Səhabələr

Bədrə Doğru

Əbu Cəhil onları və geri qayıtmaq istəyən hər kəsi qorxaqlıqda ittiham edir və insanlar arasında çətin vəziyyətdə qoyurdu. Həmçinin Uqbə ibn Əbu Muayt və Nadr ibn Haris də ona dəstək verib yol göstərirdilər. Küfr naminə kin püskürür və göz görə-görə insanları ölümə sürükləyirdilər. Son hökmü də yenə o verir: – Vallah, Bədrə çatmayınca, əsla geri dönməyəcəyik! Sonra da orada üç gün qalar, dəvə kəsər, yeyib-içər və çalğıçı qadınlarla kef edərik! Beləliklə, ərəblər bizim yığışıb buraya qədər gəldiyimizi eşidər və bundan sonra heç vaxt bizə qarşı bir söz deyə bilməzlər! Haydı, yolunuza davam edin! Ancaq hər kəs eyni qənaətdə deyildi. Ahnəs ibn Şərik Zührəoğullarına səslənərək artıq karvan üçün təhlükə olmadığını və buna görə də döyüşə ehtiyac qalmadığını söyləyib onlarla birlikdə geri qayıdır. Adiyyoğulları da Zührəoğullarına qoşulur və bu iki qəbilədən heç kim döyüşə getmir. Əlindən gələni etsə də, Əbu Cəhlin Qureyşi inadla döyüşə sürüklədiyini görən Əbu Sufyan: – Vay qövmümün başına gələnlərə! Heç şübhə yoxdur ki, bütün bunlar Amr  ibn Hişamın (Əbu Cəhlin) azğınlığından başqa bir şey deyil!–deyir. Hətta Qureyşin çaparı qayıdıb ordunun Əbu Cəhlin təşviqi ilə Bədrə doğru irəlilədiyini deyəndə çox kədərlənir. Hələ üstəlik bu adamlar onu da geri çağırır və karvanı Məkkədə qoyub orduya yetişməsini istəyirdilər. Təəccüblü idi, göz görə-görə ölümə gedirdilər. Əbu Sufyan bunların heç birinə iltifat göstərmir və beləliklə, özünü Əbu Cəhlin oyununa qurban verməyəcəyini bəyan edir. Çox keçmədən Məkkədə Qureyş karvanından ayrılmış Zührə və Adiyyoğulları ilə rastlaşan Əbu Sufyan başqaları getdiyi halda, onların nə üçün qayıtdığını soruşacaq və onlar da onun göndərdiyi xəbərə görə Məkkə ordusunu tərk etdiklərini deyəcəkdi. Qərar anı Yola çıxdığı gündən oruc tutan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) daha əvvəl "orucunu açan açsın"  desə də, orucunu açmaq istəməyən əshabına səslənib: – Mən orucumu açdım, siz də açın, – deyir, o gündən sonra oruca niyyət etməməyi əmr buyurur. Beləliklə, səhabələr səfər və müharibə kimi vaxtlarda oruc tutmama rüsxətinin olmasını da öyrənirdi. Çünki bu məsələ Cəbrailin gətirdiyi ayələrdə əksini tapmış və Rəsulullah da onu əshabına təbliğ etmişdi. Safra adlı yerə gəldikdə Rəsulullah qarşılarına çıxan iki dağın adını soruşub burada yaşayan əhalinin hansı qəbiləyə mənsub olduğunu öyrənmək istəyir. Aldığı cavab çox da xoşuna gəlmir və yönünü dəyişib Safranı yolun sol tərəfinə qoymaqla Zəfiran istiqamətində davam edir. Çünki kainatda təsadüfi heç nə olmur və uğursuzluğu ifadə edən bu isimlər Ona əşyanın pərdə arxasınının müəyyən hikmətlərini pıçıldayırdı. Yaşadığı varlıqla vəhdət halına gələn Allah Rəsulu (s.ə.s.) da başqa mənbələrdən əldə etdiyi məlumatlarla yanaşı, bu isimlərin Ona ilham etdiyi bəyanları da nəzərə alır və strategiyasını buna görə müəyyənləşdirirdi. Bu ərəfədə Qureyşin döyüşmək üçün yola çıxması xəbərini alır. İşin mahiyyəti bir anda dəyişir. Döyüşmək niyyəti ilə yola çıxmamışdılar; nə silah-sursat, nə də əhvali-ruhiyyə baxımdan hazır idilər. Qəbul etdiyi qərarlarda onunla birlikdə gedən insanların da iştirakına çalışan Allah Rəsulu (s.ə.s.) belə bir kritik məqamada əshabın fikirlərinə baş vurur. Əvvəlcə Hz. Əbu Bəkir və Hz. Ömər öz fikirlərini deyir. Ardınca Miqdad ibn Amr söz alır: – Ya Rəsulallah, – deyir, – Allah  Sənə əmr etdiyi istiqamətdə yoluna davam et. Biz Səninlə bərabərik! Allaha and olsun ki, biz İsrailoğullarının Hz. Musaya: "Sən və Rəbbin gedib savaşın, biz də burada oturub heç bir yerə getmirik," –[13] dediyi kimi deməyəcəyik! Biz belə deyirik: "Sən və Rəbbin gedib döyüşün, amma biz də Sizinlə birlikdə və Sənin sağ və solunda, ön və arxanda ölənədək savaşacağıq. Səni haqq ilə göndərənə and olsun ki, Bərqi-Qimada qədər getməyi buyursan, vallah, biz hamımız heç usanmadan Səninlə birlikdə oraya qədər gedərik!"