Səhabələr

Bədrə Doğru

– Ya Rəsulallah! Rəbbinə yalvararkən özünü bu qədər yorub həlak etmə! Həm də artıq bəsdir, ya Rəsulallah! Rəbbinə qarşı bu qədər israrlı olma! Şübhəsiz ki, Allah (c.c.) Sənə olan vədini yerinə yetirəcəkdir! Doğru idi, Allah (c.c.) vədinə xilaf çıxmaz və mütləq yerinə yetirərdi. Bədirdə zəfər qazanmaq da Onun vədləri arasında idi. Ancaq bu Allaha aid xüsusiyyət idi və insanları rahatlığa sövq etməməli idi. O (s.ə.s.), sadəcə bəyanları ilə deyil, eyni zamanda hal və hərəkətləri ilə də ümmətinə dərs verirdi. Göründüyü kimi, bu cür vəziyyətlərdə belə səhlənkarlığa yol verilməməli və söhbəti-canan, Allahla irtibat məsələsindəki  həssaslıq  əsla  itirilməməliydi! Peyğəmbərimiz bütün varlığı ilə ümmətinə dua edirdi. İbn Məsud kimi səhabələr Bədir günü Rəsulullahın (s.ə.s.) Rəbbi ilə münasibətini yaxından müşahidə etmiş və bu vaxta qədər belə bir yaxınlıq anına şahid olmadıqlarını demişdilər.[25] Allahın vədi vardı və Rəsulullah ( s.ə.s.) üzünü Abdullah ibn Rəvaha tutub: – Ey ibn Rəvaha! Şübhəsiz ki, Mən vədini tələb etmək məsələsində Allaha niyaz edəcəyəm! Çünki O (c.c.), vədindən əsla dönməz! Çox keçmir ki, mübarək üzünə qonan sevinclə ətrafındakılara yönəlir. Nəbəvi sima ay parçası kimi parlayırdı: – Müjdələr olsun, ey Əbu Bəkir, – deyir, – bu da Cəbrail! Başında sarı sarıqla səma ilə yer arasında atını mahmızlayıb gözləyir! Yer üzünə enincə onu bir ara gözdən qaçırtmışdım, daha sonra yenidən Bədir təpələrində göründü və Mənə "Sənin dualarına müqabil Allahın nüsrəti (köməyi) gəldi," – deyir. Eyni zamanda Cəbrail qiyamətə qədər gələnlərə rəhbərlik naminə: "Xatırlayın o günü ki, sizlər Rəbbinizdən dua ilə yardım istəyirdiniz. O da: "Mən sizə ard-arda gələn min mələklə kömək edəcəyəm", – deyə dualarınızı qəbul buyurmuşdu"[26] məalındakı  ayəni gətirir və beləliklə, Bədirdəki ilahi inayəti hər kəsə çatdırmış olurdu. Çadırından çıxan Rəsulullah (s.ə.s.) sevinir, bir tərəfdən də əshabı ilə bu ayəni bölüşürdü: "(Bədir vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxaya çevrilib qaçacaqdır! Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir)."[27] Artıq Bədir düzünü atların kişnərtisi, qılıncların şaqqıltısı bürümüşdü. Allahın ayələri və nüsrəti ilə mənən qüvvətlənən müsəlmanlar daha inamlı idilər; onların nəzərində qarşı tərəfin gücü tamamilə azalmış, qarşı tərəfin nəzərində isə Rəsulullah və əshabın qüvvəsi daha da artmışdı.[28] Qısa zamanda əshab arasında yayılan bu xəbərlər üzləri güldürür. Peyğəmbərimizin bir müjdəsi də vardı; üzünü əshabına tutub buyurur: – Sanki, bu gün axşam hansı müşrikin harada öldürüləcəyini indidən görürəm! O gün Rəsulullah (s.ə.s.) yalnız  müsbəti tələb etmirdi, eyni zamanda  mənfiyə  dayaq olanlar barəsində də dua edir və dualarında qureyşi körükləyib üstlərinə göndərən küfr başçılarını xatırlayaraq Allaha həvalə edirdi. Bunlar Əbu Cəhil, Ümeyyə ibn Xələf, Rəbiənin oğlu Utbə və Şeybə qardaşları və Uqbə ibn Əbu Muayt olmaqla yeddi nəfər idi. O qədər ürəkdən dua edib yalvarmışdı ki, təkcə Onun bu duası belə Bədir döyüşünü müsəlmanların lehinə çevirə bilərdi. Hətta Allaha həvalə etdiyi bu yeddi nəfərin cansız bədəninin harada olacağını əshabına nişan verir və beləliklə, hələ döyüş başlamazdan əvvəl nəticəni  göstərib onları ruhlandırırdı. Şəxsən Özü də qılınca qurşanmış və döyüş vəziyyətini almışdı. Düşmənlə ilk təmasın astanası idi. Bu arada mübarək əli ilə bir ovuc torpaq götürüb düşmənə tərəf atır: – Üzləri qara olsun, – buyurur. Ovcunda qalan toz-torpağı da onlara tərəf üfləyir. Sonra da əllərini açıb: – Allahım! Onların qəlbinə qorxu sal və ayaqlarını büdrət, – deyə dua edir. Və son dəfə əshabına doğru yönəlib: – Haydı, cərgələrinizi sıxlaşdırıb bir-birinizə dayaq  olun, – deyə əmr edir.