Səhabələr

Bədrə Doğru

Məkkənin acı xəbəri Digər tərəfdə Məkkəyə Bədrin acı xəbərini ilk olaraq Haysuman ibn İyas çatdırır. Bu vaxt Məkkə əhli Hicrdə oturub söhbət edirdi. Onun üst-başı dağınıq, qorxmuş və pərişan gəlişindən baş verənləri təxmin edirlər: – Nə olub? Nə xəbər gətirmisən? – deyə soruşurlar. Haysuman nədən başlayacağını bilmir. Əvvəlcə bunları sadalamağa başlayır: – Öldürüldü, – deyir, – Utbə  ibn  Rəbiə,  Şeybə  ibn  Rəbiə, Əbul-Hakəm ibn  Hişam  (Əbu Cəhil), Ümeyyə ibn  Xələf, Zəma ibn Əsvəd, Həccacın iki oğlu Nəbih və Münəbbəh, Əbul-Bəxtəri   ibn  Hişam... Bu sadalamqla, sanki, hər kəsin ölüm xəbərini verəcəkdi. Səbri tükənən Safvan ibn Ümeyyə Haysumanın sözünü kəsir: – Vallah, bu adamın ağlı çaşıb! Huşu başında deyil! İstəyirsiniz, ondan bir məni də xəbər alın görək, mənə nə olub?! Ətrafındakılar onun sözlərini ciddi qəbul edib Haysumandan Safvanın başına nə gəldiyini soruşurlar. O da Hicri göstərib: – Odur, baxın, burada oturub, – deyir və əlavə edir: – Vallah, onun atası da, qardaşı da öldürüldü! Bir anlıq Məkkədə, sanki, həyat dayanır! Belə çıxırdı ki, Haysumanın ağlı yerində idi. Safvanı tanıyır, üstəlik onun atasının və qardaşının Bədirdə öldürülməsi xəbərini verir. Sözün əsl mənasında Məkkə buza dönür! Gətirdiyi xəbərin həqiqət olduğunu sübut edincə Məkkə əhli Haysumanın ətrafına toplaşıb Bədirdə baş verənləri bircə-bircə soruşur. Eşitdikləri hər xəbər böyük bir zərbə idi. Məkkə, həqiqətən də, öz ciyərparələrini fəda etmişdi; rəhbərlərin, demək olar ki, əksəriyyəti həlak olmuşdu. Asan deyildi: döyüşə rəhbərlik edənlərin az qala hamısı Bədirdə ölmüşdü. Doqquz yüz əlli əsgərdən yetmişini Bədirdə itirən Qureyş ordusu yetmiş nəfərini də müsəlmanlara əsir vermişdi. Qalanları da meydandan qaçıb geri qayıdırdı. Üstəlik, orduda çoxlu yaralı da vardı. Bir neçə il əvvəl Məkkədə əkdiklərinin "bəhrəsini" bu gün görürdülər. Bəlkə də, onlar heç xatırlamırdılar. Amma Rəsulullahın (sallallahu əleyhi və səlləm) namaz qılarkən üstünə dəvə içalatı atılanda əllərini açıb etdiyi dua unudulası deyildi: – Allahım! Qureyşi Sənə həvalə edirəm. Allahım! Qureyşi Sənə həvalə edirəm. Allahım! Qureyşi Sənə həvalə edirəm. Allahım! Əbu Cəhli də... Utbə ibn Əbi Rəbiəni də... Şeybə ibn Əbi Rəbiəni də... Vəlid ibn Utbəni də... Ümeyyə ibn Xələfi də... Uqbə ibn Əbi Muaytı da Sənə  həvalə edirəm, onların öhdəsindən  Sən gələrsən, ey Allahım![60] Və... Peyğəmbərini bu hala gətirib həyatına qəsd edən, üzərinə dəvə içalatı atıb qəhqəhə çəkən bu adamların hamısı Bədirdə qalmışdı: Rəsulullahın (s.ə.s.) Allaha həvalə etdiyi bu insanlardan  bir nəfər də geri qayıtmamışdı.