Səhabələr

Mədinə vəsiqəsi – İlk Konstitutsiya

Mədinə müqaviləsi

Hicrət edilən yeni yurdda problemlər gözdən keçirilir və bir-bir həll olunurdu. Bir məsələ də həllini gözləyirdi: Mədinə əhalisinin sayını, etnik tərkibi və dini müxtəlifliyini nəzərə alaraq bu fərqli toplumlarla birlikdə və müştərək bir həyat yaşamağın şərtlərini formalaşdırmaq. Çünki o vaxtlar on minə qədər əhalisi olan Mədinədə 1500-ə yaxın müsəlmanla yanaşı, 4 min yəhudi, 4500-ə yaxın da ərəb müşriki vardı. Buna görə də, bu müxtəlif toplumlar arasında ortaq məxrəc əsas götürülməli və Mədinə minimum müştərək dəyərlər ətrafında müttəfiq olanların ortaq şəhəri olmalı idi.

Eyni zamanda, Mədinənin buna böyük ehtiyacı vardı, çünki əsrlərdir davam edən müharibələr[7]nəticəsində ictimai münasibətlər zədələnmiş, cəmiyyətin yeni əlavələrlə təkrar qurulması ehtiyacı özünü başqa yerlərə nisbətən burada daha aydın göstərməyə başlamışdı.

Müxtəlif qruplar arasında müharibələr baş verdiyi kimi, qrupların öz daxilində də sabitlik yox idi. Əvs və xazrəc qəbilələri ilə yanaşı, yəhudi qəbilələri Bəni Qaynuqa, Bəni Nadr və Bəni Qurayza arasında da bu cür problemlər yaşanır, ictimai həyatda tam etimadsızlıq hökm sürürdü.

Bu qarışıqlıq və ixtilaflar bəzən ağla gəlməyən ittifaqlar doğururdu: Məsələn, əvs qəbiləsi ilə Bəni Nadr və Bəni Qurayza qəbilələri  Bəni Qaynuqaya qarşı birləşir, eyni şəkildə xazrəc də Bəni Nadr və Bəni Qaynuqaya cavab olaraq Bəni Qurayza ilə ittifaq qururdu.

Mədinədə hökm sürən bu hərc-mərclik, parçalanmalar şəhərin quruluşuna da sirayət etmişdi. Hər bir qəbilə öz təhlükəsizliyini təmin etmək məqsədilə yaşadığı ərazinin  ətrafında qala divarları inşa etmiş və ancaq hasarlar arasında özlərini təhlükəsiz hiss edirdi. Buna görə də, Mədinədə həmin gün on üç möhkəm qala var idi.

Bu qədər problemin bir yerə yığılıb qalması insanlar arasında etibar, etimadı aradan qaldırmış və şəhərdə ticarət yox olmaq həddinə çatmışdı. Bu vəziyyət kənardan gələn tacirləri də narahat edir və zərurət olmayanda Mədinəyə gəlmirdilər.

Hətta Mədinə sakinləri bu üzücü və bezdirici müharibələrə son qoyub onları vahid mərkəzdə birləşdirəcək xarici bir gücün gəlişini arzulayırdılar. Bu arzu Peyğəmbərimiz üçün əlverişli şərait demək idi. Bunlardan bəhs edərkən Hz. Aişə anamız da bu cür hadisələrə diqqət çəkəcək, hicrət ərəfəsində Mədinədə hökm sürən xaosun Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) gəlişinə əlverişli şərait hazırladığını dilə gətirəcəkdi.[8] Allah Rəsulu (s.ə.s.) da bu vəziyyəti yaxşı dəyərləndirəcək, Mədinədə qayda-qanun və əmin-amanlığı təmin etmək üçün tərəfləri bir araya gətirərək minimum müştərək məsələlərdə razılıq əldə edəcəkdi.

Buna görə də, O (sallallahu əleyhi və səlləm), əvvəlcə Mədinə şəhərinin sərhədlərini müəyyənləşdirəcək, sərhədlər  daxilində qalan bölgə bundan sonra “harəm” adlanacaqdı.

Bundan sonra Mədinədə ilk dəfə olaraq əhalinin siyahıya alınması həyata keçirilir. Artıq Mədinə yenidən qurulurdu.

Əlbəttə, bu yeniliklər hamını məmnun etmirdi. Xüsusilə, mədinəli müşrik ərəblər narahatlıq keçirir, mühacir və ənsarı himayə etdiklərinə görə Məkkə müşriklərinin onlara da zərər verəcəyini düşünürdülər. Onsuz da, məkkəlilərin yaxın vaxtlarda Mədinəyə yürüşə çıxacaqlarına və əldən çıxan müsəlmanları burada darmadağın edəcəklərinə dair xəbərlər də eşidilirdi.

