Səhabələr

Bədrə Doğru

Bədirdə müsəlmanlar tərəfindən əsir alınan, əsirlik haqqını ödədikdən sonra azad olub Məkkəyə qayıdan Süheyl ibn Amr o gün baş verən fövqəladə hadisələri xatırlarkən: – Bədir günü mən səma ilə yer arasında köhlənlər və bunların üzərində ağ libaslı süvarilər gördüm ki, onlar qabağına çıxanları əsir alır və öldürürdülər, –  ifadələrini işlədəcəkdi. O günü xatırlarkən Abdürrəhman ibn Avf əvvəlcə Peyğəmbərimizin sağ və sol tərəfində iki nəfərin döyüşdüyünü, daha sonra isə bir neçə adamın Rəsulullahın ön və arxasında dayanıb Onu təhlükələrdən qoruduğunu müşahidə etdiyini söyləyəcəkdi. Allah Rəsulu Bədrə Dihyətül-Kəlbi surətində gələn Cəbraillə xoş söhbət etdiyi günlərin birində (s.ə.s.) ondan: – Bədir günü  mələklərdən "Uqdum, hayzum" deyən hansı idi, – deyə soruşacaq və:− Səma əhlindən bilib tanıdıqlarımın hamısı, – cavabını alacaqdı. O gün əsir götürülən Saib ibn Əbu Hubeys and-aman edərək insanlar tərəfindən əsir alınmadığını deyir. Ondan: – Bəs onda səni kim əsir aldı? – deyə soruşduqda o: – Qureyşlilər məğlub olunca mən də böyük sarsıntı keçirtdim. At üstündə uzun boylu, ağ geyimli və başında sarıq olan bir adam mənə yetişdi və məni iplə möhkəm bağladı. Bu vaxt Abdürrəhman ibn Avf yanıma gəldi və məni bu halda görüncə: "Bu adamı kim əsir aldı?" – deyə əsgərlərdən soruşdu. Heç kimdən səs çıxmadı. O, məni Rəsulallahın hüzuruna gətirdi. Allah Rəsulu mənə: "Ey ibn Əbu Hubeys! Səni kim əsir aldı?" – deyə soruşdu. "Bilmirəm," – deyə cavablandırdım. Bunun ardınca  O (s.ə.s.): "Səni bir mələk əsir aldı," – buyurdu"–deyir. Rəsulullahın əmisi Hz.Abbası da Əbül-Yəsər adlı zəif, çəlimsiz bir səhabə əsir almışdı. Halbuki Hz.Abbas güclü və iri cüssəli bir adam idi. Sonralar Rəsulullah Əbül-Yəsəri hüzuruna çağırıb: – Ya Əbül-Yəsər! Söylə, görüm, Abbası sən necə əsir aldın? – deyə soruşur. Utana-utana bunları deyirdi: − Ya Rəsulallah! Onu əsir alarkən tanımadığım, heç vaxt görmədiyim bir adam mənə kömək etdi. Əbül-Yəsərin bu səmimi və ürəkdən gələn cavabına müqabil Allah Rəsulu (s.ə.s.): – Sənə kərəm sahibi bir mələk kömək etmiş, – buyurur.O gün hər şey bitdikdən sonra Cəbrail Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir və belə  səslənir: – Ya Məhəmməd! Allah (c.c.) məni Sənin yanına göndərdi və Sən razı olana qədər yanında qalmağımı əmr buyurdu. İndi Sən razısanmı? Bunun cavabında Allah Rəsulu (s.ə.s.) Cəbrailə: – Bəli,  razıyam, –  deyir və sonra da Bədirdən gedə biləcəyini söyləyir. Şəhidlər O gün möminlərdən on dörd şəhid var idi. Bulardan altısı mühacir, ikisi Əvs, altısı da Xazrəc qəbiləsindən olmaqla səkkiz nəfəri də ənsar idi.[38] Şəhidlər arasında təkbətək döyüşdə ayağından yaralanan Rəsulullahın əmisi oğlu Ubeydə ibn Haris, Sad ibn Əbu Vəqqasın kiçik qardaşı Ümeyr ibn Əbu Vəqqas, üç kiçik qardaşı ilə birlikdə Bədrə gələn Aqil ibn Əbu Bükeyr, Afra validəmizin oğulları Avf və Muavviz, Ümeyr ibnül-Hümam, Sad ibn Haysəmə, Züşşimaleyn ibn Abdiamr, Mübəşşir ibn Abdülmünzir, Hz. Ömərin azad etdiyi köləsi Mihcə, Savfan ibn Beyda, Yezid ibn Haris, Rəfi ibn Mualla və Ənəs ibn Malikin bibisi oğlu Harisə ibn Süraqa kimi səhabələr var idi. Bəli, ortada bir zəfər var idi və buna sevinmək lazım idi. Ancaq nəticə zəfər də olsa, Bədrə hüzün çökmüşdü. Allah Rəsulu  (sallahu əleyhi və səlləm) üçün hər insan bir aləm demək idi və çox önəmli idi. İndi isə əshabından on dörd nəfəri Bədirdə qoyub geri dönmək məcburiyyətində qalmışdı. Hərçənd Cəbrail qarşı tərəfin başına gələn müsibətin onların müsibətindən ən az iki dəfə artıq olduğunu söyləyir, başlarına gələn bu qədər məşəqqətlərə rəğmən, kədərlənməyin lüzumsuz olduğunu deyərək möminlərə təsəlli verirdi.[39] Bu şəraitdə Allah Rəsulu  (s.ə.s.) dərhal Bədri tərk etmir və üç gün burada gözləyir. Bu müddət içində Rəsulullah Onunla birlikdə Bədrə gələn və hər kəsdən əvvəl şəhadət şərbətini içən şəhid səhabələrinin namazlarını qıldırır, onlar üçün dua edib Rəhmli Rəbbinə yalvarır və əshabı ilə birlikdə onları son səfərə − axirət aləminə yola salır.