Səhabələr

Bədrə Doğru

Ancaq Allah Rəsulunun bir şərti var idi. Əbul-Ası hüzuruna çağırır və qulağına nəsə pıçıldayır. Bu, hamının marağına səbəb olur. Qulağını qayınatasının ağzına dayamış Əbul-As bir müddət sonra başını aşağı salır. Görünür, irəli sürülən şərti qəbul etmiş və beləliklə, məsələ bitmişdi.[57] Günün erkən saatlarında yanından ayrılıb İslam cərgələrinə qoşulan oğlu Abdullaha kin-nifrət yağdıran və şeirləri ilə Məkkə ordusunu döyüşə ruhlandıran Süheyl ibn Amr də əsirlər arasında idi. Onu əsirlər arasında görən Hz.Ömər irəli çıxır və Allah Rəsuluna deyir: – Onu mənə ver, ya Rəsulallah! Ver onun dişlərini söküm ki, dili sallansın və bir daha heç bir yerdə Sənin əleyhinə danışmasın! Hz. Ömər öz təbiətinə uyğun danışır və Allah Rəsuluna (s.ə.s.) uzanan hər əli və dili kəsməyin vacibliyinə inanırdı. Ancaq Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) gözlədiyi başqa şey idi. Çünki O, Ömərin də görmədiklərini görür və o istiqamətdə danışırdı. Üzünü Xəttaboğlu Ömərə tutaraq deyir: – Peyğəmbər olsam da, Mən insanlara belə işgəncə vermərəm! Sonra Allah da Mənə müslə (edilən işə eynilə cavab vermək) edər! Ondan əl çək, ey Ömər! Əl çək ki, gün gələr,  o da sənin xoşuna gələn işlər görər![58] Əsirlər  mövzusunda gələn ilahi xəbərdarlıq Aradan bir gün də keçmiş, Hz. Ömər Peyğəmbərimizin hüzuruna gəlmişdi. Allah Rəsulu (s.ə.s.) Hz.Əbu Bəkirlə baş-başa verib hönkürtü ilə ağlayırdı. Bu mənzərə Öməri yaman təşvişə salır  və: – Ya Rəsulallah, – deyir, – Sizi ağladan nədir? Niyə ağlayırsınız? Ağlamalı bir iş varsa, mən də sizinlə birlikdə ağlar, ağlaya bilməsəm də, heç olmasa sizinlə birlikdə ağlamağa çalışaram! Baş verənlərdən xəbəri yox idi və qəlbindən keçəni danışıb səmimiyyətini ifadə edirdi. Allah Rəsulu (s.ə.s.) onun saf və səmimi simasına baxır və deyir: – İbn Xəttabın (Hz. Ömərin) sözünə qarşı çıxdığımıza görə az qala böyük bir əzaba düçar olacaqdıq! Və əgər o əzab gəlmiş olsa idi, ondan ancaq Xəttaboğlu Ömər qurtulmuş olacaqdı!  O əzab Mənə bax bu ağacın yanında ərz edildi. Sən demə, bu arada Cəbrail gəlmiş və həmin ağacın yanında Rəsulullaha (s.ə.s.) vəhy gətirmışdi. Gələn vəhydə Allah (c.c.) Bədirdə əsir alınan insanlar haqqında buyururdu: "Heç bir peyğəmbərə yer üzündə küfrün kökünü kəsməyənə qədər əsirləri özünə mal etmək – onları öldürməyib qanpulu müqabilində azad etmək uyğun olmaz. Ey möminlər! Siz qanpulu almaqla puç dünya malını istəyirsiniz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! Əgər əvvəlcə bu barədə Allahdan bir hökm olsa idi (lövhi-məhfuzda qənimətlərin və əsirlərin halal olması haqqında yazılmasa idi), aldığınız qanpulu müqabilində sizə şiddətli bir əzab üz verərdi. Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin. Allahdan qorxun.  Həqiqətən,  Allah  bağışlayandır, rəhm edəndir!"[59]   Mədinəyə gələn müjdə Allah Rəsulu (s.ə.s.) döyüşün nəticəsini çatdırmaq üçün azad etdiyi köləsi Zeyd ibn Harisə ilə Abdullah ibn Rəvahanı əvvəlcədən Mədinəyə göndərir. Savaşdan bir gün sonra bazar günü günortaya yaxın Aqiq adlı yerə qədər gəlir, Mədinəyə müxtəlif istiqamətlərdən daxil olmaqla müjdəni ayrı-ayrı yerlərdən çatdırmağı qərarlaşıdırıb ayrılırlar. Çox keçmədən Mədinədə Abdullah  ibn Rəvahanın səsi eşidilir: – Ey ənsar camaatı! Sizə müjdələr olsun! Artıq Rəsulullah təhlükədən qurtulmuşdur. Müşriklər isə həm öldürüldü, həm də əsir oldular! Rəbiə və Həccacın iki oğlu ilə Əbu Cəhil, Zəma ibn Əsvəd və Ümeyyə ibn Xələf öldürüldü. Süheyl ibn Amr isə əsirlər arasındadır. Onun söylədiklərinə diqqətlə qulaq asan Asim ibn Adiyy həyəcanla soruşur: – Söylədiklərin, həqiqətən, doğrudurmu, ey  ibn Rəvaha! − Əlbəttə, doğrudur, – deyə cavab  verir  Hz. Abdullah, – vallah, doğrudur. Sabah Rəsulullah da gələcək... Həm də buxovlanmış əsirlərlə! Mədinəni sevinc bürüyür. Abdullah ibn Rəvaha bu sevinci hamı ilə bölüşmək üçün qapı-qapı gəzib dolaşır və rastına çıxan hər kəsə eyni müjdəni verirdi. Uşaqlar da Abdullah ibn Rəvahanın başına toplaşaraq onunla birlikdə hər yeri gəzib-dolaşır və bir tərəfdən də: – Fasiq Əbu Cəhil öldürülmüş! Ümeyyə ibn Zeydəcən hər kəsin dərsi verilmiş, – deyə şeirlər söyləyirdilər. Zeyd ibn Harisə də Rəsulullahın dəvəsi Qasvanın üstündə Mədinəyə aşağı məhəllədən girir. O da Abdullah ibn Rəvaha kimi müjdə verir və Bədirdə qazanılan zəfəri Mədinə əhli ilə bölüşürdü: – Rəbiənin oğulları Utbə və Şeybə, Həccacın iki oğlu, Əbu Cəhil, Əbul-Bəxtəri, Zəma ibn Əsvəd və Ümeyyə ibn Xələf öldürüldü. Başqa bir çox məkkəli ilə Süheyl ibn Amr da əsir alındı!