Səhabələr

Bədrə Doğru

Bu, Ümeyyə kimi bir adam üçün ən böyük  təhqir idi. Cavab olaraq əvvəlcə: – Allah  sənə də, gətirdiyin şeylərə də lənət etsin, – deyir və dərhal oradan uzaqlaşıb evə gedir. Çox keçmədən də silahını götürüb orduya qoşulur. Əbu Cəhlin planı axşamdan işləyirdi. Çünki başlanğıcda Uqbə də döyüşə getməmək üçün israr etsə də, Əbu Cəhil onu da yola gətirmişdi. Bunu Ümeyyə də bilirdi. İndi isə "Öldürüləcəyindən qorxan Uqbə də gedirsə, sənə nə olub?"[11] ismarışını Uqbənin şəxsində Ümeyyəyə çatdırmış olurdu. Eyni zamanda özu də gəlmiş və ona bunları demişdi: – Ya Əba Safvan! Sən nə vaxtdan insanların arxasında gizlənirsən? Halbuki sən bu vadinin böyüyüsən və hər zaman bu insanların önündə hərəkət edərdin! Əbu Cəhil yenə üstün gəlib Ümeyyənin əl-qolunu bağlayır. Çarəsiz qalan Ümeyyə: "Heç  olmasa, Məkkədəki ən yaxşı dəvəni satın alıb onunla gedərəm," – deyə düşünür. Evinə gəlib xanımına: – Ey Ümmü Safvan, haydı məni döyüşə hazırla! – deyir. Xanımı da təəccüblənir. Onun öldürülməkdən qorxduğunu çox yaxşı bilirdi. Sad ibn Muazın sözlərini ona deyərkən necə qorxduğunu xatırlayır və bir anda bu qədər dəyişib döyüşə getmək qərarına gəlməsindən heç  nə  anlamır. Ona görə də soruşur: – Ya Əba Safvan, yəsribli dostunun sənə söylədiklərini nə tez unutdun?[12] – Unutmamışam, – deyə cavab  verir  Ümeyyə. Hər halından çarəsizlik yağırdı. Göz görə-görə ölümə getdiyini bilirdi. Unutmamışdı, amma öz içində təhlükəli yerlərdən uzaq olmaqla ölümdən qurtulmağı planlaşdırırdı. Buna görə də müşrik ordusu harada fasilə versə, Ümeyyə dəvəsini kənar bir ağaca bağlayacaq, özünü təhlükəsiz yerlərə verməyə çalışacaqdı. Məkkədən çıxış Karvandan xəbər gətirən Damdamın Məkkəyə  gəlişindən iki gün keçmişdi və artıq Qureyş ordusu döyüşə tam hazır vəziyyətdə idi. Özlərinə güvənirdilər, qalib gələcəklərinə inamları yüksək idi. Ona görə lovğa-lovğa gəzir, sanki, güclərini nümayiş etdirirdilər. Çox keçmir ki, toy-düyünə gedən qız-gəlin dəstəsi kimi şən və kefləri  kök, damağları çağ  yola düşürlər. O qədər arxayın idilər ki, döyüşdən sonra kef məclisi təşkil etmək üçün özləri ilə içki, qadın və musiqi alətləri də götürməyi ehmal etməmişdilər. Əbu Cəhlin başçılıq etdiyi min üç yüz nəfərlik Məkkə ordusunda yüz at və yeddi yüz dəvə var idi. Onlar üçün karvan artıq ikinci planda idi. Məhəmməd və əshabını şəhər kənarında yaxalayıb birdəfəlik məhv edəcəklərini düşünürdülər. Ordunun ərzaq təchizatını də öz aralarında bölüşmüş və bu yükü müəyyən adamlara tapşırmışdılar. Səfərin ilk günündə Əbu Cəhil on dəvə kəsmiş və ordunun qarnını doyurmuşdu. Usfanda növbə Ümeyyə ibn Xələfə çatır və doqquz dəvə də o kəsir. Qudeydə çatarkən məşhur şair Süheyl ibn Amr qollarını çırmayıb on dəvəni boğazlayır. Sonrakı günlərdə isə on dəvə Utbə ibn Rəbiə və on dəvə də Haccacın oğulları Münəbbih və Nübeyh kəsir və beləliklə, ordunun qarnını birlikdə doyurmuş olurlar. Cuhfə adlı yerə çatanda Cüheym ibn Salt üzünü yoldaşlarına tutub: – Bir az əvvəl mənim yanımda duran süvarini gördünüzmü? – deyə soruşur. Heç kim heç nə görməmişdi. – Xeyr, – cavabını verir, sonra da, – deyəsən, dəli olmusan! Yəqin ki, şeytan səninlə oyun oynayır, – deyirlər. Demə, Cüheym yəqzan (yuxu ilə oyaqlıq arasında olan hal) halında bir röya görmüş və heç cür bunun təsirindən çıxa bilməmişdi. Yuxusunda bir atlı yedəyində dəvə ona tərəf gəlir və Rəbiənin iki oğlu Utbə və Şeybə, Əbül-Hakəm ibn Hişam (Əbu Cəhil), Ümeyyə ibn Xələf, Əbül-Bəxtəri və Qureyşin əyan-əşrəfindən daha bir neçə nəfərin də adını çəkib onların öldürüldüyünü deyir. Sonra da dəvəsinin boynunu qılıncla vurub döyüşçülərə tərəf göndərir, dəvənin boynundan fışqıran qan da orada olan çadırların hamısını al-qırmızı rəngə boyayır. Bu yuxu da yayılır və təbii, Əbu Cəhlin də qulağına çatır: – Budur, Muttaliboğullarından bir peyğəmbər də! – deyir. Əbu Cəhlə görə, Haşimoğullarının yalanlarına indi də Muttaliboğullarının yalanları əlavə edilir. Halbuki öldürüləcək insanlar arsında öz adı da çəkilmişdi, amma o, deyilənləri məsxərəyə qoyur və beləcə, bunların boş  şeylər olduğunu başa salmağa çalışırdı. Daha sonra əlavə edir: – Əgər onlarla qarşılaşsaq, sabah kimin öldürüləcəyini görəcəksiniz! Əbu Sufyanın "Geri dönün" çağırışı! Əbu Sufyanın göndərdiyi Qeys ibn İmriülqeys də Cuhfədə Qureyş ordusuna çatır və: – Şübhəsiz ki, siz karvandakı mallarınız və oradakı adamlarınıza görə yola çıxmısınız. İndi isə həm mallarınızı, həm də canlarınızı Allah təhlükədən qurtardı. Elə isə geri qayıdın, – deyə döyüşə ehtiyac qalmadığı onlara bildirir. Bu xəbəri eşidən və onsuz da döyüşmək istəməyən Haris ibn Amr, Ümeyyə ibn Xələf, Rəbiənin oğulları Utbə və Şeybə qardaşları, Hakim ibn Hizam, Əbül-Bəxtəri, Əli ibn Ümeyyə və As ibn Münəbbih kimi bəzi insanlar geri qayıtmaq üçün əməlli-başlı əl-ayağa düşür.