Səhabələr

Yenidən məkkə

Sonra da Kəbəyə gəlir və dəvəsinin üstündən oradakı adamlara: − Ey Qureyş! Yaxşı bilin ki, mən Məhəmmədə aman verdim. Heç kim Ona toxunmasın! − deyə xitab edərək bunu Məkkəyə elan edəcək və Məhəmmədül-Əminə toxunan adamın, qarşısında özünü görəcəyini söyləyəcəkdi. Bundan sonra Allah Rəsulu (s.ə.s.) Hz. Zeydlə birlikdə Məkkəyə daxil olur. İlk hədəf yenə Kəbə idi. Onu salamladıqdan sonra iki rükət namaz qılır, sonra da evinə gedir. Bütün bu müddətdə Mutim ibn Adiyy oğlanları ilə birlikdə onu qoruyur və heç kimin Ona pislik etməsinə imkan vermir.[1] Digər tərəfdən də öz mübarizəsindən narahat olan Əbu Cəhil  Mutimə yaxınlaşır və: − Sən Ona sadəcə aman verdin, yoxsa müsəlman oldun? − deyə soruşur. Mutim: − Xeyr, müsəlman olmamışam, sadəcə aman verdim, − deyir. Əbu Cəhil də elə bu cavabı gözləyirdi və rahat nəfəs alıb bunları deyir: − Elə isə sənin aman verdiyin adama biz də toxunmarıq![2] Bu necə aman vermək idi ki, ən qəddar düşmənlərindən Onu yenə başqa bir düşməni qoruyur və bütün ailə üzvlərinin həyatı bahasına Ona toxunmalarına icazə vermirdi?! Deməli, cəmiyyətdə sözün keçə bilməsi və tələblərin təsirli ola bilməsi üçün insanlıq məsələsində ortaq məxrəcə gəlmək və hamının qibtə edəcəyi bir xüsusiyyətə malik olmaq lazım idi. Bunun adı etibar və güvənc idi və onun da təməli saflıqdan qaynaqlanırdı. Bu, elə bir dəyər ifadə edirdi ki, onu heç bir mənfəətlə əvəz etmək olmazdı. Çünki həmin gün Mutimə dünyanın ən bahalı xəzinələri də təklif edilsəydi, belə bir riskə girməz və Məkkəyə qarşı gəlməzdi. Ancaq Məhəmmədül-Əminə duyduğu etimad hissi və Ona edilənlər qarşısında günahsızlığı Mutim kimiləri hərəkətə gətirir və bu qeyri-insani davranışlara mane olmaq ehtiyacını hiss etdirirdi.
Davamı: 1 2 3 4 5 6 7