Səhabələr

Bədrə Doğru

Əbu Cəhlin sonu İki cavan ön sıralarda vuruşan Əbdürrəhman ibn Avfın yanına gəlir. Bunlar Muaz ibn Amr ibn Cəmuh və Muaz ibn Afra adlı iki ənsar idi. Bığ yeri yeni tərləmiş bu gənclər karvanı təqib etmək üçün Mədinədən yola düşərkən, görünür, geri qaytarılmaqdan zorla qurtulub buraya qədər gəlib çıxa bilmişdilər. Hətta sağ və sol tərəfində bu iki igidi görən Hz.Abdürrəhman onların əvəzinə yanında daha təcrübəli insanların olmasını təmənna edir. Ancaq gənclərin dərdi onunla birlikdə vuruşmaq deyildi. Biri sakitcə ona yaxınlaşır və yanındakı dostunun da eşitməməsi üçün pıçıltı ilə soruşur: – Ay əmi! Sən Əbu Cəhli tanıyırsanmı? – Bəli, tanıyıram, – deyir Abdürrəhman ibn Avf və soruşur: – Yaxşı, bəs sənin Əbu Cəhillə nə işin var, ay qardaşoğlu? – Rəsulullaha küfr etdiyini eşitdim. And içmişəm, onu görən kimi öldürəcəyəm. O, Abdürrəhman ibn Avfa bunları deyərkən o biri dəliqanlı da arxadan ətəyini çəkir və o da buna bənzər suallar verib gizlicə Əbu Cəhli soruşur. Abdürrəhman ibn Avf bu iki cavanın istəkləri qarşısında təəccübünü gizlədə bilmir, amma yenə də: − Baxın sizin məndən soruşduğunuz adam odur, – deyir və şeir deyə-deyə vuruşan Əbu Cəhli göstərir. O, barmağını qaldırıb işarə edər-etməz hər iki gənc yaydan çıxan ox kimi Əbu Cəhlə tərəf şığıyır. Abdürrəhman ibn Avf gəncləri heyranlıqla seyrə edir. Camaat: – Bu gün Əbu Cəhlin yanına heç kim yaxınlaşa bilməz, – deyirdi, amma gənclər çoxdan onun yanında idilər və onların getməsi ilə Əbu Cəhlin yerə sərilməsi bir olur. Hər ikisi birdən hücum etmişdi; Əbu Cəhil qılınc zərbələri altında torpağa düşmüş, can verirdi. Sevinclə hüzura gəlirlər, onlar üçün bir Allah düşməni də məhv edilmişdi və bundan böyük müjdə ola bilməzdi. İndi bu müjdəni Allah Rəsulu ilə bölüşmə vaxtı idi və gəlib ümmətin fironu Əbu Cəhli öldürdüklərini söyləyirlər. Onların həyəcanına xüsusi dəyər verən Allah Rəsulu (s.ə.s.): – Yaxşı, onu hansınız öldürdü, – deyə soruşur. Hər ikisi də: – Onu mən öldürdüm,  – deyir. Bu dəfə də onlardan: – Qılınclarınızdakı qanı sildinizmi? – deyə soruşur. – Xeyir, ya Rəsulullah, – cavabını verirlər. Hər ikisi də qılıncını çıxarıb Əbu Cəhli öldürdüyünü isbat etmək üçün Rəsulullaha göstərməyə çalışır. Allah Rəsulu (s.ə.s.) qılınclara diqqətlə baxır və: – Onu ikiniz öldürmüşsünüz, – buyurur. Muaz ibn Afra küfr ordusunu İslama qarşı yönəldib Bədrə qədər gətirən belə bir adamı öldürməsinin həzzi ilə hüzurdan ayrılanda qolundakı qılınc yarasını hiss etməmişdi. Qan itirirdi. Demə, Əbu Cəhlə qılınc endirərkən onun oğlu İkrimə də Muazı qolundan yaralayıbmış. Əbu Cəhil yıxılmışdı, amma hələ də yaşayırdı. Artıq döyüş bitmişdi. Rəsulullahın təlimatı ilə səhabələr savaş meydanında dolaşıb nəticəni görmək istəyirdi. Hətta Əbu Cəhlin də ölülər arasında olub olmadığını Peyğəmbərimiz xüsusilə soruşur və əgər tanıya bilməsələr, ayağındakı bir yaradan bəhs edərək ona baxmağı məsləhət görür. Belə ki, Hira vüslətindən öncə Abdullah ibn Cudanın evində olarkən Əbu Cəhil aranı qarışdırmış və Rəsulullah da onu yerə sərmişdi. Bu hadisədən sonra Əbu Cəhlin dizində yara əmələ gəlmişdi. Bu gün Allah Rəsulu (s.ə.s.) həmin yaranın izini xatırladırdı. Abdullah ibn Məsud Əbu Cəhli görəndə son nəfəsi idi.. Üzünü dəbilqə ilə örtmüş, qılıncını da dizinin üstünə qoymuşdu. Hərəkət etməyə taqəti yox idi və üzü yerə baxırdı. Ancaq hələ də nəfəsi gedib-gəlirdi. Əvvəlcə qılıncı qaldırıb işini bitirmək istəyir. Ancaq bu, onun üçün asan ölüm olardı. Əbu Cəhil məğlubiyyəti iliklərinə qədər yaşamalı idi. Bir də illər öncə ona qarşı etdiyi təhdidləri xatırlayır. Məkkənin o sıxıntılı günlərində: "Səni mütləq öldürəcəyəm," – deyə İbn Məsudu hədələyirdi.