Səhabələr

Bədrə Doğru

Müşrik cəbhəsinin vəziyyəti Bu ərəfədə müşriklər möminlər haqqında daha aydın və dəqiq məlumat toplamaq üçün Ümeyr ibn Vəhbi göndərmişdilər. Təpəyə çıxıb Müsəlman cəbhəsini görən Ümeyr geri qayıdarkən sevinə-sevinə deyirdi: – Onlar üç yüz nəfərə yaxındır. Yetmiş dəvə, iki baş da atları var! Ancaq mənə bir az da vaxt verin, bundan başqa qüvvələrinin olub-olmamasını da öyrənim! Atını minib vadini dolaşan Ümeyr geri qayıdır və Qureyşə  səslənir: – Heç bir şey görmədim. Fəqət, ey Qureyş xalqı! Sahibsiz dəvələrin ölüm daşıdıqlarını... Yəsrib dəvələrinin qaçılmaz sonluğu hazırladığını görürəm! Onların qılıncdan başqa özlərini qoruyan nə bir sığınacağı, nə də bir mühafizəçisi var. Görmürsünüzmü, sanki, nitq qabiliyyətini itirmiş, səslərini də çıxarmırlar! Ancaq əjdahalar kimi ovlarını yaxalamaq üçün fürsət gözləyirlər!  Allaha and olsun ki, onlardan öldürülən hər adamın əvəzində sizdən bir nəfər mütləq öldürüləcəkdir. Sizdən bu qədər adam öləndən sonra yaşamağın nə xeyri var? Amma əsas fikir sizin öz fikrinizdir və bu şərtləri nəzərə alıb öz qərarınızı özünüz verin! Bu, Qureyş üçün ən kritik an idi. Bəzi insanlar onsuz da vuruşmaq istəmir və geri qayıtmaq üçün planlar qururdu. Ümeyrin sözləri də belə düşünənlərin hərəkətə gəlməsinə səbəb olur. Buna müxalif olanlar isə onun yanlış məlumat topladığını iddia edir və israrla başqa bir adamın göndərilməsini istəyirlər. Və nəhayət, Əbu Sələmə əl-Cüşəmini göndərmək qərarına gəlirlər. Əbu Sələmə gedib-gəldikdən sonra deyir: – Vallah, mən də o qədər böyük güc və qüvvə, silah və təhcizat və ya əhəmiyyətli bir süvari birliyi görmədim, fəqət ev-eşiyinə dönməyi beyinlərindən silmiş və gözü arxada qalmayan bir birlik gördüm! Qılnclarından başqa heç bir sığınacaq və onları qoruyacaq  heç bir köməkçi olmasa da, ölümə getməyə hazır olan bir topluluq! Çaxmaq daşları kimi mavi gözlər! Artıq qərarınızı özünüz verin! Əbu Sələmənin qənaəti Ümeyrinkindən fərqlənmirdi. Bunları dinləyən Hakim ibn Hizam dərhal Utbə ibn Rəbiənin yanına gedir və: – Ya Əbal-Vəlid! Şübhəsiz ki, sən Qureyşin böyüyü və rəhbərisən, bu məsələdə sənin sözün eşidilər. Dünya durduqca xeyirlə yad ediləcək bir iş görmək istəməzsənmi? Belə mühüm bir işi kim etmək istəməzdi ki! Bunu eşidən Utbə dərhal üzünü Hakim ibn Hizama tutub: – Nə demək istəyirsən, ey Hakim? – deyə soruşur. – Müttəfiqin Amr ibn Hadraminin işini öhdənə götür və insanları yollarından geri qaytar! –Yaxşı, edərəm, amma sən də mənə kömək elə! Düzdür, o, mənim müttəfiqimdir, onun qan pulunu ödəmək və ələ keçirilən mallarını geri qaytarmaq mənim boynuma! Sən də İbnül-Hanzaliyyənin[23] yanına get, çünki ondan başqa heç kim insanların geri qayıtma fikrinə qarşı çıxmaz! Bu söhbətdən