Səhabələr

Bədrə Doğru

Bir tərəfdə Peyğəmbərimizin dəvəsi Qasva ilə Mədinəyə tək qayıdan Zeyd ibn Harisəni izləyən bəzi insanlar bir müddət tərəddüd edir. Bəziləri onun sarsıntı keçirib dəli olduğunu sanırdı. Qorxudan ürəkləri ağızlarına gəlmişdi, çünki onların fikrincə, Rəsulullahın dəvəsi Rəsulullahsız  gəldiyinə görə, yəqin O (s.ə.s.), Bədirdə öldürülmüşdü! Bu vaxt münafiqlərdən biri Əbu Lübabəyə yaxınlaşır: − Yoldaşlarınız elə darmadağın olublar ki, artıq bundan belə əsla birləşə bilməzlər! Görürsənmi, əshabın böyükləri və Məhəmməd öldürülmüş! Bax bu da Onun dəvəsi, hamımız onu tanıyırıq! Bu Zeyd də qorxudan nə dediyini bilmir, – deyirdi. Əbu Lübabə həzrətləri bunları söyləyən adama acıqla baxır və sonra deyir: – Çox yaxında Allah (c.c.) sənin sözlərinin doğru olmadığını göstərəcək! Bunu fürsət bilən yəhudilər: – Şübhəsiz, Zeyd cəbhədən qaçıb gəlmişdir! – deyirlər. Atasının səsini eşidən kimi qaça-qaça gələn və ətrafdakı söz-söhbətləri eşidən gənc Üsamə atası Zeyd ibn Harisəni bir kənara çəkib soruşur: – Atacan! Söylədiklərin, həqiqətən də, doğrudurmu? – Ay oğul! Söylədiklərimin hamısı, əlbəttə, doğrudur, – deyə cavab verir Hz. Zeyd. Bundan sonra gənc Üsamə bir az əvvəl Rəsulullahın öldürüldüyü şaiyəsini çıxaran münafiqin yanına gəlir və deyir: – Şübhə yoxdur ki, sən Rəsulallah və müsəlmanlara iftira atıb fitnə çıxarırsan, görərsən, Rəsulullah gələn kimi Ona sənin haqqında şikayət edəcək və boynunu vurduracağam! Ertəsi gün, onsuz da Peyğəmbərimizin azadlısı (azad etdiyi kölə) Şükran əsirlərin başında Mədinəyə gələcək və məsələ aydınlaşacaqdı. Ruqiyyə validəmizin vəfatı Ramazan ayının iyirmi üçü idi. Karvanı təqib etmək üçün yola çıxalı on gün olmuşdu. Ancaq bu on günün hər anı "sürprizlərlə" keçmişdi. Bu on gündə əshab həlli bir ömrə sığmayan hadisələrlə qarşılaşmış, dərsini "müəllim"indən almış, buna bənzər problemlərlə rastlaşdıqda necə davranmağı yenə də Ondan öyrənmişdilər. Əshab bu səfər boyu ilahi mərhəmətin leysan olub yağmasına şahid olmuşdu. Karvan niyyəti ilə Mədinədən çıxdıqları halda, Allah (c.c.) qarşılarına Qureyş ordusunu çıxarmış və onları qalib etmişdi. İndi də hər kəsin alqışladığı bir zəfərlə Mədinəyə qayıdırdılar. Ancaq Mədinənin sürurlu havasından bir hüzn qoxusu gəlirdi. Düzdür, Bədirdə qazanılan zəfəri bölüşmək üçün onları küçələrdə qarşılayırdılar, amma Rəsulullahın (s.ə.s.) qızı Ruqiyyə validəmizin vəfatının hüznü ağı deyirdi qəlblərdə! Beləcə, Bədirdə zəfər yazılanda Mədinədə Ruqiyyə validəmiz artıq son nəfəsini vermişdi. Əshab da Rəsulullah (s.ə.s.) gələnə qədər onu torpağa əmanət etmişdi. Zeyd ibn Harisənin Mədinəyə gəldiyi gün Cənnətül-Baqidə mərhum üçün son vəzifəni icra edirdilər. Belə ki, Mədinə ordusu karvanı təqib etmək üçün yola düşərkən ağır xəstə olan Ruqiyyə validəmiz həyatla vidalaşmışdı. Cənnətül-Baqiyə yaxınlaşanda təkbir səsi eşidirlər. Hz. Osman səsin ahəngindən müjdəli xəbər gətirdiyini sezir və mənasını soruşur. Hələ sualına cavab almamış, səsin sahibi onlara yaxınlaşıb dalbadal təkbir gətirir. Rəsulallahın Qasva üstündə gəlişini görüncə bir anda üzlərini Ona tərəf çevirir və intizarla verəcəyi xəbəri gözləyirlər. Bir zəfərdən bəhs edirdi; Allah (c.c.) müşriklərin rəhbərlərinə Bədirdə məğlubiyyət, Rəsuluna da zəfər vermişdi. Nə edəcəklərini bilmirdilər; Bədir zəfərinə sevinsinlər, yoxsa Rəsulallah burada yoxkən torpağa tapşırdıqları Ruqiyyə validəmizə kədərlənsinlər! Bəs indi bu xəbəri Allah Rəsuluna necə verəcəklər və "Sən burada olmayanda biz onu torpağa tapşırdıq" kəlmələrini necə dilə gətirəcəklər! Mədinədə yaşanan acı bambaşqa idi. Bir az əvvəl üç oğul körpəsinin üçünü də öz əlləri ilə torpağa verən Allah Rəsulu (s.ə.s.) qızlarını da bir-bir itirməyə başlamışdı. Görünür, Allah Onu hər fürsətdə əbədi dostluğuna yönəldir və zəfər anlarında belə qarşısına hüznlü hadisələr çıxarır və dünyada qazanılan heç bir qələbəyə sevinməməyi məsləhət bilirdi. Nəhayət, Ona da xəbər çatır, təqdiri qabaqlamaq olmazdı. Verən də Allah idi, alan da. Ruqiyyə indi dünya məşəqqətlərindən qurtulmuş, anası Hz. Xədicənin və hələ kiçik yaşlarında vəfat etmiş qardaşlarının yanına pərvazlanmışdı. Yolçuluq davam edirdi və bu gün müvəqqəti bir ayrılıq olsa da, gün gələcək, yenə görüşəcəkdilər. Rəsulullah (s.ə.s.) Cənnətül-Baqiyə doğru üz tutur. Qızının məzarına yaxınlaşır. Və o gün qəlbi məhzun, gözləri yaşlı Rəsulullah Cənnətül-Baqidə mübarək əllərini açıb uzun-uzadı dua edir.