Səhabələr

Bədrə Doğru

Hətta o zaman İbn Məsud bir yuxu görmüş və bu röyasını da belə yozmuşdu ki, Əbu Cəhli özü öldürəcək. Buna görə də ona yaxınlaşır və ayağını yavaşca başına toxunduraraq: – Səni rəzil və rüsvay edən Allaha həmd olsun, ey Allah düşməni! İndi ağlın başına gəldimi? – deyə səslənir. Əbu Cəhil elə əvvəlki Əbu Cəhil idi. Nə məğlubiyyəti ilə barışmaq istəyir, nə də küfründən vaz keçirdi. İbn Məsudun bu sözlərinə cavab olaraq deyir: – Niyə rəzil və rüsvay oluram ki! Nəticədə bir adam öldürmüş olursunuz! Məni öldürən bir ayağı yalından ötrü rəzil olacağam?! Əbu Cəhlin dərdi başqa idi, fikri döyüşdə qalmışdı. Bir macəradan ötrü Bədrə gətirdiyi  ordunun vəziyyətini öyrənmək istəyirdi və  çətinliklə soruşur: – Sən mənə de, görüm, kim qalib gəldi? – Zəfər Allah və Rəsulunundur, – deyə  İbn Məsud hayqırır. Əbu Cəhli öldürən bu xəbər olur. Kin və nifrətindən zərrə qədər əl çəkməyən bu adam acı-acı İbn Məsuda baxır. Bu baxışlar eyni zamanda küfrün can verməsi idi. Ancaq qürurundan da keçmək istəmirdi. Bu halında belə İbn Məsudu alçaldır və onun məqamını, qalib mövqeyini qəbul etmək istəmirdi. Onu hələ də qoyun çobanı kimi görürdü. Halbuki qoyun otarmaq eyibli iş deyildi. Həm də hər peyğəmbərin qoyun otardığını Rəsulullahın özü bəyan etmişdi. Bəli, İbn Məsud da qoyun otarmışdı, amma Əbu Cəhlin əsas məqsədi ölüm ayağında onu təhqir etmək idi. Bu, səbir kasasını daşırdan son damla olmuş və qaçılmaz sonunu özü hazırlamışdı. Və... İllərin vəbalını çiynində daşıyan Əbu Cəhlə son zərbəni İbn Məsud endirir. Küfrün mühüm bir qalası da yıxılır. Onun ölümü eyni zamanda Bədrin dönüş nöqtəsi idi. Çünki məcburiyyət qarşısında Bədrə gələn müşriklər onun öldüyünü eşidər-eşitməz qaçmağa başlamışdı. Bu müjdə ilə Rəsulullahın  (s.ə.s.) hüzuruna gələn İbn Məsud: – Ya Rəsulullah, – deyə səslənir və Əbu Cəhlin ölüm xəbərini verir. Xəbəri eşitcək Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əvvəlcə: – Lə ilahə illəllah, – deyir. Sora isə soruşur: – Həqiqətən, öldürüldümü? – Bəli, – deyincə öncə səcdəyə qapanır və sonra da iki rükət namaz qılıb: – İslamı və Müsəlmanları əziz edən Allaha həmd olsun! – deyə şükr edir. Artıq haqla batilin arası müəyyənləşib müşriklər qaçmağa başlayınca Allah Rəsulu (s.ə.s.) qılıncını çəkib onları təqib etməyə başlayır. Bu təqib əsnasında yenə: "Bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!"[35] ayəsini təkrar edir. Bu ayə bundan beş il öncə Məkkədə nazil olmuşdu və səhabələr o vaxtdan müşrik ordusunun məğlubiyyətə uğrayıb qaçacağı günü gözləyirdi. Bədir günündə müşriklərin qaçdığına və onları təqib edən Allah Rəsulunun bu ayəni oxuduğuna şahid olan səhabələrin həmin ayənin hələ o günlərdən Bədri müjdələməsinə şübhələri qalmamışdı. Artıq Bədir meydanında bir kənarda qolları bağlı dayanıb gözləyən əsirlərdən və müşrik cəsədlərindən başqa Qureyş ordusundan əsər-əlamət yox idi. Bir dəstə səhabə Rəsulullahla (s.ə.s) birlikdə əsirləri yoxlayırdı. Bu əsnada səhabələrdən biri irəli çıxaraq indi də növbənin qaçan karvana çatdığını söyləyir. Bunu əsirlər arasında olan Rəsulullahın əmisi Hz.Abbas da eşidir və dərhal səsini ucaldır: – Xeyr, bu, sənə halal olmaz!