Səhabələr

Bədrə Doğru

Peyğəmbərlə birlikdə ölümün gözünə dik baxmağın həyəcanı idi bu ifadələr və Rəsulullahı məmnun edirdi. Nur camalı ay işığı kimi parlayırdı. Əvvəlcə Miqdada xeyir-dua edir  və sonra üzünü əshabına tutaraq deyir: – Ey insanlar! Mənə fikrinizi söyləyib yol göstərin! Demək, O (s.ə.s.), bu qərarın sadəcə müəyyən adamlar çərçivəsində olmasını istəmirdi və bunu deyərkən də, xüsusən, ənsarı nəzərdə tuturdu. Çünki ənsar Aqabədə söz verərkən Mədinəni nəzərdə tutmuşdu. İndi isə məsələ Mədinə hüdudundan çıxmış və qızğın bir döyüşə doğru gedirdi. Eyni zamanda ordunun əksəriyyətini də onlar təşkil edirdi. Buna görə çox keçmədən Allah Rəsulu (s.ə.s.): – Mənə fikrinizi bəyan edib yol göstərin, – deyib tələbini təkrarlayır. – Ənsarın adından mən danışacağam, – deyən Sad  ibn  Muaz ayağa qalxır, – yəqin ki, bizi nəzərdə tutursan, ya Rəsulallah. Allah Rəsulu da (s.ə.s.): – Bəli, – buyurur.  Bundan sonra Sad deyir: – Sanki, ənsarın sadəcə öz yurdlarında Sizi qoruyacağına dair bir narahatçılığınız var, ya Rəsulallah! Şübhəsiz ki, mən bu an ənsarın adından danışıb Sizə cavab verirəm, dilədiyin yerə qədər get... İstədiyin adamlarla əlaqə qur, istədiyin adamlarla əlaqəni kəs... Mallarımızdan istədiyin qədər al və istədiyin qədər də bizə saxla. Bil ki, bizi bizdən aldığın bizə saxladığından daha çox məmnun edər. Sənin əmrin gözümüz üstə və əmrini gözləyirik. Daim Səninlə birlikdə olacağıq! Biz Sənə iman edib təsdiq etdik, gətirdiklərinin haqq oldugunu bəyan edib Sənə söz verib and içdik. Ona görə də indi Sən istədiyin yerə yönəl, ya Nəbiyyallah! Biz daim  Səninlə bərabər olacağıq! Səni haqq ilə göndərənə and olsun ki, əgər atını sürüb bu dənizin içərisinə girsən, tərəddüdsüz  biz də oraya at sürər və dənizə girərik! Və inan ki, bu məsələdə bizdən bir adam belə geridə qalmaz! Sabah Sənin bizimlə birlikdə düşmənlə qarşılaşmağın bizi əsla bu yoldan döndərə bilməz. Çünki biz döyüş məsələsində səbirli, düşmənlə qarşılaşanda isə sözümüzün ağasıyıq. Görəcəksən və ümid edilir ki, Allah bizim vəsiləmiz və Rəsulunun da bərəkəti ilə Sənin gözünü aydın edən lütflər göstərəcək! Sanıram ki, indi Allah Sənin qarşına gözləmədiyin bir iş çıxartdı. Sən bizimlə birlikdə, Allahın bərəkəti ilə irəlilə! Şübhən olmasın ki, biz daim Sənin sağ və solunda, ön və arxanda olacaq və Səninlə birlikdə ölənə qədər vuruşacağıq. Demək, əshabın imanı və düşüncəsi yetkin səviyyədə idi və bu səviyyədə dünyanı diz çökdürəcək bir qüvvə gizlənirdi. Belə ki, mənada, mənəviyyatda kök atan bir qüvvə, eyni zamanda maddiyyatın da öhdəsindən gəlməyə yetəcək bir potensial demək idi. Belə ki, Allah Rəsulunun yolunda gözünü qırpmadan və əvəz gözləmədən baş qoyanlara Allahın zəfər vədi var idi. Cəbrail də gəlmiş, bu vədin gerçəkləşəcəyi müjdəsini gətirmişdi. Gələn ayələrdə Uca Allah iki topluluqdan birini müsəlmanlara vəd etdiyini buyururdu. Əlbəttə, burada daha təklükəsiz sayılan karvanı üstün tutmaq insan fitrətinin normal tələbi idi və əshab da başlanğıcda belə düşünürdü. Ancaq Allah (c.c.) əmrləri ilə haqqı üstün tutmaq və şirkin qüvvəsini yox edərək kafirlərin ardını kəsmək istəyirdi. Həm də bu, bir fürsət idi, beləcə haqq olan İslamın adı yüksələcək və batil şirk isə məğlub olacaqdı.[14] Bunun müqabilində Allah Rəsulu  (sallallahu əleyhi və səlləm) əshabına üz tutur: – Allahın bərəkəti ilə haydı irəli! Çünki Allah (c.c.) iki topluluqdan birini Mənə vəd edir. Vallah, indi Mən onların yuvarlandığı yeri görürəm! Artıq qəti qərarla yola düşmüş, Bədrə doğru irəliləyirdilər.