Səhabələr

Bədrə Doğru

Və Bədir... O dövrdə Bədir yolların kəsişdiyi bir yer idi və ərəblər müəyyən mövsümlərdə burada bir yerə yığılar, yarmarka təşkil edərdilər. Buna görə də Bədir məkanı nə Məkkəyə, nə də Mədinəyə yad sayılırdı. Allah Rəsulu (s.ə.s.) və əshabı Bədrə çatanda cümə günü idi. Həmin axşamı orada keçirəcəkdilər və məhz döyüş də ertəsi gün bu məkanda cövlan edəcəkdi.[15] Döyüş kəşfiyyat demək idi və Allah Rəsulu (s.ə.s.) da qarşı tərəfin vəziyyəti ilə bağlı məlumat toplamağa xüsusi diqqət yetirirdi. Bu səbəbdən həmin gün axşam Hz. Əli, Hz. Zubeyr ibn Avvam, Bəsbəs ibn Amr və Sad ibn Əbu Vəqqası kəşfiyyat aparma tapşırığı ilə yenidən Bədrə göndərir. Qaranlıq gecədə yola çıxan dəstə Bədir quyularının başına gələndə burada müşriklərin göndərdiyi Əsləm və Arid adlı iki nəfərlə qarşılaşır. Əslində onlar da xəbər və məlumat ovuna çıxmışdılar. Bu ilk yaxın təmas idi və baş verən kiçik toqquşmadan sonra möminlər onları əsir alıb Rəsulullahın hüzuruna gətirirlər. Bu zaman Allah Rəsulu (s.ə.s.) namaz qılırdı. O, namazını bitirənə qədər səhabələr əsirləri sıxışdırır. Adamlar: – Biz Qureyş üçün su götürməyə gəlmişdik, – deyirdilər, fəqət əshab bununla qəne olmurdu. Onların Əbu Sufyanın karvanından gəldiklərini düşünürdülər. Buna görə də cəza və təzyiqi artırırdılar. Nəhayət, adamlar da çıxış yolunu suallara onların istədiyi cavabı verməkdə görür və Əbu Sufyanın çaparı olduqlarını deyirlər. Bu  əsnada  Peyğəmbərimiz  (s.ə.s.) rüku və səcdəsini tamamlayıb salam verir. Sonra üzünü əshabına tutur: – Adamlar sizə doğrunu söyləyəndə sıxışdırıb döyür, yalan deyəndə də onlardan əl çəkirsiniz! Adamlar doğru deyir, vallah, onlar Qureyşin  adamlarıdır. Sonra da Əsləm və Aridi yanına çağırıb soruşur: – Qureyşlilər haradadır? – Bu təpənin arxasında, – deyə cavab verir. – Bəs onlar neçə nəfərdir? – Çox. – Sayı nə qədərdir? – Bilmirik. – Gündə neçə dəvə kəsirlər? – Bir gün doqquz, bir gün on. Bu sözdən sonra Allah Rəsulu (s.ə.s.) əshabına üz tutaraq: – Onlar təxminən doqquz yüz-min nəfərdir, – buyurur.[16] Bir sualı da vadı: – Yaxşı, bəs onların arasında  Qureyşin adlı-sanlı adamlarından kimlər var? Əsləm və Arid gələnlərdən Rəbiənin oğulları Utbə və Şeybə, Əbul-Bəxtəri, Hakim ibn Hizam, Nəvfəl ibn Huveylid, Amr ibn Hişam (Əbu Cəhil), Ümeyyə ibn Xələf, Haccacın iki oğlu Nəbih və Münəbbih, Süheyl ibn  Amr və  Amr  ibn Abdivüdün adlarını çəkir. Bunları dinləyən Allah Rəsulunun dilindən bu kəlmələr eşidilir: – Şübhəsiz ki, bu gün Məkkə sizin qarşınıza öz seçilmişlərini çıxarır.