Səhabələr

Bədrə Doğru

Əsas fikir aydın olmuşdu. Allah Rəsulunu (s.ə.s.) qənaəti də bu istiqamətdə idi. Çünki bu günə qədər gələn ayələr insanları əfv edərək, hikmət və xeyirli işlərə nəsihətə və dəvətə əsaslanırdı. Quranla bütünləşmiş bir insan olaraq hər kəsi əfv etmək Onun xarakterinə çevrilmişdi və O da çoxluğun fikrinə uyğun olaraq əsirlərin qanpulu qarşılığında azad edilməsinin vacib olduğunu söyləyirdi. O gün qanpulu miqdarı dörd min uqiyyə müəyyən olunmuşdu.[51] Yenə də münasib (güzəştli) bir prinsip tətbiq olunurdu; bu miqdarı tapa bilməyənlərə də güzəşt edilir, miqdar lap aşağı endirilirdi. Bir də heç bir şeyi olmayan fəqir insanlar var idi. Könül istərdi ki, bunlar da azadlığa qovuşsun və çox keçmir ki, buna da bir çarə tapılır; Qanpulu  miqdarını ödəməyə imkanı olmayan hər bir əsir on müsəlman gəncə oxuyub-yazma öyrədəcək və bunun əvəzində azad olunacaqdı.[52] Mal-mülklə yanaşı, oxuyub-yazmadan məhrum olanları da çətinliyə salmayacaq və onları bundan sonra müsəlmanlıq əleyhinə danışmamaq və İslam əleyhinə olanlara kömək etməmək şərti ilə sərbəst buraxıcaqdılar. Əbu İzzə kimi tanınan Amr ibn Abdullah da bunlardan biri idi.[53] Əsirlərlə həssas davranılması Döyüş bitib nəticə bəlli olunca əsirlər arasında bəzi qəribə hallar ortaya çıxır. Belə ki, bu insanlar, xüsusən, mühacirlər baxımından hələ dünənədək eyni şəhərdə − Məkkədə yaşayan qohum-qonşular idi. Bir-birilərindən qız alıb qız vermiş, yay və qış aylarında Şam və Yəmənə birlikdə gedib ticarət etmiş və acılı-şirinli anları bir yaşamışdılar. İslam gəlincə və Rəsulullah da risalət vəzifəsini təbliğ etməyə başlayınca bir qismi bunu qəbul etmək istəməmiş, hətta təkcə qəbul etməməklə qalmayıb bu dəvəti əngəlləmək üçün ölüm tələləri qurmaqdan tutmuş hər cür yollara əl atmışdılar. İndi isə dünənə qədər özlərini güclü sayan və mühacirləri öz yurdlarından qovaraq mallarını ələ keçirən bu insanlar əsir olmuş və barələrində veriləcək qərarı intizarla gözləyirdilər. Bunlar arasında Rəsulullahın (s.ə.s.) yaxın qohumları da var idi. Əmisi Abbas ibn Abdilmuttalib,[54]Hz.Əlinin qardaşı Aqil, digər qardaşının oğlu Nəvfəl və kürəkəni Əbul As da İslam ordusu ilə döyüşmək üçün gəlmiş Bədir əsirləri arasında idi. Allah Rəsulu (s.ə.s.) öz qohumları olduğu üçün onlara qarşı xüsusi münasibət göstərməyəcək və hər kəsdən olduğu kimi onlardan da əsarət haqqı alacaqdı. Hətta əmisi Hz.Abbasdan öz haqqı ilə yanaşı, qardaşı oğullarının da qurtuluş pullarını alacaq və bundan sonra azad edəcəkdi.[55] Döyüşdən sonra Allah Rəsulunun hüzuruna gələnlər arasında Əbul Asın qardaşı Ömər ibnir-Rabi  də var idi. Qardaşını əsirlikdən qurtarmaq üçün  əlindəki kisəni uzadaraq: – Bu da əsir üçün Zeynəbin göndərdiyi  qanpulu, – deyir. Əvvəlcə Allah Rəsulu kisəni açır. Könlünün gülü olan Hz.Xədicə validəmizin xatirəsi durur gözlərinin qabağında. Bu gərdanlığı (boyunbağını) Zeynəbin toyu günü öz boynundan çıxarıb qızının boynuna taxmışdı Xədicə validəmiz. Gözünə sataşan gərdanlıq Onu keçmişə aparır və canlanan xatirələrin duyğu seli bürüyür Rəsulullahı! Bir müddət sonra baş verənləri diqqətlə izləyən səhabəsinə üz tutub: – İstəsəniz, Zeynəbin əsirini sərbəst buraxın və malını da özünə qaytarın! – deyir. Rəsulullah (s.ə.s.) bir şey istər, səhabə Onun istədiyini yerinə yetirməzdimi? Həmçinin bu arada gələn ayələr də belə bir vəziyyətdə əsirlərdən qanpulu alıb-almamağı möminlərin öz öhdəsinə həvalə edirdi.[56] Çox keçmədən hər birindən: – Lap yaxşı, ya Rəsulullah, – deyə  Onun (s.ə.s.) ricasını təsdiq edən nida eşidilir.