Səhabələr

Bədrə Doğru

Geri qaytarılanların kədəri Qureyş karvanının Şamdan çıxması xəbərini alan kimi ordunun toplanması əmrini verən Allah Rəsulu (s.ə.s.) belə kritik bir nöqtədə şəxsən əshabını şəxsən yoxlayır və özü ilə yola çıxanlarla bağlı daha həssas davranırdı. Doğrudur, istiqamət, məkan hara olursa-olsun, əshab hər zaman Onun yanında olmağa can atırdı. Çünki Onunla birlikdə olduqları hər an yeni şeylər öyrənir, Rəsulullahın Cəbraillə olan münasibətlərinə şahid olur, öz qüsurlarını görür, onu fəzilətə çevirirdilər. Böyüklərin bu həyəcanı gənclərə də sirayət etmişdi: onlar da bərabərlik şərəfindən məhrum olmamaq üçün hər an Rəsulullahı təqib etməkdə yarışırdılar. Hətta uşaqlar belə eyni həssaslıqla irəli atılır və heç bir addımda Ondan geri qalmaq istəmirdilər. Qureyşlilərin hazırlığa başlaması və Şama göndərdiyi karvan haqqında düşünəndə vəziyyət xeyli gərgin görünürdü. İndi isə belə bir gərgin vəziyyətdə müsəlmanlar karvanı təqib etmək üçün yola çıxırdılar. Bu şəraitdə Əbu Sufyanın karvanını təqib etmək hər cür gözlənilməz nəticələrə gətirib çıxara bilərdi. Buna görə Peyğəmbərimiz (s.ə.s.) Abdullah ibn Ömər, Üsamə ibn Zeyd, Rafi ibn Hadic, Bəra ibn Azib, Üseyd ibn Hudayr, Zeyd ibn Ərkam, Zeyd ibn Sabit və Ümeyr ibn Əbu Vəqqas kimi yaşı az olduğu halda, Onunla gəlmək istəyənlərə səslənir və onların geri qayıtmasını tələb edir. Yaşının azlığına görə yoldaşlarının geri qaytarıldığını görənlər barmaqlarının ucunda dayanıb boylarını hündür göstərməyə çalışır və qoşundan ayrılmamaq üçün özlərini böyük kimi göstərirdilər. Geriyə qaytarılanlar dərin hüznə qərq olmuşdular. Onunla birlikdə gedə bilmədikləri üçün göz yaşı tökür və bu qərarın ləğv olunması üçün yalvarırdılar. Ümeyr ibn Əbu Vəqqas hönkürtü ilə ağlayırdı. Onu bu vəziyyətdə görən böyük qardaşı  Sad ibn Əbu Vəqqas  yanına gəlir və: – Sənə nə olub, qardaşım? – deyə soruşur. Ümeyr ibn Əbu Vəqqas: – Rəsulallahın məni də kiçik görüb bu mübarək yoldan ayıracağından qorxuram, – deyir. O (s.ə.s.) gedərkən geridə qalmağı özünə sığışdıra bilmirdi. Əsas niyyəti isə Rəsulullahla birlikdə döyüşərkən şəhid olmaqdı. Buna görə də: – Halbuki mən Allahın mənə şəhadət nəsib edəcəyinə inanır və buna görə də yoluma davam etmək istəyirəm, – deyə əlavə edir. Səyi nəticəsiz qalmır: başqaları ilə müqayisədə yaşca bir qədər yetkin olan Ümeyr ibn Əbu Vəqqasa izin verilmişdi. Əlində uzun bir qılınc var idi və onu güclə saxlayırdı. Böyük qardaşı gəlir və sevincindən uçmağa qanad axtaran kiçik qardaşına kömək edir. Qurşanıb gedərkən də  qılıncın ucu yerlə sürünürdü.[3] Mədinədən hərəkət Hədəfdə karvan olduğu üçün hələ müəyyən səbəblərə görə yola çıxmağa hazır olmayanlar bu səfərdən istisna olunurdu. Buna görə heç kim məzəmmət edilməyəcəkdi. İlk günlərdən bəri Allah Rəsulundan (sallallahu əleyhi və səlləm) ayrılmayan kürəkəni Hz. Osman da səbəb göstərib bu hərəkatda iştirak edə bilməyənlər arasında idi, çünki həyat yoldaşı, Peyğəmbərimizin qızı Ruqiyyə validəmiz ağır xəstələnmişdi. Qulluq etmək üçün Hz. Osman onun yanında olmalı idi. İbadətlər və Rəbbə qulluq məsələsində son dərəcə həssas olan Allah Rəsulu (s.