Səhabələr

Yenidən məkkə

Qəbiləsinin kəskin etirazı ilə qarşılaşan İyas susmuşdu. Mədinəyə qayıdarkən nə bir dəstək tapmış, nə də ayaqlarına kimi gələn həqiqət­dən bir  pay ala bilmişdilər! Ancaq İyas çox keçmədən xəstələnəcək və bu müddət ərzində müsəlman olduğunu davamlı təkbir gətirib həmd-sənanı dilindən heç əskik etməməklə ifadə edəcəkdi.[6] Tüfeyl ibn Amr Evs qəbiləsi arasında hörmət edilən, etibarlı bir şair idi. Hətta Yəmən tərəflərdəki müəyyən işləri də qəbiləsinin adından o həyata keçirirdi. Bir gün onun da yolu Məkkəyə düşür. O dövrdə Məkkədə Allah Rəsuluna qarşı elə mütəşəkkil antitəbliğat aparılırdı ki, Tüfeyl hələ Məkkəyə çatmamış məkkəlilər onun yolunu kəsir, Peyğəmbərimizlə görüşməməyi və danışmamağı ona əvvəlcədən xatırladırlar. Qonağa xüsusi hörmət-izzət göstərməkdə heç bir qüsura yol verməyən müşriklər ona belə deyirlər: − Ey Tüfeyl! məmləkətimizə xoş gəlmisən! Bizim aramızdan çıxan bu adam  bizi çox çətin vəziyyətdə qoydu.  O, bizim birliyimizi dağıdıb ahəngimizi pozdu. Sanki, sözlərində bir sehr var, insanı tilsimləyib öz arxasınca aparır. Ata ilə oğulun, ərlə arvadın və qardaşla qardaşın arasını vurur. Doğrusu, biz bu adamın sənə və tayfana təsir edəcəyindən qorxuruq. Həmin adama qətiyyən qulaq asma və gedib Onunla danışma! Bu insanlar bir şəxs haqqında bu qədər həssaslıqla danışdıqlarına görə, həqiqətən, haqqında danışılan çox təsirli olmuşdu və buna görə də Tüfeyl tədbirini görəcək, həmin adamın bircə kəlməsini də eşidib təsirinə düşməmək üçün qulaqlarını tıxayıb Kəbəyə gələcəkdi. Olacağa çarə yoxmuş... Allah Rəsulu da Tüfeylin gəldiyi vaxt Kəbədə namaz qılırdı. Tüfeyl uzun müddət Onu seyr edir. Elə səmimi Quran oxuyurdu ki!.. İstəməsə də, bəzi sözləri eşidir, həm gördüklərindən, həm də eşitdiklərindən çox təsirlənir. Öz-özünə fikirləşməyə başlayır: − Mənim halıma bax! Mən niyə qulağımı tuturam ki? Halbuki, mən şeirin incəliklərini bilən, sözün gözəlini çirkinindən ayırmağı bacaran, iradəli bir adamam. Elə isə, nəyə görə bu adamın dediklərinə qulaq asmayım?! Əgər dedikləri gözəldirsə, qəbul edərəm, yox, əgər pis şeylər deyirsə, o vaxt ondan uzaq gəzər və öz işimlə məşğul olaram. Qulağını açması ilə bərabər könlünə gedən yollar da açılmış, eşitdikləri, qəlbindəki  buzları əritməyə başlamışdı. Bu, hətta o səviyyəyə çatır ki, Hz. Məhəmməd (s.ə.s.) namazını qılıb, Quranını oxuyub qurtarınca Tüfeyl özü də hiss etmədən Onun ardınca düşür. Evinə kimi Allah Rəsulunu (s.ə.s.) təqib edir və Onun arxasınca özünü içəri salır. Bütün qapılar aralanmış və sanki Tüfeyl çox isti bir dünyada doğulmuşdu. Bu isti ab-havanı görən kimi Tüfeylin dili açılır və başına gələnləri bir-bir danışır: buraya qədər gəlişindəki məqsədindən, şəhər kənarında onu qarşılayan məkkəlilərin dediklərindən, kəlamını eşitməmək üçün qulağını necə tıxadığından və Kəbədə Onu görəndən sonra ruhunda baş verən dəyişiklikdən bəhs edir...
Davamı: 1 2 3 4 5 6 7