Səhabələr

Bədrə Doğru

– Ya Rəsulallah, – deyə sözə başlayır Hz. Ömər, – bunlar Səni yurdundan çıxarıb qovan, Səni yalançı elan edən və Səni öldürmək üçün yola çıxıb Səninlə döyüşən insanlardır! Mən Əbu Bəkir kimi düşünmürəm: mənə qalsa, filankəsi mənə təslim edin, onun boynunu vurum! Uqaylı da Əliyə verin, o da onun işini bitirsin! Həmzəyə də qardaşı filankəsi verin, o da onun başını kəssin! Qoy Allah (c.c.) bizim qəlbimizdə müşriklərə qarşı zərrə qədər bir sevgi olmadığını görsün! Çünki bunlar Qureyşin rəhbərləri və yol göstərənləridir, bunların boynunu vurdur! Bunların Sənin əlində əsir kimi qalmasına mənim könlüm razı deyil! Bu vaxt Abdullah ibn Rəvaha irəli çıxaraq: − Ya Rəsulallah,  – deyir. Gördüyüm qədər bu vadidə xeyli kol, çırpı və odun var. Onlar qarışıq bu vadini yandır! İbn Rəvahanın bu təklifini eşidən əmisi Abbas: – Sən  qohumluq əlaqələrini kökündən kəsdin, – deyə reaksiya verir. Əshabının fikrini öyrəndikdən sonra Allah Rəsulu (s.ə.s.) içəri girir. Çöldə gözləyən səhabələr öz aralarında söhbət edirlər. Bir qismi Əbu Bəkrin fikrinə uyğun hərəkət edib onları qanpulu müqabilində azad edəcək, digər bir qismi Ömərin qənaətinə görə hökm verib hamısını öldürəcək, digər bir dəstə da Abdullah ibn Rəvahanın təklifini həyata keçirib onları yandıracaq, – deyə  müzakirə edirlər. Bir müddət sonra Allah Rəsulu yenidən çölə çıxır: – Şübhəsiz ki, Allah (c.c.) bəzi insanların qəlbini elə yumşaldıb ki, sanki, onlar yumşaqdan yumşaq olub! Bəzilərinin də qəlbini elə bərkidib ki, onlar daşdan da sərt olublar! – deyir və əlavə edir: – Sən, ey Əba Bəkir! Mələklər arasında, rəhmətlə yerə enən Mikaila, peyğəmbərlər arasında da: "Onlardan kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, bilsin ki, tövbə edəcəyi təqdirdə Sən günahları bağışlayansan, bəndələrinə rəhm edənsən!"[47] – deyən İbrahimə və: "Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən. İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni həkimanə həll etməyə qadir olan ancaq Sənsən!"[48] – deyən İsaya bənzəyirsən! Daha sonra üzünü Hz. Ömərə tutur: – Sən də, ey Ömər, – deyir, – mələklər arasında şiddətlə və Allah düşmənlərini cəzalandırma niyyəti ilə enən Cəbrailə, peyğəmbərlər arasında da: "Allahım! Yer üzündə bir nəfər belə kafir qoyma!"[49]  – deyən  Nuh ilə, "Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!"[50] – deyən Musaya bənzəyirsən! Sonra da ikisinə birdən səslənir: – Əgər siz bu məsələdə ümumi bir fikrə gəlsəniz, Mən də sizinlə razılaşaram! Cümləsini bitirməmiş,  Abdullah  ibn  Məsudun səsi eşidilir: – Ya Rəsulallah, – deyir, − Süheyl ibn Beyda istisna olsun! Çünki mən ondan İslamla bağlı gözəl söhbətlər eşitdim, demək olar ki,  müsəlman olmaq  üzrədir! Könüllərə fərəh gətirən bir xəbər idi bu və Allah Rəsulu dərhal söhbətini dayandırır. Bunlara şahid olan Abdullah ibn Rəvaha daha sonralar bunları söyləyəcəkdi: – O gün "Süheyl ibn Beyda istisna olsun" kəlməsini Rəsulallahdan eşidəndə elə əndişələndim ki, üstümə səmadan daş yağacağından qorxdum. Və belə əndişə keçirdiyim başqa bir günü xatırlamıram.