Səhabələr

Bədrə Doğru

Üçüncü gün idi. Hər şeyi gözə alan Abbas birbaşa Kəbəyə gəlir. Təxmin etdiyi kimi Əbu Cəhil də orada idi. Sərt baxışlarla Abbası süzürdü. Əbu Cəhlə yaxınlaşıb layiqli cavabını verəcəkdi ki, Batnı-Vadi tərəfdən dəvə belində çığıra-çığıra gələn Damdam ibn Amrın səsi eşidilir. Görünür, çox mühüm bir hadisə baş vermişdi. Diqqət çəkmək üçün Əbu Sufyanın öyrətdiyi kimi dəvəsinin qulaq və burnunu kəsmiş, üzərindəki palan və yəhərini  parça-parça etmiş və köynəyini də cırmışdı. Gözlənildiyi kimi, bir anda hamının diqqəti ona yönəlir, artıq bütün Məkkə maraqla onun nə deyəcəyini  gözləyirdi: – Ey Qureyş xalqı, fəlakət, fəlakət! Əbu Sufyanla birlikdə Şama göndərdiyiniz mallarınızı Məhəmməd və onun əshabı ələ keçirdi! Ona yetişə biləcəyinizə də inanmıram. İmdad! Kömək edin! Damdamın sözləri Əbu Cəhlə də, Abbasa da hər şeyi unutdurur: – Məhəmməd və əshabı bu karvanın da İbn Hadraminin karvanı kimi olacağını sanır? – deyirdilər. Bir anda vəziyyət gərginləşmiş, günlərlə həyəcan içində gözləyən Qureyşi döyüş  əhvali-ruhiyyəsi bürümüşdü. Məkkə ordusu Bu xəbər onsuz da alovlanmaq üzrə olan Məkkə üçün bir qığılcım demək idi və xüsusilə, Əbu Cəhil kimilərin günü doğmuşdu! Fürsət idi və dərhal döyüş üçün toplaşmağa başlayırlar. Döyüşmək üçün maddi imkanı (silah-sursatı) olmayanları varlılar təmin edir və bu savaşa hər kəsin qoşulmasının vacib olduğunu deyirdilər. Süheyl ibn Amr, Zəma ibn Əsvəd, Tuaymə ibn Adiyy və Hanzala ibn Əbu Sufyan kimi insanlar: – Məhəmmədə və hərəkətlərinə görə aranızdan qaçıb gedən və indi Onunla birlikdə olan sabiləri görməzliyəmi vuracaqsınız? Yəsrib xalqının sizin karvanınızı və bu karvandakı malları ələ keçirdiyini görmürsünüzmü? Bu döyüşdə  iştirak etmək üçün mal almaq istəyənə mal veririk, güc və qüvvət istəyənlərə də güc və qüvvət veririk, – deyir, şeir və xitabları ilə insanları savaşa təşviq edib coşdurmağa çalışırdılar. Nəvfəl ibn Müaviyə də Qureyş varlıları arasında gəzir və onlardan imkanı olmayanlara kömək etmələrini istəyirdi. Onun bu istəyinə müsbət cavab verən Abdullah  ibn Əbu Rəbia: − Bu beş yüz dinarı al və istədiyin kimi xərclə deyir. Həmin Nəvfəl Hüveytib ibn Abdüluzzadan üç yüz dinar alır.[9] Tuaymə ibn Adiyy də ona iyirmi dəvə verir, bu dəvələrdə vuruşanların bütün xərclərini də öz üzərinə götürür. Bəzi insanların müsəlman olmasından şübhələnir və ya olacağından ehtiyat edirdilər ki, onların bu döyüşdə iştirakına xüsusi səy göstərirdilər. Hz. Abbas, Hz.Əlinin qardaşı Aqil və Talib ilə Rəsulullahın qardaşı oğlu Nəvfəl ibn Haris bunların arasında idi. Əbu Ləhəbin[10] öz cərgələrində olmasına heç şübhə etmirdlər; əsl kafir idi. Gəlməyib, öz yerinə ona dörd min dirhəm borcu olan As ibn Hişamı (Əbu Ləhəb bu borcu siləcəyini vəd edib As ibn Hişamı yola gətirmişdi) göndərincə qəbul edirlər. Atiqə binti Abdulmuttalibin yuxusundan söz açıb əndişələrini dilə gətirən Ümeyyə ibn Xələf, Utbə və Şeybə qardaşları, Zəma  ibn Əsvəd, Ümeyr ibn Vəhb və Hakim ibn Hizam kimilər Hubəl bütünün yanına gəlib ox atırlar. Qəribə idi; ilk ox döyüşdə iştirak etmələrinə "xeyr" deyirdi. Onlar da nəticə etibarilə bu işin uğursuz olacağı qənaətinə gəlir və Əbu Cəhillə birlikdə döyüşə getməmək qərarını verirlər. Ancaq çox keçmir ki, bu qərardan vaz keçməyə məcbur olurlar, çünki bundan xəbər tutan Əbu Cəhil onları qorxaqlıqda ittiham edir. Əbu Cəhlin təhriki nəticəsiz qalmır, məcburən döyüşdə iştirak etmək qərarını yeniləyirlər. Bu şəxsləri qorxaqlıqda ittiham edib döyüşə getmək məcburiyyəti qarşısında qoyan Əbu Cəhil özünü savaşa hazırlasa da, Ümeyyə ibn Xələfin əndişələri günbəgün artırdı. O, yaşlı və kök bir adam idi, ağır çəkisi ilə hərəkət etməkdə belə çətinlik çəkirdi. Buna görə də savaşa getmək əvəzinə Məkkədə oturub gözləyəcəyini  deyirdi. Çox keçmədən Uqbə ibn Əbu Muayt Kəbədə insanlar arasında oturub söhbət edən Ümeyyə ibn Xələfin yanına gəlir. O, insanların zəif tərəflərini çox yaxşı bilir və bundan istifadə etməkdən çəkinmirdi. Əlində qəndil və yağdan var idi. Onları gətirib Ümeyyənin qabağına qoyur. Hər kəs diqqətlə nə olacağını gözləyirdi. Belə deyir: – Ya Əba Əli! Al bu qəndili yandır, necə də olsa, artıq sən də bir qadın sayılırsan!