Səhabələr

Bədrə Doğru

Əbu Ləhəbin ölümü Bu vaxt Əbu Ləhəb libasını sürüyə-sürüyə Kəbəyə doğru gəlir. Gəlir və bir kənarda oturub kürəyini söykəyir. Kürəyi az qala həmin vaxt Zəmzəm quyusunda işləyən Abbas ibn Abdulmuttalibin köləsi Əbu Rafinin kürəyinə dəyirdi. Hz.Abbasın xanımı Ümmü Fadl da orada idi. Çox keçməmişdi ki, Bədir məğlubiyyətinin xəbərini gətirən Əbu Sufyan ibn Harisin gəldiyini görürlər. Onun gəlişini görənlər: – Budur baxın, Əbu Sufyan ibn Haris gəlir, – deyə ona işarə edirlər. Qəribə ab-hava var idi, sanki hər kəs nə isə gizlədirdi. Bu vaxt Əbu Ləhəb gələn adama səslənir: – Bir yanıma gəl görüm, qardaşoğlu! Deyəsən, səndə yeni xəbərlər var! Gəl danış, görüm, insanların halı necə oldu? O da Əbu Ləhəbin yanına gəlib bir kənarda çömbəlir. Hamı maraq dolu baxışını ona zilləyir. Bəli, üzündən kədər yağan Əbu Sufyan ibn Haris çox şey danışır...Başlarına gələn müsibəti dilə gətirir: – Biz onlarla qarşılaşdığımız zaman, sanki, boyunlarımızı öz xoşumuzla onlara uzatdıq və onlar da dilədikləri kimi bizi öldürməyə, istədikləri adamı əsir almağa başladılar! Buna baxmayaraq, mən heç kimi qınamıram, çünki yerlə göyün arasını dolduran nəhəng atlar belində ağappaq libaslı elə insanlarla qarşılaşdıq ki, vallah, onların gücünə güc, sürətinə sürət çatdırmaq mümkün deyildi! Hələ ibn Haris sözünü bitirməmişdi ki, danışılanlara qulaq asan Əbu Rafi qaldırdığı pərdənin altından həyəcanla: – Şübhəsiz,  onlar mələklərdir, – deyə qışqırır. Sözünü bitirməmiş möhkəm bir şillə ilə sarsılır. Onsuz da, qəzəblənmiş Əbu Ləhəb hövsələdən çıxmış, əlinin arxası ilə Əbu Rafiyə möhkəm şillə çəkmişdi. Bununla hirsini soyuda bilməyən Əbu Ləhəb şillənin təsirindən yerə yıxılan Əbu Rafinin üstünə atılıb, dalbadal zərbələr endirməyə başlayır. Halbuki Əbu Rafi zəif cüssəli bir adam idi. O, Əbu Ləhəb kimi azğın din düşməninin qarşısında dura bilməzdi və elə çox keçmədən də yerə sərilir. Bu, o vaxtadək baş verənləri seyr edən Ümmü Fadlı hərəkətə gətirir. Əlinə bir çadır payası götürüb Əbu Ləhəbin qabağına yeriyir: – Sahibi burada yoxdur deyə bir qulu necə döyə bilərsən?! – deyir. Çox qəzəblənmişdi. Ümmü Fadl Əbu Ləhəbin qardaşı Abbasın xanımı idi. Əlindəki paya ilə Əbu Ləhəbin başına vurmağa  başlayır. Başı yarılmış, qan axırdı. O çaşıb qalır, axan qanı təmizləyir, nəyə uğradığını anlaya bilmirdi. Ancaq bu zərbələr, eyni zamanda onun sonunu hazırlayan ölüm zərbələri idi. Küfr uğrunda bərabər getdikləri, müştərək addımladıqları dostlarının yoxluğunun üstündən bir də aldığı paya  zərbələri onu həyatdan qoparır. Yeddi gecə sonra Məkkə xalqı Əbu Ləhəbin ölüm xəbərini alır... Küfrün bir qalası da tarixin qara, soyuq torpaqlarına qarışır. Məkkənin yası Məkkə ağ çıxarıb, qara geyinmiş, yas tuturdu. Hər kəs ağlayır, ölülərinə ağı deyirdi. Çünki demək olar, hər  evdən bir və ya bir neçə adam ya o gün Bədirdə öldürülmüş, ya da əsir düşmüşdü. Küfrün kəsif havasına matəmin yası çökmüşdü, ürəklər intiqam hissi ilə alışıb-yanırdı. Bədirdə öldürülənlərin əşyaları ortaya tökülür, başda qadınlar olmaqla bunların ətrafına toplaşan insanlar günlərlə ağı deyirdilər. Bu, bir ay davam edir.