Səhabələr

Bədrə Doğru

İlk qığılcım Müşriklərin arasında Əsvəd ibn Əsəd adında ədəbsiz, bədxasiyyət bir adam var idi və həmin adam irəli çıxıb bunları deməyə başlayır: – Allahın adına and olsun ki, ya sizin bu hovuzunuzdan su içəcəyəm, ya da onu darmadağın edəcək və ya bu iş uğrunda öləcəyəm! Bunları deyə-deyə hovuza doğru qaçmağa başlayır. Sürətlə yaxınlaşır. Əllər qılınclara uzanır və bir anda müharibənin soyuq üzü hər kəsə sirayət edir. Belə ki, bu döyüşün ilk qığılcımı demək idi. Meydan oxuyub üstlərinə hücum çəkən  bu adama həddini bildirmək lazım idi və Hz. Həmzə irəli atılıb hovuza çatmamış işini bitirmək istəyir. Elə ilk həmlədə ayağı kəsilir və üzüüstə yerə yıxılır. Hətta bu vəziyyətdə belə hovuza doğru sürünməyə və onu dağıtmağa çalışır. Ayağından axan qanla suyu kirlədir, o biri ayağı ilə də hovuzu müəyyən qədər dağıdıb suyundan da içir. Özünə görə, hər kəsin hüzurunda verdiyi sözü yerinə yetirirdi! Bu an Hz. Həmzə ikinci dəfə həmlə edir və tərəfləri təhrik edib vuruşdurmaq  üçün özünü qılınc zərbələrinə təslim edən Əsvədi öldürür. Quyularının bağlandığını görən bəzi müşriklər də suyun olduğu tərəfə gəlməyə başlayırlar. Onların gəlişini görən bəzi səhabələr oxlarını hazırlayıb atmaq istəyəndə Allah Rəsulu (s.ə.s.): – Onları buraxın, – buyurur.[29] Bu arada müşrik Ümeyr ibn Vəhbin atdığı ox Hz. Ömərin azad etdiyi Mihcə ibn Aişə sancılıb onu şəhid edir. Döyüşdə fərdlərin səyləri, əlbəttə, çox önəmlidir, ancaq bu səylərin birləşdirilib istifadə edilməsi daha əhəmiyyətlidir. Ona görə də Rəsulullah (s.ə.s.) əshabına səslənir: – Mən sizə izin vermədikcə, əsla döyüşə başlamayın! Ancaq sizə yaxınlaşdıqları halda onlara ox atın! Onlar sizə yaxınlaşıb hücum etmədən qılınca əl atmayın və onları öncə oxlarınızla qarşılayın! Eyni zamanda bu, məhdud imkanlardan ən səmərəli şəkildə istifadə etmək demək idi. Bir azdan Hz.Əbu Bəkir Rəsulullaha deyir: – Ya Rəsulallah! Artıq onlar bizə çox yaxınlaşıb və hətta bizə zərər yetirməyə başlayıblar!