Peyğəmbərimizin (s.ə.s.) planı isə bütün bu əndişələri aradan qaldırmağa yönəlmişdi. Məkkədə olduğu kimi “Sizin dininiz sizə, bizim dinimiz də bizə” anlayışını hakim etməyə çalışır və döyüşsüz də Mədinədə müştərək yaşamağın örnəklərini ortaya qoyurdu. Bu anlayışa görə, dilindən, dinindən, irqindən və millətindən asılı olmayaraq hər kəs qarşı tərəfin etiqadına və fikirlərinə hörmətlə yanaşdığı müddətdə eyni havanı tənəffüs edəcək və Mədinədə xoşgörü iqlimi öz-özünə təşəkkül tapacaq, nə kimsə dinini dəyişdirməyə məcbur ediləcək, nə də kimsənin dini həyat tərzi təzyiqlərə məruz qalacaqdı. Bu, eyni zamanda, düşüncənin sərbəst ifadə azadlığını da ehtiva edir, düşüncənin mahiyyətindən asılı olmayaraq fikirlərin təbliğ hüququnu da özü ilə gətirirdi. Deməli, onlara ərz edilən təklif, hakimiyyəti deyil, hamının iştirakını rəhbər tutan müştərək həyatı  nəzərdə tuturdu.

Mədinəyə gəlişindən az vaxt keçməsinə baxamyaraq, Rəsulullahın (sallallahu əleyhi və səlləm) təsis etdiyi güvən və əmin-amanlıq şəraiti özünü hiss etdirmişdi: bütün Mədinə sakinləri də aralarında baş verən narazılıqlarda məsələni həll etmək məqamı kimi Allah Rəsuluna müraciət edilməli olduğunu ortaq tələb olaraq görürdülər.

İlk müqavilə:Əvs və xazrəc qəbilələri arasında

Mədinədəki ilk müqavilə əvs və xazrəc qəbilələri arasında bağlanacaqdı. Bunun üçün məclisdə iştirak edənlər fikirlərini bildirir və uzun müzakirələr nəticəsində verilən hökmə hörmətlə yanaşacaqlarını söyləyirdilər. Beləliklə, yüz illərdən sonra ilk dəfə əvs və xazrəc arasında davamlı müqavilə bağlanır və mədinəli müsəlmanlara, yəni ənsara çevrilən iki qəbilə arasında yüz illərdir sürən müharibələrə son qoyulur. Bu məqsədlə Ənəs ibn Malikin evində bir yerə yığışırlar və yazılı razılaşma imzalanır. Bununla da, müsəlman olan əvs və xazrəc qəbilələri arasında bağlanan bu müqaviləyə müsəlman olmayan ərəblər də “məvali” statusunda daxil edilmiş, əvs və xazrəcə tabe olaraq müqaviləyə qol çəkmişdilər. Hətta bu status sonralar meydana gələn müharibə şəraitində də nəzərə alınacaq və o gün müqaviləyə qol çəkən və buna sadiq qalanlar “Tövbə” surəsində bəhs olunan müharibə ultimatumundan azad olacaqdılar.[9]

Yazılı şəkildə təsdiq edilən müqavilədə bunlar  əksini tapırdı:

Bismilləhir rahmənir rahim.

Bu müqavilə peyğəmbər olan Məhəmməd tərəfindən Qureyş və Yəsribdəki (Mədinədəki) müsəlman və möminlər, onlara tabe statusunda olan başqa insanlarla, daha sonra gəlib eyni şərtləri qəbul edənlər və müştərək müdafiədə ortaq hərəkət edənlər arasında razılaşdırılan bir müqavilədir. Bunların (qeyd olunan iştirakçıların) hamısı başqa insanlar qarşısında vahid bir ümmətdir.

Bu giriş cümləsinin ardınca Peyğəmbərimiz (s.ə.s.) mühacirləri, sonra da Bəni Əvf, Bəni Səidə, Bəni Haris, Bəni Cuşəm, Bəni Nəccar, Bəni Amr, Bəni Nəbit və Bəni Əvs qəbilələrinin adlarını qeyd etdirir: Müqaviləyə görə, hər bir qəbilə öz aralarında adət olduğu şəkildə tökülmüş qanın əvəzini (qanpulu, diyət) ödəməkdə iştirak edəcək, hərbi əsirlərin azad edilməsi üçün verilən fidyələri də möminlər arasındakı yaxşılıq, ədalət və məntiqi prinsiplərə görə ödəməyi qəbul edəcəkdilər. Yenə bütün qəbilələr yaxşı və gözəl olanı cəmiyyətdə yaymağa, pis və çirkin olanları da aradan qaldırmağa birgə səy göstərəcək və beləliklə, cəmiyyətdə fəzilətə və ədalətə əsaslanan, əqidəsindən asılı olmayaraq mənfilikləri gizlətməyən və cinayət törədənlərin cəzalandırılmasında müştərək hərəkət edən bir düşüncə tərzi formalaşacaqdı. Müqavilənin sonunda qeyd olunurdu ki, bir anlaşılmazlıq olacağı təqdirdə məsələ Allahın və Onun Rəsulu Hz. Muhəmmədin hökmü ilə həll olunacaqdı.[10]

Davamı: 1 2 3 4 5 6 7 8 9