Səhabələr

Yenidən məkkə

Ətrafdakı qəbilələrə təbliğ Görünür, artıq Məkkə qapılarını bağlayırdı. Taifdən də istədiyi cavabı ala bilməmişdi. Ancaq nə qədər ki ruh bədəndə idi, təbliğ vaz keçilməz bir vəzifə idi, çünki bunda Rəbbin razılığı var idi. Buna görə də Rəsulullah (s.ə.s.) yaxınlaşan həcc mövsümünü də yaxşı dəyərləndirməklə İslamı daha geniş kütlələrə çatdırmaq istəyirdi. Bu səbəblə də qəbilə-qəbilə gəzib-dolaşmağa başlayır. Getdiyi hər qəbilədə haqdan danışır, Allahın əmrlərini insanlara çatdırır və onları iman gətirməyə dəvət edirdi. Çox təəccüblü idi, sanki bu qəbilələr də məkkə xalqı ilə sözləşmişdi. Allah Rəsulu (s.ə.s.) onlardan da gözlədiyi cavabı ala bilmirdi. Hər birinin fərqli tələbləri ilə qarşılaşır və ya başqa mənfəət güddüklərinə şahid olurdu. Onlardan biri: − And olsun ki, biz bu adamı Qureyşdən qoruyub himayə etsək, ərəblər bizi məhv edər, − deyir, başqası da Peyğəmbərimizə: − Biz indi Sənə söz verib razılaşsaq və Səni qorusaq, sabah Allah Səni müxaliflərinə qarşı qalib edəndən sonra biz məsələyə nəzarət edə bilərikmi? − deyib bunu bir növ mənfəət məsələsinə çevirirdi. Təbii ki, Allah Rəsulu (s.ə.s.) bu və bu kimi məsələlərə imkan verməyəcəkdi: − İşin nəticəsi Allaha aiddir. O, bu işi kimə istəyərsə, ona da verər, − buyuracaqdı. Bu dəfə: − Biz Səni qorumaq üçün başımızı ərəblərin qılıncının altına uzadacağıq və axırda da Allah Sənə zəfər bəxş edəndən sonra iş başqalarına veriləcək! Bizim belə bir işə qol qoymağımız  mümkün deyil, − deyə cavab verəcəkdilər. O günlər könlü  Kəbədə ola-ola qocalıq üzündən Məkkəyə gələ bilməyən qəbilə üzvləri də vardı. Onlar həcc mövsümü qurtarınca Məkkədən qayıdanlardan nələrə şahid olduqlarını soruşardılar. Qayıdanlar da gördükləri maraqlı hadisələrdən bəhs edərkən Məhəmməd adlı bir nəfərin onları Allaha iman gətirməyə dəvət etdiyindən, özünün axırzamanda göndərilən son peyğəmbər olduğunu dediyindən, bəyanlarına qulaq asıb Ona sahib çıxmaları haqqında dediyi sözlərdən danışırlar. Bunu eşidən yaşlı adamlardan biri əllərini başına qoyur və böyük bir fürsəti əldən verməyin həyəcanı ilə bunları deyir: − Ey Amiroğulları! Siz necə bir fürsəti qaçırdığınızı bilirsinizmi? Əlimizdən necə bir quşun uçduğunu başa düşürsünüzmü? Nəfsim qüdrəti əlində olana and olsun ki, bu, İsmailin bizə verdiyi xəbərdir və bu, həqiqətdir. Necə oldu ki, siz bunu dərk edə bilmədiniz?[3]
Davamı: 1 2 3 4 5 6 7