Səhabələr

Bədrə Doğru

Ölülərə səsləniş Müşriklər isə Bədri tərk edib qaçarkən meydanda yetmiş ölü buraxmışdılar.[40] Döyüş başlamazdan əvvəl Rəsulullahın adlarını çəkib Allaha həvalə etdiyi Əbu Cəhil, Ümeyyə ibn Xələf, Rəbiənin oğulları Utbə və Şeybə və Uqbə ibn Əbu Muayt da Bədirdə ölənlər arasında idi. Həm də bunlar məhz Allah Rəsulunun döyüşdən əvvəl göstərdiyi yerlərdə həlak olmuşdular. Çox keçmədən qızmar günəşin istisində  meyitlər ağırlaşmağa başlayacaq, ətrafa dözülməz bir qoxu yayılacaqdı. Vəlid ibn Utbə, Əbu Sufyanın oğlu Hanzala, Ümeyyə ibn Xələfin oğlu Əli, Uqbə ibn Əbu Muayt, Hz.Talhanın əmisi Ümeyr ibn Osman, Ümmü Sələmə validəmizin qardaşı Məsud ibn Əbu Ümeyyə və Əbul-Bəxtəri də Məkkə müşriklərindən öldürülən nüfuzlu  şəxslər idi. Bir də müsəlman olduqları halda, təzyiqlərə məruz qalan və döyüşə zorla gətirilən gənclər var idi, boyunlarında buxov, ayaqlarında qandal olduğu üçün bu insanlar digər müsəlmanlar kimi hicrət edə bilməmiş və Bədir məsələsində də böyüklərinə boyun əymək məcburiyyətində qalmışdılar. Bunlar Haris ibn Zəma, Əbu Qeys ibn Faqihə, Əbu Qeys ibn Vəlid, Əli ibn Üməyyə və As ibn Münəbbih idi. Hələ Rəsulullah (s.ə.s.) Məkkədə ikən müsəlman olmuş, ancaq atalarının amansız təzyiqləri altında bunu büruzə verə bilməmişdilər. Bu gün isə hamısı Bədirdə can vermişdi. Acı bir təcrübə idi. Belə bir vəziyyətlə bir daha qarşılaşmamaq üçün Cəbrail gəlir və sağ qalanların qulağında sırğa olsun deyə bu bəyanı gətirir: "Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: "Siz hicrət zamanı harada idiniz?" Onlar söyləyəcəklər: "Biz yer üzərində zəif (aciz) kəslər idik". (Mələklər də onlara: ) "Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?" – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O, necə də pis yerdir![41] Döyüşün bitməsindən üç gün keçmişdi. Allah Rəsulu (s.ə.s.) atını hazırlayıb yola çıxmazdan qabaq müşrik liderlərin olduğu yerə gəlir və onlara künyələri ilə səslənir: – Ey filan oğlu filan! Ey Əbu Cəhil oğlu Hişam! Ey Utbə ibn Rəbiə! Ey Şeybə ibn Rəbiə! Ey Ümeyyə ibn Xələf!  Allah və Rəsuluna itaətsizlik etməyin nə demək oldugunu indi gördünüzmü? Rəbbinizin sizin üçün vəd etdiklərinin haqq olduğunu gördünüzmü? Mən, həqiqətən, Rəbbimin Mənə vəd etdiklərinin haqq olduğunu görmüşəm! Sizin qədər peyğəmbərinə pislik edən yoxdur! İnsanlar Məni təsdiq edərkən siz inkar etdiniz! Onlar Məni bağrına basarkən siz  yurdumdan qovdunuz! Başqaları Mənə yardım edərkən siz Mənə müharibə elan etdiniz! Və Allah da Mənə etdiklərinizin  müqabilində sizi çox ağır şəkildə cəzalandırdı. Halbuki əmin, doğru olduğum halda, Məni yalanla ittiham edir, sadiq və doğru olduğum halda, Mənə yalançı deyirdiniz! Allah Rəsulunun (s.ə.s.) bu ifadələrinə şahid olan Hz. Ömər deyir: – Ya Rəsulallah! Üç gün sonra onlara belə səslənirsən, içlərində ruh olmayan, iylənmiş və cansız bədənlərlə necə danışırsan, necə cavab vermələrini gözləyirsən? Allah Rəsulu (sallallahu əleyhi və səlləm): – Onlar söyədiklərimi sizdən yaxşı eşidir. İndi dediyim hər şeyi eşidir, amma cavab verməyə güc tapmırlar, – buyurur.