Səhabələr

Bədrə Doğru

Yağış və səkinə (sükunət - könül rahatlığı) Bu vaxt Bədirdə narın bir yağış başlamışdı. Başlayan yağış zəfər öncəsi, sanki, şirin bir ilahi mərhəmətin müjdəsi idi. Möminlər üçün mərhəmətin leysan olub yağacağını müjdələyirdi. Əlbəttə, eyni yağış qarşı tərəfə də yağmışdı, lakin onlar getdikcə şiddətlənən bu yağışdan pərişan olur, palçıqdan  hərəkət edə bilmirdilər. Həm də o axşam könüllərinə mənəvi rahatlıq çökür və əshab mərhəhmət yağışında  yuyunurmuş kimi şirin bir rahatlığa qərq olur. Bu şirin yuxu o günəcən çəkdikləri nə qədər əzab-əziyyəti bütünlüklə unutdurur. Əlbəttə, sabahkı gün üçün gümrah olmaq lazım idi, Allah (c.c.) təlaş və təşviş içində yuxusuz qalıb qüvvələrini zəiflətməmək üçün onlara belə bir nemət bəxş edir. Hətta möminlər üzərlərinə səkinə endikcə ayaq üstə qalmaq üçün qılınclarına söykənir,  amma onları bu vəziyyətdə də yuxu aparırdı. Qarşı tərəfdə savaş hazırlığı görən müşriklər isə get-gedə artan şiddətli yağışın altında, palçıq içində çabalayır, neçə-neçə məşəqqətlə qarşılaşırlar. O gecənin səhəri Allah Rəsulu (s.ə.s.) hələ müşrik ordusu gəlib yerləşməmiş Bədirdə əshabını toplayır və döyüş  cərgələrinə düzür. Buradan aydın olur  ki, görünüşə də önəm verirdi. Çünki bu da bir taktika idi, xüsusən, bir balaca irəli və ya arxaya çıxanlara xəbərdarlıq edir və cəgələrin düzgünlüyü təmin edib nizami bir görünüş hazırlayırdı. Rəsulullah (s.ə.s.) bu əsnada səflər arasından bir nəfərin azacıq önə çıxdığını görür və yanın gəlib əlindəki oxla bu səhabənin qarnına yüngülcə toxunur və: – Sən də sıraya gir, ey Sevad, – buyurur. Sevad ibn Qaziyyə sıraya girir, amma arxadan: –Ya Rəsulallah, – deyə səslənir, – mənə əziyyət verdin. Səni haqq ilə göndərənə and olsun ki, eyni şəkildə qisas istəyirəm! Səs gələn səmtə yönələn Peyğəmbərimiz  (s.ə.s.) heç tərəddüd etmədən qarnını açır  və: – Onda  isə gəl qisas al, – deyib vursun deyə Sevada yaxınlaşır. Bədir əshabı təəccüb içində baş verənləri izləyirdi. Allah Rəsulunun bu davranışı qul haqqı məsələsində hər kəsə böyük bir dərs verirdi. Hamının diqqətlə baxdığı  Sevad öncə əyilib Rəsulullahın qarnından öpür və boynuna sarılır. Buna binaən Rəsulullah (sallallahu əleyhi və səlləm) soruşur: – Niyə  belə  bir  iş  gördün, ey Sevad? – Ya Rəsulallah! Gördüyün kimi, döyüş qapınının astanasındadır və mən ölməyəcəyimdən əmin deyiləm! İstədim ki, tənimin mübarək vücudunuza toxunması dünyada son nəsibim olsun və Allah hüzuruna bununla gedim! Rəsulullahla vəhdət olmağın, bütünləşməyin, Onun sevgisi ilə alışıb yanmağın və eyni zamanda, Onun sevgisinə qarşılıq əshabın coşqun sevgisinin ünvanı idi bu. Bu hərəkət də cavabsız qalmır  və  Allah Rəsulu Hz. Sevada  iltifat göstərib xeyir-dua edir. Bu vaxt şiddətli külək başlayır və bir müddət sonra kəsir. Çox keçmədən ikinci bir külək, bunun ardınca isə üçüncü bir külək əsir, ardınca sakitlik çökür. Demə, birinci küləklə Cəbrail, ikinci küləklə Mikail, üçüncü küləklə isə İsrafil (ə.s.) – hər biri min mələklə möminlərə köməyə gəlir. Deməli, yerdəkilər Rəbbi razı edəcək keyfiyyəti əldə edib Onun adını ucaltmaq naminə vəzifələrini qüsursuz yerinə yetirəndə səma əhli də buna etinasız qalmır və xeyir yolçularının köməyinə yetişir. Mikail və yanındakı min mələk Allah Rəsulunun (s.ə.s.) sağ tərəfinə, İsrafillə olan min mələk də sol tərəfinə keçib səf tutur. Özlərinə məxsus görünüşləri vardı: yaşıl, sarı və qırmızı sarıqlarını başlarına sarımış, bir ucunu da bellərindən aşağıya doğru sallamışdılar. Atlarının alnında yundan nişanə vardı.[17] Böyük və ağ bayraq mühacirlər adından Musab ibn Ümeyrə verilmişdi. Bununla bərabər, ənsarı təmsil edən iki bayraq da var idi, Xazrəcin bayrağını Hubab ibn Münzir, Əvsin bayrağını Sad ibn Muaz aparırdı.[18]Allah Rəsulu (s.ə.s.) mühacirlərə "Ya Bəni-Abdirrahman", Xazrəcə "Ya Bəni-Abdillah" və Əvsə isə "Ya Bəni-Ubeydillah" parolunu təyin etmişdi. Hamının istifadə etdiyi ümumi parol isə "Ya  Mənsur  öldür!"[19]şəklində idi.