Səhabələr

Ayrılıq vaxtı yaxınlaşarkən…

Vida  həcci

Artıq Kəbə müşriklərdən təmizlənmiş və Beytullah da özünə layiq ibadətlə tanış olmuşdu. Onu təvaf edənlər nə əl çalır, nə də libaslarını soyunurdular! Allah Rəsulunun (s.ə.s.) həcc vəzifəsini yerinə yetirməsinə bir əngəl qalmamışdı və onuncu ilin zilqədə ayında Allah Rəsulu əshabına da elan edərək həcc vəzifəsinin icrası üçün hazırlıq görür!

Zilqədə ayının sonuna beş gün qalmış, bir şənbə günü günorta namazını qılıb Mədinədən hərəkət edir. Şəcərə yolunu tutub Zül-Hüleyfəyə qədər gəlir və gecəni burada keçirir. Səhər açılan kimi əshabına "gecə ikən Ona Rəbbindən bir elçi gəlib bu mübarək vadidə namaz qılmağı əmr etdiyini" bildirir; bununla səfərdə həcc və ümrəyə eyni anda niyyət etdiyini göstərirdi.

Ehrama girməzdən əvvəl qüsl alan Allah Rəsulu (s.ə.s.) gözəl ətirlər vurur və bayrama gedirmiş kimi həcc səfərinə çıxır. Yola başlanğıcında üzünü insanlara tutub ehramdan təkbir və təlbiyəyə qədər bir çox məsələlərlə bağlı onları məlumatlandırır. Qurban kəsmək üçün özü ilə yüzə yaxın dəvə götürmüş və bunların hamısına da qurbanlıq olduğunu bildirən işarə qoymuşdu!

Əshab da Onun təlbiyəsinə qoşulur:

– Ləbbeyk, Allahümmə ləbbeyk. Ləbbeykə lə şərikə ləkə ləbbeyk. İnnəl-hamdə vən-nimətə ləkə vəl-mülk; lə şərikə lək, – nidaları ilə yeri-göyü inlədirlər!

Hicrət etdikləri yolla gedir və növbə ilə Beyda, Mələl, Şərəfüs-Səyyalə, Rəvha, İrquz-Zibya, Munsaraf, Əsayə, Arc, Ləhyi Cəməl, Süqya, Əbva, Cuhfə, Humm, Ərzaq, Qudeyd, Müşəlləl, Ufsan, Gamım, Mərruz-Zəhran, Sərif məntəqələrindən keçirlər! Bir həftə çəkən səfərdən sonra Zi Tuvaya çatırlar. Zi Tuvada fasilə verir, gecəni də burada keçirirlər. Zilhiccə ayının dördüncü günü idi və Allah Rəsulu sabah namazını qıldıqdan sonra qüsl alıb  Məkkəyə hərəkət edir. Günəşin tən ortada olduğu vaxt Məkkəyə girir. Yenə üst tərəfdən daxil olurdu!

Gələn kimi Kəbəyə yönəlir. Rüknü istilam edir, sonra da təvafa başlayır. İlk üç şaftda addımlarını sürətləndirirmiş kimi rəml edir* (*Rəml etmək – "addımları qısaldıb çiyinləri silkəyərək yerimək" deməkdir). Qalan dörd şaftı isə normal yerişlə tamamlayır. Təvafı bitirən kimi Məqami-İbrahimə yönəlir, "Biz Beytullahı insanlara savab və əmin-amanlıq yeri etdik. Siz də "İbrahimin durduğu yeri (Məqami-İbrahimi) namazgah edin! İbrahim və İsmailə də: "Evimi təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar (etiqafa girənlər), rüku və səcdə edənlər üçün tərtəmiz saxlayın!"[1] deyə əmr etmişdik" məallı ayəni oxuyur!

Davamı: 1 2 3 4 5 6 7 8