Səhabələr

Bədrə Doğru

Hamı təəccüblənir. Mümkün deyildi: bir adam əsir ola-ola əsir alanlara ağıl öyrədirdi! Allah Rəsulu (s.ə.s.) soruşur: – Niyə görə? – Çünki Allah (c.c.) Sənə iki topluluqdan birini vəd etmişdir. İndi də onlardan birini Sənə vermiş olur! Həqiqətən də, belə idi. Allah Bədir zəfərini bir ehsan kimi lütf etdiyinə görə bir də karvan dalınca düşərək tamah göstərmək olmazdı və Hz. Abbasa üz tutan Rəsulullah: – Doğru deyirsən, – buyurur. Bu arada Allahın onlara bəxş etdiyi zəfəri şeirin qəliblərinə tökür və Hz. Əbu Bəkirlə sevincini bölüşürdü. Hüzuruna Taif dönüşündə Ona aman verən Mutim ibn Adiyyin oğlu Cubeyr gəlir və onları əfv etməsi üçün xahiş edir. Bu xahiş Rəsulallahı keçmiş günlərə aparır. Bir müddət sonra deyir: – Əgər Mutim ibn Adiyy bu gün yaşasa və bu əsirləri istəsə idi, sırf onun xətri üçün onları azad edərdim! Vəfalı insan idi və Onunla birlikdə Məkkə günlərini yaşayanlar Mutim ibn Adiyyin üç il davam edən boykotun ləğv olunmasında oynadığı rolu düşünür, Taif dönüşündə göstərdiyi əzmi xatırlamağa çalışırdılar, çünki Mutim hər iki kritik vəziyyətdə önəmli rol oynamış, Allah Rəsulu və möminlərin tərəfini tutaraq zülmü təmsil edən qaranlıq bir dövrün sona çatmasına vəsilə olmuşdu.[36] Döyüş zamanı ibadətdə həssaslıq Döyüşün ən qızğın anlarında Rəsulullahın harada olması ilə maraqlanan Hz.Əli Onu səcdəyə qapanıb dua edərkən görmüşdü. Yeri gələndə və ehtiyac olduqda ən öndə vuruşan Allah Rəsulu (s.ə.s.) vəd edilən zəfərin qazanılması üçün ən az zəfər qədər vacib olan Rəbbi ilə irtibatı unutmurdu. Rəsulallah təhlükəsiz yerdə idi və Hz.Əli yenidən cərgələrə qarışıb döyüşməyə başlayır. Ancaq fikri Onda idi və yenidən əvvəlki yerə gəlir. Gördüyü mənzərə dəyişməmişdi, Rəsulullah yenə səcdədə dua edirdi. Nəhayət, döyüş bitmiş, ara sakitləşmişdi. Hz. Əli yenidən Rəsulullahın (s.ə.s.) olduğu yerə gəlir. Qəribə idi; hələ də səcdədə: – Ey Hayy və Qayyum olan Allahım, – deyə dua və niyaz edirdi. Və bu hal Qureyşin Bədri tərk etməsinə qədər davam etmişdi. O günlərdən söz düşəndə Hz. Cabir  bir  xatirəsini danışacaqdı: – Bədir döyüşündə Rəsulallahla birlikdə namaz qılırdıq. Namaz zamanı Rəsulullahın  təbəssümü diqqətimizi çəkdi. Namazını bitirəndən sonra: "Ya Rəsulallah! Sizi namazda təbəssüm edərkən gördük. Səbəbi nə idi?" – deyə soruşduq. Cavabında O (s.ə.s.), bunları söylədi: "Yanımdan kiminsə arxasınca gedib geri qayıdan, üstü-başı toz-torpaqlı Mikail keçirdi. O, mənə təbəssüm edincə, mən də ona təbəssüm etdim!"[37] Bədirdəki mələklər Bədir hər yönü ilə qeyri-adi idi. Qureyş böyük ümidlərlə Məkkədən buralara qədər gəlmiş, ancaq qol-qanadı sınmış halda geri qayıtmaq məcburiyyətində qalmışdı. Həm də liderlərini Bədirdə qoyaraq! Onlar üçün Bədir başlamadan bitən bir savaş idi! Çünki nə baş verdiyini anlamadan başları bədənlərindən ayrılmış, biçin vaxtı yetişmiş sünbüllər kimi asanca dərilmişdilər. Sanki, heç vaxt görmədikləri adamlar gəlir və bir-bir işlərini bitirirdi. O gün sağ qalıb geri qayıdanlar və ya onların arasından sonralar İslamı qəbul edənlər Bədirdən danışarkən həmişə eyni məqamı vurğulayırdılar: o gün Qureyş ordusunu  qeybdən  bir əl pərişan etmişdi! Saylarını az hesab etdikləri İslam ordusuna hücum edərkən qəflətən bir bulud peyda olmuş və müşrikləri qorxuya salmışdı. Əbrəhə ordusunun başına gələnləri xatırlamış, bir anda zehinlərdə şimşəklər çaxmağa başlamışdı. Gördükləri yalnız bululdun xəyalı deyildı; buludun içindən hücum səsləri gəlir və at kişnərtiləri qılınc şaqqıltılarına qarışaraq Bədrin hər tərəfində əks-səda verirdi. Bir az əvvəl özlərinin dörddə biri qədər gördükləri İslam ordusuna artıq başqa gözlə baxır və özlərindən ən az iki dəfə çox olduqlarını düşünürdülər. Bir anda hər şey dəyişmiş və bu dəyişiklik onları ölümə daha da yaxınlaşdırmışdı.