Səhabələr

Bədrə Doğru

Rəsulullahın (s.ə.s.) fərqi Nə qədər böyük mərhəmətdir ki, Rəsulullah (s.ə.s.) öz rəhbər və öndərlərini Bədirdə qoyub qaçan Qureyş əvəzinə döyüş meydanındakı cəsədlərin gömülməsini tapşırır və şəxsən özü bu işlə məşğul olur. Qureyş böyüklərindən iyirmi dörd nəfərin basdırılmasını şəxsən Allah Rəsulu əmr etmişdi. Utbə ibn Rəbiəni basdırarkən orada olan Utbənin oğlu Əbu Huzeyfəyə baxır və üzünün ifadəsindən ruhunda qopan fırtınaları anlamağa çalışırdı. Rəngi ağarmışdı və görünür, hüznlü Əbu Huzeyfə dünyadan imansız köçən atasının halına yanırdı. Rəsulullah (sallallahu əleyhi və səlləm) onun bu qəmgin halını görüncə dözə bilmir, yanına yaxınlaşır və başını şəfqətlə sığallayır: – Hər halda atanın ölümünə görə qəm, kədər içindəsən, – deyir. – Xeyr, – deyə cavab verir Əbu Huzeyfə, – vallah məni nə atam, nə də onun yerdə belə sərilib qalması üzür. Məni kədərləndirən əsas şey atamın bu halına yaraşmayan yumşaq təbiətli, ağıl və fəzilətli olması idi. Onun belə bir insan olmasından ümidlənir və bir gün İslamı qəbul edəcəyinə inanırdım. Onun haqqında bunları düşünüb təslim olacağı günün xəyalları ilə yaşadığım bir vaxtda bu vəziyyətdə öldüyünü görmək məni çox kədərləndirdi. Doğrudan da, kədərli vəziyyət idi və onun bu üzüntüdən qurtulması üçün Allah Rəsulu (s.ə.s.) əllərini açıb Rəbbinə dua edəcək, beləcə, Əbu Huzeyfənin acısını bölüşmüş olacaqdı. Son günə qədər Onu addım-addım izləyib təhqirlər yağdıran qatı düşməni Əbu Cəhli də Rəsulullah  (s.ə.s.) özü dəfn edir. Hətta onu dəfn edərkən: − Əgər Əbu Talib bu gün yaşasa idi, qılınclarımızın onların başına necə endiyini görəcəkdi, – buyurur. Çünki Əbu Talıb Əbu Cəhil və tərəfdarlarının Rəsulullaha əziyyət etdikləri  o Məkkə illərində uzun bir şeir oxumuş və şeirdə bunları söyləmişdi: "Bugünkü zalımlar sabah başlarına qılıncların necə endiyini görəcəklər". Artıq nəticə aydın olmuşdu; müsəlmanlar sayca az olsalar da, Bədirdə böyük qələbə  qazanmışdılar. Bu vəziyyət bəzi insanların müvzinəti qaçırmasına səbəb olub tarazlığın pozulması ilə nəticələnə bilərdi. Çünki uğurları şəxslərin adına çıxma hər zəfərdən dərhal sonra müəyyən yanlışlıqlara meydan açan kritik nöqtələrin başında gəlirdi. Belə bir yanlışlığa yol verilməməsi üçün yenə Cəbrail gəlir, Peyğəmbərimizə bu bəyanları çatdırır: "Ey möminlər Bədirdə onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri (qənimət əldə etmək və qələbə  qazanmaq  üçün) yaxşı bir imtahandan keçirtdi. Allah hər şeyi eşidəndir, biləndir!"[42] Çox keçmədən Cəbrail yenə gəlir və möminlərə işin əsl tərəfini bildirir: "(Ya Rəsulum!) Həqiqətən, siz Bədirdə düşmənə nisbətən az və zəif olduğunuz halda, Allah sizə yardım etdi. Allaha şükür edən olmaq üçün Allahdan qorxun! O zaman sən möminlərə deyirdin: "Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?" Bəli, əgər səbir edib Allahdan qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər. Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır."[43] Bədirdən ayrılma və qənimətlər Allah Rəsulu (s.ə.s.) qənimət olaraq ələ keçirilən yüz əlli dəvə, on at və digər qiymətli əşyaları yığıb toplamağı Habbab ibn Ərəttə tapşırıb Bədri tərk edir. Əbu Cəhildən qalan dəvəyə[44] də özü minir və Mədinəyə doğru hərəkət edir. Əsirlərlə bağlı işi isə azad etdiyi kölə Şükrana tapşırır. Onları da özləri ilə Mədinəyə aparırlar. Əsirlər və əldə edilən qənimətlər məsələsində hələ qəti bir hökm yox idi. Ona görə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əvvəlcə: – Döyüş vaxtı kim bir müşriki öldürmüşsə, həmin  müşrikin qiymətli əşyaları ona aiddir və ya kimi  əsir almışsa, həmin  əsir ona  məxsusdur, – buyurur. Ancaq döyüş bitdikdən sonra qaçan müşrikləri təqib edənlər qənimət əldə edə bilməmişdilər. Döyüş meydanında qalıb qənimət toplayanlar bunun onların haqqı olduğunu söyləyərkən qaçan müşrikləri təqib edib zəfəri sona çatdıranlar isə bu mallarda onların da haqlarının olduğunu iddia edir və təbii olaraq da bu haqların onlara verilməsini tələb edirdilər. Vəziyyət qarışınca məsələ Allah Rəsuluna çatdırılır. Elə bu zaman Cəbrail məsələnin həll yolunu gətirir və qənimətlərin paylanmasında diqqət yetiriləsi xüsusları Peyğəmbərimizə bildirərək qeyri-müəyyənliyi aradan qaldırır. Buna görə Allah Rəsulu (s.ə.s.) ayə ilə təsbit edilən beşdə bir payı qənimətdən ayırdıqdan sonra qalanını bərabər şəkildə səhabələr arasında bölüşdürür