Səhabələr

Bədrə Doğru

Bədir döyüşündə iştirak etməyən bəzi səhabələrə də qənimətdən pay verilməsi diqqət çəkirdi. Bunlar döyüş vaxtı Mədinədə vali qalan Əbu Lübabə ibn Abdülmünzir, Əbu Sufyanın karvanını təqib etmək üçün Şama tərəf göndərdiyi Talha ibn Übeydullah və Said ibn Zeyd, Ruqiyyə validəmizin xəstəliyi səbəbindən gələ bilməyən Hz.Osman, Qubada vəkil qoyduğu Asim ibn Adiyy, Haris ibn Xatib, Havvat ibn Cübeyr və Haris ibn Summə kimi şəxslər idi. Həmçinin Bədirdə şəhid olan on dörd nəfərin adına da pay ayrılmış və yaxınlarına verilmək üçün bir kənarda qoyulmuşdu. Qənimətlər bölüşdürülərkən daha çox səy göstərənlərə fərqli yanaşılacağını gözləyənlər də var idi. Doğrusu, qənimət hökmü ayə ilə sabit olan bir halaldır və bununla əlaqədar meydana çıxan hər bir məsələni şəxsən Rəsulallahdan öyrənmək mümkün idi. Ona görə Sad ibn Muaz soruşur: – Ya Rəsulallah! Döyüşdə süvari kimi önəmli vəzifələri yerinə yetirənlərə də zəif və gücsüzlərə verdiyin qədər  qənimət payı verəcəksən? Rəsulullah  (s.ə.s.) üzünü Sad  ibn Muaza tutub şirin bir dillə: – Ay anası övladsız qalası, – deyir, – məgər siz zəif və gücsüzlərin vəsiləsi ilə qələbəyə nail olmursunuzmu? Safraya çatanda Allah Rəsulunun (s.ə.s.) göstərişi ilə təkbətək döyüşə çıxan və ayağından yaralanan altmış üç yaşlı əmisi oğlu Ubeydə ibn Harisin taqəti qalmamışdı. Allah Rəsulu (s.ə.s.) şəfqət dolu baxışları ilə təsəlli verirdi, amma görünür, Ubeydə  ibn Haris çox əzab çəkirdi. Hərçənd o, şəhid olaraq öləcəyi üçün mənən çox rahat idi; bu müjdəni döyüşdən sonra şəxsən Rəsulullahdan almışdı. İndi isə müjdənin gerçəkləşməsi vaxtı idi və başı Rəsulullahın (s.ə.s.) dizində vəfat edir. Rəvha adlı yerə gəldikləri zaman onları qarşılamaq üçün Mədinədən gələn izdihamla rastlaşırlar. Həmin gün Rəvhada əsl bayram əhvali-ruhiyyəsi hakim idi. Məkkə ordusu üzərində qazanılan zəfəri qeyd edir və böyük-kiçik bu sevinci bir-birilə bölüşürdülər. İzdihamın onları bu qədər ucaltdığını görən Sələmə ibn Səlamə deyir: – Niyə məsələni bu qədər böyüdüb bizi qarşılayırsınız ki? Allaha and olsun ki, biz, sanki,  saçları tökülmüş, beli bükülmüş qocalar və ya ayaqları bağlanmış qurbanlıq dəvələrlə qarşılaşdıq! Bizə yalnız onların boyunlarını vurmaq qalmışdı, biz də onu etdik![45] Eyni zamanda bu, öz əməllərini böyük görüb ilahi inayəti görməməzliyə vurmamaq amacı ilə ortaya qoyulmuş həssaslıq idi və bunu eşidən Allah Rəsulu (s.ə.s.) əvvəlcə gülümsəyir, sonra isə: – Ey qardaşoğlu! Əslində onlar seçilmiş insanlar idi; onları uzaqdan görəndə  əzəmətindən ürkər, sənə bir şey əmr edəndə də dərhal yerinə yetirərdin! Onların gördüyü işlərlə öz hərəkətlərini müqayisə etdikdə, öz etdiklərini kiçik nəzərlə baxar, onları isə gözündə böyüdərdin! Ancaq onların Nəbilərinə qarşı etmədikləri pislik qalmadı! – buyurur. Bunlar eyni zamanda Qureyşin başına gələnlərin əsl səbəbini də konkret göstərirdi. Allah Rəsulu (s.ə.s.) əsirlərdən bir gün əvvəl, çərşənbə günü Mədinəyə çatır. Vəda təpəsində toplanan insanlar nurlu ay kimi doğan Allah Rəsuluna nəşidələr (şeirlər) oxuyur və onu bağırlarına basırlar. Onun müzəffər və mənsur (qalib) şəkildə Bədirdən döndüyünü görən bir çox insan gəlib müsəlman olduğunu elan edir. Çünki kafirlərin bir dayaqları qalmamış və nifaq saxlayanların da ümidləri tükənmişdi. Abdullah ibn Übeyy ibn Səlul da bunların arasında idi. Onun (s.ə.s.) gəlişini görən Yəhudilər isə: – Bax, Tövratda vəsflərini gördüyümüz peyğəmbər bu peyğəmbərdir, – deyir və təslim olduqlarını ifadə edirdilər.