ə.s.) bu müddət ərzində Mədinədə olmayacağı üçün namazları qıldırmağı Abdullah ibn Ümmü Məktuma tapşırır. Əvvəlki səriyyə və qəzvələrdə ənsar iştirak etmədiyi halda, bu dəfə mühacirə və ənsara fərq qoyulmaması diqqət çəkirdi.[4] Çünki bu dəfə vəziyyət çox həssas görünürdü. Bu məsələ təkcə mühacirlərlə deyil, ənsar başda olmaqla bütün Mədinə ilə bağlı idi. Çünki Əbu Sufyanın karvanı Mədinəyə hücuma  hazırlaşan Məkkə ordusunun əsas maliyyə mənbəyi sayılırdı. Bu arada hələ müsəlman olmadığı halda, Rəsulullahla birlikdə getmək istəyənlər var idi. Bunlardan biri də Hubeyb ibn İsaf idi. Güclü İsaf döyüş texnikasını yaxşı bilirdi. Ancaq bu, ilk növbədə Qureyşlə Peyğəmbərimiz arasında olan məsələ idi. Doğrudur, mədinəli müşriklərlə də xüsusi bir müqavilə imzalanmış və şəhəri birlikdə müdafiə etməyə söz verilmişdi. Ancaq müşriklərin də iştirakını zərurətə çevirən bir təhlükə hələ ki yox idi. Bir də müharibədə rabitə, xəbərləşmə çox əhəmiyyətli idi, əldə edilən önəmli bir xəbər döyüşün mənzərəsini dəyişdirə biləcək mahiyyətdə idi. Elə isə bəzi insanların məlumatları ötürmə ehtimalı vardı və belə şəxslərin bu cür önəmli  karvanı təqib etmək üçün yola çıxan İslam  ordusu sıralarında olması məqsədəuyğun deyildi. Bu səbəbdən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu cür insanları geri qaytarır və yola  yalnız  mühacir və ənsarla  çıxır.[5] Bu vaxt Allah Rəsulu (s.ə.s.) piyadaların başına Qeys ibn Əbu Sasanı təyin edib ona  Süqya adlı mövqeyi tərk edən kimi əsgərləri saymağı əmr edir. O da əmri yerinə yetirir  və Əbu İnəbə quyusunun başında əshabı sayaraq onların üç yüz on üç nəfər olması barədə Allah Rəsuluna (s.ə.s.) məlumat verir. Rəsulullah bu xəbərdən çox sevinir, gülər üzlə deyir: – Talutun əshabı qədər.[6] Beləcə, Allah Rəsulu (s.ə.s.) bir bazar axşamı Süqya adlı yerdən yola düşür. Yanlarında ancaq iki at və yetmiş dəvə var idi. Növbə ilə minərək yola davam edirdilər. Rəsulullah də səhabələrindən fərqli deyildi, üçü – O, Hz.Əli və Əbu Lübadə növbə ilə eyni dəvəyə minirdi. Hz.Əli və Əbu Lübadə: – Sən min, ya Rəsulullah! Biz Səninlə birlikdə gedərik, – deyə öz növbələrini vermək üçün israr edirlər, amma O (s.ə.s.): – Nə siz piyada getməkdə Məndən güclüsünüz, nə də Mən vəd edilən mükafata sizdən daha az ehtiyac duyuram, – deyib təklifi qəbul etmir. Rəvha adlı yerə çatanda Allah Rəsulu (s.ə.s.) Əbu Lübadə ibn Abdülmünziri Mədinəyə göndərir və onu hər hansı bir boşluğa yol verməmək üçün Mədinədə öz yerinə vəkil təyin edir. Əbu Lübadə boynubükük Mədinəyə qayıdır, getməmişdən əvvəl də əynindəki zirehi Allah Rəsuluna (s.ə.s.) verir. Yola çıxmaqda əsas məqsəd Qureyş karvanını təqib etmək olsa da, əshab hər  atılan addımda yeni və orijinal strategiya ilə tanış olurdu. Belə ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) karvanın keçəcəyi məntəqəyə doğru irəliləyərkən Bəsbəs ibn Amr və Adiyy ibn Əbiz-Zağbanı öncül qüvvə kimi oraya göndərir və onlar da göstərilən yerə çatıb baş verənlərdən Rəsulullah və əshabını xəbərdar edir.