Səhabələr

Bədrə Doğru

Əsirlər məsələsində həssaslıq və məşvərət Allah Rəsulu (s.ə.s.) əshabının əsirlərə qarşı daha həssas olmasını və onlarla yaxşı rəftar edilməsini istəmişdi. Hətta bu əmrə əməl edən səhabələr o gün yemək vaxtı yalnız xurma ilə kifayətlənib əllərində olan ən yaxşı yeməklərini əsirlərə vermişdilər. Sonralar müsəlman olan Əbu Zeyd xatirələrini dilə gətirərkən bu məqama işarə etmişdi: "O gün mən də Mədinəyə gətirilən əsirlər arasında idim. Yemək vaxtı gələndə səhabələr Rəsulullahın tövsiyəsinə əməl edib əllərindəki çörəyi əvvəlcə mənə verir, özləri isə xurma ilə aclıqlarını yatırmağa çalışırdılar. Hətta onlardan biri o gün əlindəki çörəyi mənə verincə onu yeməkdən həya edir və çörəyi yanımda olan başqa birisinə verirdim və çox vaxt həmin çörək yenidən mənə qayıdırdı". Əsirlərin Mədinəyə gətirildiyi ilk gecə Allah Rəsulunun (s.ə.s.) gözünə yuxu getmir, səhərəcən yata bilmir. Bunu hiss edən bəzi səhabələr yuxusuzluğunun səbəbini soruşanda bu cavabı eşidirlər: – Abbasın iniltisi Məni yatmağa qoymadı! Bunu eşidən bir səhabə dərhal yerindən qalxır və Hz.  Abbasın yanına  gəlib qollarını açır. Bir müddət sonra Rəsulullah (s.ə.s.) soruşur: – Abbasın iniltilərini niyə eşitmirəm? Hz.  Abbasın bağlarını açan səhabə irəli çıxır və: – Mən onun bağlarını açdım, ya Rəsulallah, – deyir. Bunu eşidən Şəfqət Peyğəmbərinin üzü gülür. Görünür, bu rəftardan çox razı qalmışdı. Ancaq O (s.ə.s.), eyni zamanda ədaləti təmsil edən bir peyğəmbərdi və Hz. Abbasın bağlarını açan səhabəyə: – Get və əsirlərin hamısının bağlarını aç, – buyurur. Bu,  işin bir tərəfi idi; digər tərəfdən ilk dəfə əsir götürürdülər və buna həll yolu tapmaq lazım idi. Belə ki, döyüş ilk olduğu kimi əsirlər məsələsi də ilk idi və əllərində hər hansı bir nümunə, təcrübə yox idi. Hələ ilahi bir əmr də gəlməmişdi. "Hökm yoxdur," – deyə əsirləri geri qaytara bilməzdilər, çünki bu, döyüş hazırlıqlarına başlayacağı açıq-aşkar görünən müşrik dəyirmanına su tökmək olardı. Buna görə Rəsulullah (s.ə.s.) əvvəlcə əshabını toplayır və onlarla əsirlər barədə atılacaq addımları müzakirə etməyə başlayır. Hər şey ilk dəfə olurdu və bu gün seçilən üsuldan daha sonralar da istifadə olunacaqdı.[46] – Bu əsirlər barədə nə düşünürsünüz? – deyə soruşur, – onların çoxu dünənki qardaşlarınız olsa da, Allah (c.c.) bu gün onları sizin verəcəyiniz qərara möhtac qoydu,  – deyə əlavə edir. Hz.Əbu Bəkir irəli çıxır: – Ya Rəsulallah, – deyir, – onlara qarşı mübarizədə Allah Sənə yardım edib üstün etsə də, onlar yenə də Sənin əhlin və əqrabalarındır! Kimisi əmioğlu, kimisi eyni qəbilənin üzvü və kimisi də qardaşdır! Ən yaxşısı Sən qanpulu alıb onları sərbəst burax. Beləliklə, onlardan alınanlar küfrə qarşı mübarizədə bizim gücümüzü artırar. Bəlkə də, Allah bununla onların qəlbini Sənə qarşı yumşaldar və onlar da bir gün Sənə pənah gətirər və dəstək olarlar! Sadiq dostunun qənaətini öyrəndikdən sonra üzünü başqa bir dostuna tutub: – Bəs sən nə deyirsən, ey Xəttaboğlu? – deyə soruşur.