sonra Utbə insanlara səslənir: – Ey Qureyş xalqı! Allaha and olsun ki, siz Məhəmməd və əshabına qarşı çıxmaqla yaxşı iş görmürsünüz. Vallah, əgər Onunla döyüşüb Onu məğlub etmiş olsanız belə, sabah əmi və ya dayı oğlunun və ya qohum-əqrabalarından birini öldürən hansı adam insanlar arasına çıxa, bir-birinin üzünə baxa bilər! Ən yaxşısı, siz dərhal bu işdən vaz keçib geri qayıdın və Məhəmmədlə ərəblər arasına girməyin! Əgər onlar Onu məğlub etsələr, onsuz da bu, sizin də istədiyiniz bir şeydir!  Yox, əgər bunun əksi olarsa, o zaman da siz Ona toxunmadığınız üçün Ondan sizə zərər gəlməz! Şübhəsiz, mən bu anda ölüm üçün can atan insanlar görürəm, sizin onları məğlub etməyiniz mümkün deyildir! Nə qədər iş işdən keçməyib, bu xeyirli qərarı siz verin! Ey qövmüm! Bu gün istəyirsinizsə, bu işi mənim üzərimə atın və "Utbə qorxdu!" deyin, ancaq siz də bilirsiniz ki, mən əsla sizin ən qorxağınız deyiləm! Dəvəsinin üstündə oturub Qureyş ordusunu geri qayıtmağa çağıran Utbəni uzaqdan görən Allah Rəsulu (s.ə.s.) üzünü əshabına tutub deyir: – Əgər orada insanlar arasında bir nəfərdə xeyir varsa, o da bu qızıl dəvənin üstündəki adamdadır, əgər onun dediyini etsələr, ən düzgün yolu seçmiş olarlar! Ümidlənmişdi Rəsulullah. Deməli, hər şeyə rəğmən, müşriklərin arasında tam ittifaq yox idi. Sonra Hz.Əliyə səslənərək: – Həmzəni yanıma çağır, – buyurur. Hz. Həmzə bu vaxt düşmənə yaxın bir yerdə idi və Rəsulullahın buyruğunu eşidən kimi özünü təngnəfəs hüzura çatdırır. Allah Rəsulu ondan qarşı tərəfdə qızıl dəvənin belində insanları geri qaytarmağa çalışan adamın kim olduğunu soruşur. Həmin vaxt Hakim ibn Hizam da zirehini hazırlayıb qılıncını itiləməklə məşğul olan Əbu Cəhlin yanına gedir, Utbənin də salamını söyləyib son qərar haqqında danışmağa başlayır. Əbu Cəhil hövsələdən çıxır: – Görünür, Məhəmməd və yoldaşlarını görən kimi yaxşıca tilsimə düşüb, – deyir,– vallah, Allah Məhəmmədlə aramızdakı hökmü verənə qədər əsla bu yoldan dönməyəcəyik! Əslində, Utbə bunları Əbu Cəhlə söyləməzdi, amma Hz. Məhəmməd və əshabının bir dəvənin əti ilə doyacaq qədər az olduğunu görüb onların arasında olan oğlunun başına bir şey gəlməsindən qorxurdu! Geri qayıtma ehtimalının gündəmə gəldiyi bir vaxtda Əbu Cəhil, təbii ki, bununla razılaşmır və yenə də "əbucəhlliy"ini göstərir. Qəzəblə yerindən qalxır və Abdullah  ibn Cahş səriyyəsi zamanı qardaşı öldürülən Amr ibn Hadramini yanına çağırır. Hər kəs bu işin nə ilə qurtaracağını səbirsizliklə gözləyir. Əbu Cəhil yanına gələn Amirə Nəhlədə öldürülən qardaşı Amrı xatırladır  və: – Bu da sənin müttəfiqin Utbə. İnsanları döyüşdən döndərmək istəyir! Gəl indi başımıza gələnləri öz gözlərinlə gör, – deyərək ondan  xahiş  edir ki, bərkdən ağı desin.