görə də, yəhudilərin ona güldüyünü başa düşən qadın fəryad qoparır, iffətinin ayaqlar altına atılmasından "imdad" edir.

Baş verən hadisə orada olan bir müsəlmanın diqqətini cəlb edir, diqqətlə baxanda vəziyyəti anlayır və bunu edən yəhudinin üstünə atılaraq həddini bildirmək istəyir. Aralarında dava başlayır və çox keçmədən Müsəlman Yəhudini yerə sərir. Digər yəhudilər isə müsəlmana hücum edir və onu oradaca  şəhid edirlər.

Şəhid edilən müsəlmanın yaxınları çox qəzəbli idilər və Rəsulullahın hüzuruna gəlib günahkarların tezliklə cəzalandırılmasını istəyirlər.

Həqiqətən, baş vermiş hadisə çirkin idi və mütləq layiqli cəzasını almalı idi. Halbuki  hicrətdən sonrakı müqaviləyə bunlar da imza atmış və müsəlmana hücum etmək bir yana, hücuma məruz qaldıqları halda, Mədinədə müştərək bir müdafiə təşkil etməyə söz vermişdilər.

Bunun qarşılığında Peyğəmbərimiz (s.ə.s.) "Müqaviləni pozdunuz!" – deyib dərhal onlara hücum etmir və əvvəlcə Bəni-Qaynuqa yəhudilərini toplayıb onlarla danışmağı sınaqdan keçirir. Onları daha mülayim davranmağa, pislik etməməyə, insani dəyərləri qoruyaraq müsəlmanca yaşamağa və Qureyşin başına gələnləri yaşamadan ağıllarını başlarına yığmağa çağırır. Ancaq onlar şəfqət və mərhəməti başa düşəcək halda deyildilər. Bu Nəbəvi dəvətə istehza ilə cavab  verirlər:

– Ya Məhəmməd! Hələ bayram və döyüşün nə olduğunu bilməyən dəliqanlılarla döyüşüb onları yenməyin Səni aldatmasın! Əgər bizimlə döyüşməli olsan, əsl savaşın nə demək olduğunu o zaman görərsən! Çünki Sən hələ bizim kimilərlə qarşılaşmamısan![10]