Səhabələr

Bədrə Doğru

Məkan seçimi İki ordu bir-birinə çox yaxınlaşmışdı və Bədirdə qarşılaşacaqları artıq qətiləşmişdi. Bu səbəbədən dərhal ora çataraq qərargah qurub yerləşmək lazım idi. Və ramazan ayının on yeddinci günü bir cümə axşamı Allah Rəsulu (s.ə.s.) əshabı ilə birlikdə Bədrə gəlib mövqe tutmaq əmrini verir. Bu   əsnada  yanına yaxınlaşan Hübab ibn Münzir: –Ya Rəsulallah, – deyir. Hübab hələ çox gənc idi və qorxurdu ki, sözləri ilə Allah Rəsuluna qarşı müxalif olar. Buna görə də səsini mümkün olduqca qısmış, qorxu dolu bir səslə xitab edirdi. Ancaq zaman və məkan baxımından bir şeyi soruşub müzakirə etmək və bildiyini ortaya qoyub təcrübəni bölüşmək bir zərurət idi. Belə davam edir  və soruşur: – Bu məkanı seçməyiniz bizim hər hansı bir dəyişilik edib təqdim və ya təxir seçimimiz olmayan və Allahın sizə bildirdiyi bir vəhyin nəticəsidir? Yoxsa bu döyüş şəraitini nəzərə alaraq  Zatınızın etdiyi bir seçimdir? – Əksinə, bu seçim döyüşün şərtlərinə əsasən edilmişdir, – deyir  Allah Rəsulu. – Ya Rəsulallah! İndi olduğumuz yer savaş baxımından uyğun bir məkan deyil, ən yaxşısı, insanlara əmr et və biz onlara yaxın yerləşən aşağı tərəfdəki quyunun yanına gedək! Çünki mən buranı və burdakı quyuları yaxşı tanıyıram. Orada mənim tanıdığım suyu şirin və kəsilməyən bir quyu var. Orada bir hovuz düzəldib su toplayar və ehtiyacımızı təmin edər, digər quyuları isə bağlayarıq. Müharibə vəziyyəti idi və bu səmimi təklif ağlabatan görünürdü. Bu vaxt Cəbrail də gəlir, Hübabın təklifinin uyğun görüldüyü müjdəsini gətirir. Ona görə də Rəsulullah: – Hubabın söylədikləri doğrudur, – deyir və göstərilən yerə tərəf irəliləyir, adı çəkilən quyunun yanına gələrək burada qərargah qurur. Bu müddət ərzində digər quyuları da bağlayırlar. Digər diqqətçəkən məqam: Şam istiqamətində mövqe tutan müsəlmanların arxaları günəşə tərəf idi. Təbii olaraq, müşriklər də Yəmən tərəfində mövqe tutmuş və üzü günə savaşmaq məcburiyyətində qalmışdılar. Bu qədər iş görüldükdən sonra bir səhabə arxanı küləyin əsdiyi istiqamətə çevirməyin onlar üçün faydalı olacağını, küləyin vadinin yuxarısından bu tərəfə doğru əsməsinin də bir qələbə əlaməti sayıldığını deyir. Allah Rəsulu (s.ə.s): – Mən artıq mövqeyimi müəyyənləşdirmişəm və bayrağımı da buraya sancmışam, onu bir daha dəyişdirə bilmərəm, – buyurur və belə kritik anlarda rəhbərə xas qətiyyətini göstərir. Bu əsnada Rəsulullah üçün də çadır qurulmuş və həlledici həmlə üçün mərkəz də təyin edilmişdi. Bu vaxt O, döyüşün cərəyan edəcəyi ərazini yoxlamaq istəyir. Bir dəstə əshabı ilə birlikdə Bədir quyularının ətrafını gəzərkən Qureyş böyüklərinin adını sadalayır və mübarək əlləri ilə onların öləcəyi yerləri bir-bir göstərir. Çox keçmədən Allah Rəsulu (s.ə.s.) da Hz.Əbu Bəkirlə birlikdə bu çadıra girir. Səbəblərə riayət edib döyüşlə əlaqədar tədbirlər görməklə yanaşı, Allahla olan irtibatını də ehmal etmirdi. Belə ki, atılan hər addımda Onun rizası olmalı idi, O razı olduqdan sonra inayəti də zahir olar və hər çətinliyin öhdəsindən gələrdilər. Bəli, indi də söhbəti-canan zamanı idi. Bu arada kiminsə bayırda gözlədiyini hiss edir, çölə çıxır və Sad ibn Muazı görür. Üzündə bir narahatlıq ifadəsi var idi. Yəqin idi ki, müşriklərin Rəsulullaha bir pislik edəcəyindən narahat olmuş və qılıncına qurşanıb buraya Onu qorumağa gəlmişdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm): – Ey Sad,  sanki,  sən bu  insanların təhlükəsindən narahatsan! – deyə səslənir. – Vallah, elədir, ya Rəsulallah! Bu bizim müşriklərlə ilk döyüşümüzdür, – deyir. İşi ehtimala buraxmayan bu tədbir insanı ancaq təqdirəlayiq idi  və  Peyğəmbərimiz də onun bu həssaslığını təqdirlə qarşılayır. O gecə səhərə qədər dualarla Rəbbinə yalvarır, Allahdan Rəbbi yolunda çarpışan bu bir ovuc insanı müzəffər etməsini istəyir. Dua edərkən: – Allahım – deyirdi, – qureyşlilər bütün mənliyi və təmtəraqı ilə buraya qədər gəldi. Onlar sənə meydan oxuyur və Rəsulunu yalançı adlandırırlar. Allahım! Onlara qarşı Səndən Mənə vəd etdiyin zəfərini istəyirəm! Allahım! Sabah erkəndən onları məğlub et!