Səhabələr

Bədrə Doğru

Hadisələrin gedişatı Qureyşin Məkkədə böyük bir əməliyyata hazırlaşdığını göstərirdi. Üstəlik qureyşlilər mühacirlərin məcburiyyət qarşısında Məkkədə qoyduqaları mal-mülkü müsadirə etmişdilər. Bunlar arasında ticarət baxımından qiymətli olanları da satmaq üçün Şama aparmaq istəyirdilər. Başqa sözlə, müsəlmanların malını silaha çevirib özlərinə tuşlamaq planları qurulurdu. Karvan min dəvədən ibarət böyük bir sərvət demək idi və içərisində təqribən qırx nəfərin də olduğu bu karvanda[1] əlli min dinarlıq sərvət var idi. Bu sərvət müharibəyə hazırlıq görən Məkkə üçün böyük bir güc demək idi. Və bu güc, həqiqətən, Mədinəyə qarşı istifadə olunacaqdı. Göz görə-görə bir təhlükə gəlirdi və işin qəribə tərəfi də o idi ki, bu təhlükə Mədinə yaxınlığından keçərək Məkkəyə çatacaqdı. Yəni müsəlmanların erkən bir həmlə ilə bu təhlükənin qarşısını almaq imkanları var idi. Hədəfdəki karvan və təqibin nəticələri Əbu Sufyanın başçılığı altında Şama gedən Qureyş karvanı mütləq dayandırılmalı və beləliklə, onların xain planlarını rahatlıqla həyata keçirməsinə imkan verilməməli idi. Bütün diqqət Şamdan gələn xəbərlərin üzərinə cəmlənmişdi. Karvan haqqında məlumat toplamaq və onları yaxından təqib etmək üçün Talha ibn Ubeydullah ilə Səid ibn Zeydin göndərəliməsindən on gün keçmişdi. İndi Mədinə bu karvanın Şamdan geri qayıtması xəbərlərini gözləyirdi. Digər tərəfdən Rəsulullah (sallallahu əleyhi və səlləm) bütün insanlara Allahın adını, İslam dinini çatdırmaq missiyası ilə göndərilmiş bir peyğəmbər idi. Halbuki Məkkə o gün bu dəvətə qarşı çıxdıgı kimi, bu gün də eyni mövqeyi sərgiləyirdi. Bundan başqa, artıq Mədinədə qərar tutan mühacirlərlə dövlət qurmuş Allah Rəsulunu təhdid edir və onların burada möhkəmlənməsinin qarşısını almaq istəyirdilər. Bütün hazırlıqları da bu məqsəd ətrafında idi. Özlərinə görə son dəfə güclü bir zərbə ilə müsəlmanların işini bitirmək planları hazırlayırdılar! Bu məqsədlə bir karvan düzəltmiş, hər kəsin iştirakı ilə ortaqlaşıb döyüş sursatı tədarük etmək üçün yola çıxmışdılar. Zül-Uşeyrə qəzvəsində müsəlmanların təqibindən yaxa qurtarıb qaçmağa müvəffəq olmuş karvan həmin bu karvan idi. Əbu Sufyanın başçılıq etdiyi təqribən min beş yüz dəvədən ibarət olan bu karvanı təxminən qırx nəfər məkkəli idarə edirdi. Xeyrin yoluna səpilən bu tikanlar təmizlənməli və Allah adının yayılmasına qarşı çıxarılan maneələr aradan qaldırılmalı idi. Çünki onlar Allahın dəvətinə yaxınlaşmaq istəyən zəif, çarəsiz insanlara da təzyiq göstərir, onlara imanlarını üzə çıxarmağa imkan vermirdilər. Güclünün tərəfini tutan bəzi insanlar da hadisələri izləyir və imanlarını  şəraitə uyğun göstərmək istəyirdilər. İslamın da izzəti var idi və daima küfrün təzyiqi altında varlığını davam etdirməsi mümkün deyildi. Haqq gücün hakim olduğunu göstərmək zamanı gəlib çatmışdı. Bütün bunları nəzərə alanda bu karvan Məkkəyə çatmamalı idi. Artıq nə olursa-olsun, küfrün həmlələrinə son qoyulmalı və Allahın Nəbisi Müsəlman varlığının ağırlığını Hicazda hiss etdirməli idi. Yollar Bədri göstərirdi. Və Allah Rəsulu da ramazan ayının on ikisində hədəfini açıqlamış və adı çəkilən karvanı dayandıracaq qədər səhabənin Əbu İnəbə quyusunun başında toplanması əmrini vermişdi.[2]