Səhabələr

Yenidən məkkə

Bunu eşidən kimi Dimad öz-özünə: − Mən bu adamın yanına gedim, bəlkə də, Allah mənim əlimlə Ona şəfa verər, − deyə fikirləşir. Bir gün yolu Allah Rəsulu ilə eyni yerdə kəsişir. − Ey Məhəmməd! Mən dua oxuyaraq adamları müalicə edirəm. Sənin də buna ehtiyacın varmı? − deyə soruşur. Qəribə bir görüş və qəribə bir təklif idi. Oxumaqla müalicəyə, əslində, onun ehtiyacı var idi. Rəsulullah (s.ə.s.): − Heç bir şübhə yoxdur ki, şükür Allaha məxsusdur, − deyə sözünə başlayır. Biz də köməyi ancaq Ondan diləyirik. O, kimə hidayət murad etmişdirsə, artıq heç kim ona zərər verə bilməz və kim də dəlalət yolunu seçib Ondan uzaqlaşmışdırsa, onu da heç kim hidayətə gətirə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və yenə şəhadət edirəm ki, Məhəmməd də Onun qulu və Rəsuludur. Sözün əslinə gəlincə... Peyğəmbərimiz (s.ə.s.) sözlərinə davam edəcəkdi, amma Dimad Onun sözünü kəsir: − Bu dediklərini bir də təkrar edərsənmi? − deyir. Allah Rəsulu (s.ə.s.) bir dəfə deyil, üç dəfə təkrar edir. Bu Dimada kifayət etmişdi: − Mən indiyə kimi bir çox kahinlər gördüm, sehrbazların etdiklə­rinə şahid oldum və neçə-neçə şairlərə qulaq asdım, amma Sənin dediyin kəlmələr qədər gözəlinə heç vaxt rast gəlmədim! Bunlar sonsuz dəniz kimi tükənməz ifadələrdir. Uzat əlini, mən Sənə beyət edəcəyəm, − deyərək ona uzanan əli tutub kəlmeyi-şəhadət gətirir və müsəlman olur.[8] Bu vaxt Mədinədən altı nəfərlik bir heyət gəlmişdi. Peyğəmbərimiz ümidlə onların da yanına gedir. Salam verdikdən sonra: − Siz kimsiniz? − deyə soruşur. − Xazrəcdən olan bir dəstəyik, − deyirlər. Bu ad Allah Rəsuluna tanış idi. Ona görə də: − Züfərin dostu və müttəfiqi olan xazrəclidirmimi? − deyə başqa bir sual verir. Xazrəcin müttəfiqi olan Züfər Mədinədə Allah Rəsulunun (s.ə.s.) zühurundan tez-tez danışan bir adam idi. − Bəli, − deyə sözü təsdiq edirlər. Səmimi davranırdılar. Allah Rəsulu (s.ə.s.): −  Bir az oturub söhbət edə bilərik? − deyir. − Olar, − deyirlər. Bundan sonra Rəsulullah (s.ə.s.) onlarla xeyli söhbət edir. Qurandan onlara bəzi ayələri oxuyur. Əsad ibn Zürarə, Avf ibn Haris, Ukbə ibn Amir, Kutbə ibn Amir, Rafi ibn Malik və Cabir ibn Abdullahdan ibarət olan bu gənc ənsar heyəti Onun (s.ə.s.) danışdıqlarından çox təsirlənmişdi. Zaman-zaman babalarının danışdıqlarını xatırlayırdılar. Babaları “Faran dağlarının arasında İbrahimin nəslindən bir Peyğəm­bər gələcək,” − deyirdilər. Bundan başqa, qonşuları olan yəhudilərlə döyüşüb məğlub olanda da onlara “İndi məğlub olduq. Amma yaxınlarda gələcək bir Peyğəmbərlə yenidən güclənəcək və sizə qalib gələcəyik” şəklində təhdidlər yağdırırdılar. Halbuki, bu peyğəmbərə ilk inananlar məhz özləri olacaq və bununla da tarixə Ərəbistan yarımadasının ən əziz adamları kimi düşəcəkdilər. Gözlənilən Nəbi zühur etdiyi halda, gözləməyin bir mənası vardımı?! Buna görə də, Allaha iman edən bu səmimi Elçiyə qulaq verir və Ona ürəkdən iman gətirirlər. Məkkədə adam qıtlığının hökm sürdüyü bir vaxtda, aylarla davam edən səylər nəticəsində bir və ya iki nəfər iman cərgəsinə keçdiyi halda, yalnız bir neçə saatlıq söhbət nəticəsındə altı nəfər mədinəlinin İslamı qəbul etməsi Peyğəmbərimizi sürura qərq etmişdi. Ayrılıq dəmi gəlmişdi. Bu Böyük İnsanla oturub danışmaq gözəl idi, amma artıq Mədinəyə qayıtmaq vaxtı çatmışdı. Onlar Məkkəni tərk edəcək, öz yurdlarına qayıdacaqdılar.[9] Ayrılmamışdan əvvəl öz aralarında razılaşırlar:  gələn il yenə gəlib burada Allah Rəsulu (s.ə.s.) ilə görüşəcək və bu ərəfədə Mədinədə də yeni adamlar tapıb özləri ilə gətirəcəkdilər. Artıq Mədinə yeni bir mədəniyyətə qapı açırdı. Məkkəyə qayıdan Allah Rəsulunun xeyli vaxtdan sonra ilk dəfə üzündə təbəssüm cizgiləri görünürdü.
 
[1]. Bax: ibn Sa’d, Tabakat, 1/212
[2]. Taberi, Tarih, 1/555; Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 127, 128
[3]. Taberi, Tarih, 1/556; Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 129, 130
[4]. Taberi, Tarih, 1/557; Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 130
[5]. Peyğəmbərliyin on birinci ili idi və Mədinədə Əvs və Xazrəc qəbilələri arasındakı narazılıqlar özünün kulminasiya nöqtəsinə çatmış, döyüş başlamaq üzrə idi. Say etibarilə xazrəclilərdən az olan Əvs qəbiləsi kənardan yardım istəmək qərarına gəlmiş və bununla da qüvvələr nisbətini öz xeyirlərinə dəyişməyi qarşılarına məqsəd qoymuşdular.
[6]. Bax: Ahmed b. Hanbel, Müsned, 5/427 (23668); ibn Sa’d, Tabakat, 3/438
[7]. Bax: İsbahani, Delail, 1/213-214; ibn Kesir, el-Bidaye ve’n-Nihaye, 3/99
[8]. Bax: İsbahani, Delail, 1/193-194; İbn Sa’d, Tabakat, 4/241
[9]. Bax: ibn Hişam, Sire, 2/276 və b.
Davamı: 1 2 3 4 5 6 7