Səhabələr

Bədirdən sonraki hadisələr

Bu, bir meydan oxumaq idi və bu qədər pis əməlləri bir yana, üstəlik özlərini bu cür apararıb Allah Rəsuluna ədəbsiz cavab vermək açıq-aydın müharibə elanı idi. Görünür, bunlar sözlə heç nə başa düşməyəcəkdilər. Elə isə həddini aşan və aralarındakı müqavilənin maddələrinə sadiq qalmadıqları yetmirmiş kimi, üstəlik dünən qəbul etdikləri razılaşmanı bu gün heçə sayan bu insanlarla anladıqları dildə danışmaq lazım idi.

Bu müddətdə Cəbrail də gəlir. Əvvəlcə Bədri xatırladaraq kafirlərə bu xəbərdarlığı gətirir:

– Kafir olanlara de: "Siz tezliklə məğlub olacaq və Cəhənnəmə sürüklənəcəksiniz!" Cəhənnəm necə də pis yerdir! Ey Məkkə müşrikləri və yəhudilər! İki dəstənin qarşı-qarşıya durması sizin üçün dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. Möminlər kafirlərin onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu, bəsirət sahiblərindən ötrü bir ibrət dərsidir.[11]

Bunun ardınca  gələn ilahi bəyan daha dəqiq idi: "Əgər əhd bağladığın bir tayfanın sənə xəyanət edəcəyini təsbit etsən, döyüşə başlamazdan əvvəl onlarla olan əhdini pozduğunu açıq-aydın özlərinə elan et. Çünki Allah xainləri sevməz!"[12]

Bu, Allahın bir lütfü idi. Müqaviləni pozan onlar olsa da, Allah (c.c.) Rəsulullaha (s.ə.s.) bu ədəbsizliklə müqavilənin artıq pozulduğunu bildirməsini istəyir və savaşa girməzdən əvvəl qarşı tərəfin də bu barədə məlumatlandırılmasını tələb edirdi. Allah Rəsulu (s.ə.s.) da Allahın bəyanını yerinə yetirir.

Hicrətdən təxminən iyirmi ay keçmişdi. Şəvval ayının ortaları idi və Mədinədə Əbu Lübabəni vəkil qoyan Allah Rəsulu bir şənbə günü ağ bayrağı Hz.Həmzəyə verib Bəni-Qaynuqaya hücum edir. Alınmaz qalaları var idi və müsəlmanların gəldiyini görüb dərhal qalanın içinə çəkilir, qapılarını da möhkəm bağlayırlar. Allah onların qəlbinə qorxu salır və on beş gün davam edən mühasirədən sonra Bəni-Qaynuqalılar Rəsulullahın onların barəsində verəcəyi hökmü qəbul edib təslim olurlar.

Artıq Bəni-Qaynuqa yəhudilərinin əli silah tutan kişiləri əsir alınmışdı. İndi isə veriləcək hökmü gözləyirdilər. Hər cür hökmə razı idilər. Artıq məhv olduqlarını düşünürdülər. Həyatlarını riskə atmış, uduzmuşdular.

Bu arada qaynuqaoğullarının müttəfiqi olan və Bədir döyüşündən sonra müsəlman olduğunu bildirən Abdullah ibn Übeyy gəlib çıxır. Öz aralarındakı ittifaqı nəzərə çatdıraraq Rəsulullahdan  Bəni-Qaynuqa yəhudiləri ilə yaxşı davranmasını və onları əfv etməsini istəyir. Hətta bunun üçün o qədər israr edir... Peyğəmbərimizin cavab verməməsi onu özündən çıxarır və istədiyini əldə etmək üçün bütün yollara baş vurur.