Səhabələr

Yenidən məkkə

Nəticəsindən asılı olmayaraq, Allah Rəsulu (s.ə.s.) təbliğ vəzifəsini davam etdirirdi. Bu müddət ərzində, az da olsa, bəzi adamlar müsəlman olmuşdular. Onlardan biri də Süveyd ibn Samit idi. O, şair idi və şeirdəki məharətinə görə, qəbiləsi ona “Kamil” deyə xitab edirdi. Süveyd Peyğəmbərimizlə (s.ə.s.) danışarkən Ona: − Hər halda Sənin dediklərin də mənimkilər kimi olmalıdır, − deyir. Allah Rəsulu (s.ə.s.): − Sənin bildiklərin nələrdir? − deyə soruşur. − Loğmanın hikmətləri, − cavabını verir Süveyd. Buna müqabil Peyğəmbərimiz: − Onlardan bir neçəsini Mənə deyərsənmi? − deyir. Süveyd bildiklərini sıralamağa başlayır. Bunları eşidən Hz. Məhəmməd (s.ə.s.): − Bu sözlər çox gözəldir. Ancaq mənim sözlərim bunlardan daha fəzilətlidir, çünki o, Allahın mənə göndərdiyi Qurandır, hidayət və nur qaynağıdır, − buyurur. Sonra da Quran ayələrindən oxumağa başlayır. Oxuyub qurtarandan sonra Süveydi İslama dəvət edir. Süveyd çox ağıllı adam idi. O: − Həqiqətən də, bunlar çox gözəl ifadələrdir, − deyərək elə oradaca müsəlman olur.[4] Bir gün Mədinənin Evs qəbiləsindən olan bəzi adamlar Məkkəyə gəlmiş,  xazrəclilərə qarşı başlayacaq döyüşdən əvvəl özlərinə dəstək axtarırdılar.[5] Bunu eşidən Allah Rəsulu (s.ə.s.) onların yanına gəlir və: −  Sizə gəldiyiniz məqsəddən daha xeyirli bir yol göstərimmi? − deyir. − Yaxşı, nədir o? − deyə soruşurlar. Rəsulullah (s.ə.s.): − Mən Allahın Elçisiyəm. O, məni bütün bəndələrinə peyğəmbər olaraq göndərdi. Mən də sizi yalnız Allaha ibadət etməyə və Ondan başqasını Ona şərik qoşmamağa dəvət edirəm. O, Mənə Kitab da göndərdi, − buyurur. Sonra da İslamla bağlı əsas məsələlərdən danışıb Quran oxuyur və onlara da bütün bunlara iman gətirmələrini təklif edir. Dəstənin arasında İyas ibn Muaz adlı bir nəfər var idi və o, irəli çıxıb: − Ey camaat! Bu, həqiqətən də, bizim axtardığımızdan daha xeyirlidir, − deyir. Dəstədən etiraz səsləri yüksəlir, hətta aralarından bir nəfər qabağa çıxıb yerdən götürdüyü torpağı İyasın üstünə ataraq açıq-aşkar etirazını bildirir və belə deyir: − Ona qulaq asma! Biz bura bunun üçünmü gəlmişik?
Davamı: 1 2 3 4 5 6 7