Səhabələr

Bədrə Doğru

Mübarizə Hz. Əbu Bəkrin də söylədiyi kimi iki ordu üz-üzə gəlir: Rəbiənin oğulları Utbə və Şeybə qardaşları ilə Vəlid ibn Utbə irəli çıxıb möminlərdən vuruşmağa igid istəyirlər.[30] Bu həm də meydan oxumaq demək idi! Atası Utbənin önə çıxaraq Peyğəmbərimizə meydan oxuyurcasına hayqırdığını görən Əbu Huzeyfə qılınc çəkib irəli atılmaq istəyir, lakin Allah Rəsulu (sallallahu əleyhi və səlləm) müdaxilə edib onu geri çəkir. Müşrik də olsa, belə bir şəraitdə ataya qılınc qaldırılmamalı idi. Bu dəfə də ənsardan Afra binti Ubeydin oğulları Avf və Muaz qardaşları və Abdullah ibn Rəvaha irəli çıxır. Ancaq Rəsulullah (s.ə.s) müşriklərlə ilk qarşılaşma yeri olan Bədirdə ənsarı qabağa vermək istəmirdi. Çünki Qureyşin əsl hədəfi ənsar deyildi. Buna görə də onların geri çəkilməsini tələb edir. Müşriklər bunu da öz xeyirlərinə yozurlar və: – Ya Məhəmməd, bizim qarşımıza yalnız öz qövmümüz arasından, bizə tay insanlar çıxar, – deyə çığırırlar. Bunun cavabında Rəsulullah (s.ə.s.): – Ey Haşimoğulları, – deyə səslənir, – qalxın və Allahın nurunu söndürmək istəyən bu batil güruhla Nəbinizi haqq ilə göndərən Allah haqqı naminə vuruşub, onlara döyüşün nə olduğunu göstərin! Ünvan dəqiqləşmiş, mübarək gözlər də onlara dikilmişdi. Hz. Həmzə,  Hz. Əli və Peyğəmbərimizin əmisi oğlu Hz. Ubeydə ibn Haris gərilmiş yaydan çıxan ox kimi irəli atılır. Əyinlərində qar kimi ağ libaslar var idi, rəqib gözləyən müşriklər onları tanımır. Utbə soruşur: – Siz kimsiniz? Danışın və özünüzü bizə tanıdın! – Mən Abdulmuttalibin oğlu, Allah və Rəsulullahın da aslanı Həmzə, – deyir Hz. Həmzə ürəklərə qorxu salan bir səslə. Utbə də söz altında qalmaq istəmirdi: – Mən də dostlarımın aslanıyam, – deyir və sonra onun özünə bərabər bir döyüşçü olduğunu söyləyib əlavə edir: – Yaxşı bəs yanındakı o iki nəfər kimdir? – Əli ibn Əbu Talib və Ubeydə ibn Haris ibn Adulmuttalib, – deyə Hz. Həmzə cavab verir. Bunlar da uyğun insanlardı, bundan sonra Utbə Vəlidə səslənərək deyir ki, ilk vuruşmanı o başlasın. Vəlidin qarşısına Hz.Əli çıxır. İki sürətli qılınc zərbəsi Vəlidin işini bitirməyə kifayət edir! Hamı bir-birinə baxır. Çünki döyüş başlamadan bitmiş, Vəlidin cansız vücudu yerə sərilmişdi. Düşmən sarsılır. Vəziyyət çətinləşmişdi. Heç olmasa, ikinci həmlədə qalib gəlməli və ordunun pozulan əhvali-ruhiyyəsini yenidən bərpa etməli idilər. Beləcə bu dəfə Utbə özü irəli atılır. Qarşısında Hz. Həmzə dururdu. Qılıncların toqquşması ilə Utbənin yerə sərilməsi bir olur. Artıq onun da cansız bədəni yerdə yatırdı. Növbə Utbənin qardaşı Şeybəyə çatır. Nə qədər sarsılsa da, böyük qardaşının intiqam hissi ilə alışıb yanırdı. Qılıncını çəkir və Hz.Ubeydənin üstünə yeriyir. O gün əshab arasında ən yaşlı adam Ubeydə ibn Haris idi. Buna görə döyüş bir qədər uzanır. Hətta Hz.Ubeydə də yaralanır; ayağını parçalayan qılınc zərbəsi ilə sarsılınca Hz.Həmzə və Hz.Əli araya girir və Şeybənin də işini bitirirlər. Ayağı kəsilən Hz. Ubeydəni Hz. Həmzə və Hz. Əli öz çiyinlərində Rəsulullahın hüzuruna gətirir. Qan itirirdi. Allah Rəsulu (s.ə.s.) ayağını yerə uzatdırır və ona təsəlli verməyə başlayır. Ancaq onu nə kəsilən ayağı, nə də qan itirib halsız düşməsi düşündürürdü: – Ya Rəsulallah, – deyir, – əgər Əbu Talib yaşasa idi, bu gün mənim onu haqlı çıxardığımı görəcəkdi! Bunula əmisi Əbu Talibin hələ o günlərdə söylədiyi bir şeiri xatırlayır və öz üzərinə düşəni yerinə yetirdiyini demək istəyirdi.[31] Allah Rəsulu (s.ə.s.) əmisi oğlu Ubeydə ibn Harisə necə təsəlli verəcəyini yaxşı bilirdi və ona müjdə verir: – Mən şahidəm ki, sən şəhidsən!