Səhabələr

Yenidən məkkə

Sonra da: − Mənə məsələnin həqiqi tərəfini danış, − deyir. Bir ulduz da parlamaq üzrə idi. Buna görə də Peyğəmbərimizin (s.ə.s.) sevincinə söz yox idi. Dərhal danışmağa başlayır. İslamla gələn gözəlliklərdən bəhs edir və sonra da Quran oxuyur. Bunlar Tüfeylin həyatında eşitdiyi ən gözəl ifadələr idi... Bu günə kimi bundan lətif və səbatlısına heç vaxt şahid olmamışdı... Elə oradaca kəlmeyi-şəhadət gətirərək müsəlman olur. Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlib Ondan işıq alan hər bir səhabədə müşahidə edilən dəyişiklik onda da özünü göstərirdi. Hələ ilk addımlarını atdığı yerdə inandığı dəyərlərə başqa adamların da gəlməli olduğunu düşünür və buna görə Peyğəmbərimizə belə deyir: − Öz qövmüm içində mənim mövqeyim çox yaxşıdır: mən nə desəm, onlar sözümü yerə salmaz, mənə qulaq asarlar. İndi mən onların yanına gedən kimi İslamdan bəhs edəcəyəm və onları İslama dəvət edəcəyəm. Ey Allahın Rəsulu! Məni gördükləri vaxt tayfamın təsirlənəcəyi bir əlamət bəxş edib sözlərimə qüvvət verməsi üçün Allaha dua edərsənmi? Bu səmimiyyətə müsbət cavab verməmək olmazdı. Peyğəmbərimiz (s.ə.s.) elə oradaca dua etməyə başlayır... Tüfeyl Rəsulullahın (s.ə.s.) hüzurundan ayrılır. O, qövmünü İslama dəvət etmək üçün öz yurduna qayıdırdı. Kəndə yaxınlaşanda birdən üzündə səhərin aydınlığı kimi bir nur əmələ gəlir. Qorxaraq öz-özünə: − Allahım! Üzümdə qəribəlik oldu. İndi mənə “Bu müslədir” (Müslə − başqalarına ibrət olsun deyə, burnu, qulağı və s. üzvləri kəsib, gözləri oyaraq çirkin bir şəklə salmaq surətiylə düşmənə cəza vermək ) deyəcəklər, − deyir, hələ işin başlanğıcında bir problemlə qarşılaşmaqdan çəkindiyini ifadə edir. Bir anda bu nur əlindəki əsanın ucuna doğru sürüşür. Bu, qövmünə qarşı qolunu gücləndirən və onların imana gəlməsini asanlaşdıran bir möcüzə idi; Tüfeylin yoluna işıq salan bir gecə lampası kimi idi. Evə gələr-gəlməz başına gələnləri əvvəlcə anasına və atasına danışır və onları İslama dəvət edir. Valideynlərinin ona etimadı var idi və elə oradaca da müsəlman olurlar. Amma qövmü bu qədər həssas deyildi: Tüfeylin bütün cəhdlərinə baxmayaraq, qəlb qapılarını bağlamışdılar və heç bir yumşalma əlaməti görünmürdü.[7] Müşriklərin təbliğatına məruz qalanlardan biri də Dimad əl-Əzdi idi. O da işləri ilə bağlı Yəməndən yola çıxmış, Məkkəyə gəlirdi. O, dua oxuma üsulu ilə bəzi əşyaların üstünə oxuyaraq bununla insanlara faydalı olmağa çalışırdı. Məkkəyə addımını atan kimi müşriklərdən bəziləri yolunu kəsir və Allah Rəsulunun (s.ə.s.) yanına yaxınlaşmamaq barədə onu təlimatlandırdıqdan sonra belə deyirlər: − Şübhəsiz ki, Məhəmməd məcnundur.
Davamı: 1 2 3 4 5 6 7