Səhabələr

Ayrılıq vaxtı yaxınlaşarkən…

Qarşısında Məqami-İbrahim, üzü Kəbəyə iki rükət namaz qılır, "Kafirun" və "İxlas" surələrini oxuyur.

Sonra yenə Rüknə gəlib onu istilam edir, ardınca Səfaya yönəlir. Buraya yaxınlaşarkən də "Həqiqətən, Səfa və Mərvə Allahın müəyyən etdiyi əlamətlərdəndir (ibadət nişanələrindəndir). Evi həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, mükafatını alar. Çünki Allah şükrün qarşlığını verir. O, az əmələ çox mükafat verir və hər şeyi bilir"[2] məallı ayələri oxuyur.

Artıq Rəsulullah (s.ə.s.) Quranın göstərdiyi ardıcıllığa əsasən səy etməyi (Səy etmək həcc Səfa və Mərva arasında gedib-gəlmək) Səfadan başlayaraq Mərvə ilə Səfa arasında gedib-gəlirdi! Səfanın üzərinə çıxıb Kəbəyə dönür və təkbir gətirdikdən sonra əllərini qaldırıb dua edir.

Daha sonra üz qoyur Hacuna. Allah Rəsulu orada üç il əshabı ilə birlikdə əzablı günlər yaşamışdı. Əmisi və ən böyük arxa-dayağı olan Əbu Talib burada vəfat etmiş, əziz zövcəsi – iyirmi beş  illik həyat yoldaşı Hz.Xədicə də buradan haqq dünyasına köçmüşdü. Məzarı da orada idi. Vəfa insanı idi Rəsulullah və görünür, əshabına da əhli vəfa olma yollarını göstərirdi.

Ərəfat

Bazar günündən etibarən dörd gün Məkkədə qalan Allah Rəsulu (s.ə.s) əshabı ilə  cümə axşamı quşluq vaxtı Minaya yönəlir. Nəmira adlı yerdə özünə bir çadır qurdurur və burada beş vaxt namazını qılır. Bətni-Vadidən keçib Ərəfata gələndə əshabına xütbə verir. Ətrafında yüz iyirmi min səhabə vardı. Hər biri də Rəsulullahın dediklərini diqqətlə dinləyirdi:

– Ey insanlar! Sözlərimi yaxşı dinləyin! Bəlkə də, bu ildən sonra bir daha sizinlə burada görüşə bilməyəcəyəm!

Heç kim Rəsulullahın (s.ə.s.) dünyadan köçəcəyini ağlına gətirmirdi. Ancaq bunu o gün şəxsən özü xatırladır! Ürəklər yanıb qovrulmuş, hüzn rüzgarı əsməyə başlamışdı qəlblərdə! Belə gözəl günlərin astanasında Rəsulullah ayrılıqdan danışırdı!

– Necə bu günləriniz, bu aylarınız və bu şəhəriniz (Məkkə) sizə müqəddəsdir, canınız, malınız, namusunuz da eləcə müqəddəsdir! Diqqət edin, Cahiliyyəyə dövrünə aid nə varsa, hamısı ayaqlarımın altındadır və aradan götürülmüşdür!

Cahiliyyə dövründəki qan davaları aradan qaldırılmışdır. Aradan qaldırdığım ilk qan davası da Rəbia ibn Harisin qanıdır ki, onu əmizdirilmək üçün Bəni-Sad yurdunda olarkən Hüzeyl qəbiləsi öldürmüşdü!

Cahiliyyə dövründəki faiz də ləğv edilmişdir. İlk ləğv etdiyim sələm də Abbas ibn Abdilmuttalibin alacağı faizdir və şübhəsiz, o, tamamilə aradan qaldırılmışdır!

Qadınlar barədə də daha həssas olun və Allahdan qorxun, çünki siz onları Allahın əmanəti olaraq alıb, Allahın sözü ilə özünüzə halal etdiniz! Onlar üzərində sizin haqqınız, sizin üzərinizdə də onların haqqı vardır. Sizin qadınlar üzərindəki haqqınız xoşlamadığınız adamları izniniz olmadan evə qəbul etməmələridir. Əgər xoşlamadağınız adamı izniniz olmadan evə qəbul edərlərsə, ancaq o vaxt ifrata varmadan cəzalandıra bilərsiniz! Onların dolanışıq və geyimlərini də təmin etmək sizin borcunuzdur!

Sizə elə bir əmanət qoyub gedirəm ki, ona möhkəm bağlandığınız müddətdə Məndən sonra əsla yolunuzu azmazsınız. Bu əmanət Allahın Kitabıdır!

Bunlar Rəsulullahın yoxluğunda sosial sistemin sağlam şəkildə davam etməsi üçün nəzərə alınmalı ən təməl məsələlərdi və Allah Rəsulu (s.ə.s.) vəfatından öncə onlara bu barədə xəbərdarlıq edir, Allah davasının mətin addımlarla gələcəyə doğru addımlamsı, əbədiyyətə qədər var olması üçün ümmətinin diqqətini bu xüsuslara yönəldirdi. Onun bu bəyanlarını Rəbia ibn Ümeyyə kimi insanlar uzaqda duranlara çatdırmaq üçün ucadan təkrar edirdilər! Bunları söylədikdən sonra əshabından soruşur:

– Sabah sizdən Mənim barəmdə soruşacaqlar. Haqqımda necə şahidlik edəcəksiniz?

Səhabələrdə böyük çaşqınlıq vardı:

– Biz şahidlik edərik ki, Sən üzərinə düşən təbliğ vəzifəsini layiqincə yerinə yetirib hamımıza rəhbərlik etdin və nəsihətini də layiqincə əda etdin! – deyə cavab verirlər.

Ərəfat meydanında ucalan bu səs Faran dağlarında əks-səda verir! Onların bu şəhadətini alan Allah Rəsulu (s.ə.s.) şəhadət barmağını səmaya qaldırır:

– Allahım! Sən şahid ol! – deyir və bunu üç dəfə təkrar edir.

Davamı: 1 2 3 4 5 6 7 8