Səhabələr

Bədrə Doğru

Və döyüş... Məhz bu vaxt döyüş başlayır. Məkkə qəti və son hücumla müsəlmanların işini bitirmək üçün səfərbər olur, müsəlmanlar isə on beş illik əzab-əziyyətlərinin sona çatması amacı ilə küfrün səsini kəsib imanın yenilməzliyini göstərməklə Allahın adını cahanda hakim etmək uğrunda  vuruşurdu. Məkkəlilərin nəzərə almadıqları xüsuslar var idi: hər şeydən əvvəl mühacirlər onların təxmin etdiyi insanlar deyildi. Döyüşün tələblərini yerinə yetirən bu insanlar eyni zamanda, güclü, qarşısıalınmaz imana sahib idilər və bu iman gücünün qarşısında dayanmaq mümkün deyildi. Savaşdan sonra sağ qalanların danışdığı kimi, o gün döyüş elə sürətli cərəyan etmişdi ki, hansı başı kimin qılıncının kəsdiyini, hansı qola kimin qılınc vurduğunu izləmək mümkün olmamışdı.[32] Şübhəsiz, ən öndə vuruşan Allah Rəsulu (s.ə.s.) idi. Daha sonralar Hz.Əli bunu belə ifadə etmişdi: – Bədir döyüşündə biz Rəsulallaha sığınmaqla özümüzü təhlükəsiz hiss edirdik. Həmin gün O (s.ə.s.), müşriklərə ən yaxın yerdə döyüşür və insanlar arasında döyüşün haqqını da ən çox O verirdi. Deməli, dua və təzarru (qüsurlarını bilib təvazö ilə yalvarmaq) ilə yanaşı, vücudun da haqqını verir və bir tərəfdən insanlar təşviq edərkən, digər tərəfdən də necə döyüşməyi ümmətinə göstərməklə iki məqamı birləşdirirdi. Bir ara Rəsulullahın (s.ə.s.): – Genişliyi dünya və səmalar qədər olan cənnəti qazanmaq üçün yarışın! Nəfsim (vücudum) qüdrət əlində olan Allaha and olsun ki, bu gün burada ancaq Allah rizasını hədəf götürüb səbirlə və geri dönməyi düşünmədən ancaq hücum edərək döyüşüb şəhid olanı Allah (c.c.) mütləq cənnətə aparacaq, – dediyini  eşidirlər. Bu vaxt Ümeyr ibn Humam bir kənara çəkilib aclığını ötürmək üçün xurma yeyirdi. Rəsulullahın səsini eşidən kimi: – Bax... Bax... Ya Rəsulallah! Genişliyi dünya və səmalar qədərmi? – deyə soruşur. Allah Rəsulu (s.ə.s.): – Bəli, – deyir. – Yəni indi mənimlə cənnət arasında onların məni məni öldürməsi durur, eləmi?! Sonra da əlindəki xurmalara baxaraq: – Siz Rəbbimə qovuşmağıma əngəl olursunuz, – deyir və əlindəki xurmaları bir kənara atıb qılıncına yönəlir. Onu götürən kimi düşmən içərisinə soxulur və gözdən itir.[33] Hz. Ömər Allah Rəsuluna yaxınlaşarkən Onun çevik hərəkətlərlə düşmənin canına qorxu sala-sala "(Bədir vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!"[34] ayəsini oxuduğunu eşidir. Öz-özünə düşünür; əgər Allah və Rəsulu bunu söyləyirsə, mütləq Məkkə müşrikləri bu gün məğlub olub qaçacaq! Əbul-Bəxtəri Döyüş əsnasında səhabə Mücəzzər ibn Ziyad Rəsulullahın aman verdiyi məkkəlilərədən biri olan Əbul-Bəxtəri ilə qarşılaşır. Əshab verilən təlimata əməl etməkdə o qədər həssas idi ki, Hz.Mücəzzər döyüşün ən qızğın anında belə Əbul-Bəxtəriyə səslənir: – Rəsulullah bizə səni öldürməyi qadağan etdi! Bunu eşidən Əbul-Bəxtəri bir qədər rahat nəfəs alır. Ancaq o, tək deyildi. Məkkədən bu yana yol yoldaşı olan dostu Cünadə ibn Müleyhə də onunla birlikdə idi və: – Yaxşı, bəs dostumun vəziyyəti necə olacaq? – deyə soruşur. Hz.Mücəzzər: – Dostun üçün belə bir aman yoxdur! Vallah, biz dostunu sağ buraxmayacağıq! Rəsulallah ancaq səninlə bağlı təlimat verib, – deyə cavab verincə Əbul-Bəxtəri: – Elə isə mən də dostumu tək buraxa bilmərəm! Vallah, öləcəyəmsə, onunla birlikdə ölərəm! Çünki sonra mənim üçün Məkkə qadınları: "Canını qurtarmaq üçün dostunu tək buraxdı," –  deyərlər! – deyib qılıncını yelləməyə davam edir. Sonra da əlavə edir: – İbn Hurrə (özünü nəzərdə tutur) ya sağ-salamat yoluna davam edəcək, ya da ölənədək dostundan keçməyəcəkdir! Və aralarında yenidən mücadilə başlayır. Əbul-Bəxtəri bütün gücü ilə qılınc çalırdı. Nəhayət, Hz.Mücəzzərin qılınc zərbəsi ilə yerə sərilir. Mücəzzər ibn Ziyad nə edəcəyini bilmirdi. Bir tərəfdən sevinmək istəyirdi, çünki küfrün bir əsgəri də öldürülmüşdü. Ancaq qəlbini üzüntü bürüyür, çünki Allah Rəsulunun: "Öldürməyin!" – deyə buyurduğu bir adamı həlak etmişdi! Nəhayət, boynubükük hüzura gəlir, hər halından xəcalət çəkdiyi görünürdü. Rəsulullahı vəziyyətdən xəbərdar etmək üçün səsini qısır: – Ya Rəsulallah, Səni haqq ilə göndərənə and olsun ki, onu əsir edib Sənə gətirmək üçün çox çalışdım, ancaq bununla razılaşmadı və döyüşərək ölməyi üstün tutdu. Mən də onu öldürmək məcburiyyətində qaldım.