Mihnətdə keçən illər
Beləcə inanan insanların sayı artdıqca Qureyşin kin və nifrəti də baş qaldırır, amansız düşmənçilik cövlan edirdi. Əllərindən gəlsə idi, inanan hər bir insanı havadan məhrum edərdilər. Addım-addım izləyir, ələ fürsət düşən kimi də məkrli əməllərini həyata keçirməyə ‒ onları məhv etməyə çalışırdılar.
Çox çətin günlər idi. Ən dərin məşəqqəti də Allahın sevgili qulu Allah Rəsulu çəkirdi. Düşmənçilik və kinləri o dərəcəyə çatmışdı ki, artıq onlarla bir şəhərdə yaşamağa belə dözə bilmirdilər. Məkkə bütün gücü ilə hücum çəkir və inananlara nəfəs almağı belə çox görürdülər.
Bu kin və düşmənçilik Məkkəni inananlara zindan etmişdi. Artıq bu şəhərdə yaşamaq mümkün görünmürdü. Allah Rəsulu ilə birlikdə bütün möminləri Məkkədən çıxarmaq qərarına gəlmişdilər. Bütün əlaqələri kəsəcək, hətta qohumların belə kömək etməsinə imkan verməyəcəkdilər. Beləliklə, hər bir Müsəlmanı ölümlə üz-üzə qoyacaqdılar. Onların açıq ərazidə, gündüzlərin səssizliyi və gecələrin tənhalığı içində bir-bir məhv olmasını gözləyəcəkdilər.
Vəraqanın dedikləri bir-bir gerçəkləşirdi. Bu dərəcədə kin-nifrət olardı?! Amma o günün Məkkəsində bu, baş verirdi. Müqavimət göstərmək mümkün deyildi və məcburən Məkkə və məkkəlilərdən ayrıldılar! Yenə Əbu Talib himayə qanadlarını açmışdı. Məkkədən kənarda, Şibi Əbi Talib adlı yerdə çadır qurdular. Bu, üç il davam edən möhnət dövrünün başlanğıcı idi. Aclıq, susuzluq və xəstəliklərin iniltisi ilə keçən üç il..! Bu amansız zülm idi: qadın-qoca, xəstə-uşaq fərqi qoymurdular.
Bir vaxtlar ən zəngin qadın olan Xədicə də Onunla birlikdə eyni çətinliklərə qatlanırdı. Bir-birinin qəmini, dərdini bölüşsələr də, əllərindən heç nə gəlmirdi. O gün Qureyş bütün yolları kəsmiş və heç kimin onlara yaxınlaşmasına imkan vermirdi.
Hakim ibn Hizam bibisi Xədicəyə bir ovuc buğda aparmaq üçün gizlicə yola düşür. Bu, Əbu Cəhlin gözündən yayınmır, yolunu kəsir Hakim ibn Hizamın. Təkbaşına, arxasız və köməksiz Cəhalət əleyhinə necə qarşı çıxa bilərdi? Əbu Cəhl qardaşı belə olsa, buna imkan verməzdi və sərt bir ifadə ilə deyir:
‒ Haşimoğullarına yemək aparmaq?! And olsun ki, nə mənim əlimdən qurtula bilərsən, nə də onlara yemək apara. Səni Məkkədə rəzil-rüsvay edərəm.
Bu vaxt Əbul-Bahtəri ora gəldi. O da Haşimoğulları qəbiləsinə mənsub idi. İman gətirməmişdi, amma insaflı adam idi. Əvvəlcə nə baş verdiyini öyrəndi:
– Nə olub? – deyə soruşdu.
Əbu Cəhl:
– Haşimoğullarına yemək aparmaq istəyir, – dedi.
Əbul-Bahtəri də:
– O, bibisinə azuqə aparmaq istəyir, sənsə ona mane olursan, eləmi? Çəkil bu adamın qabağından!” – deyincə Əbu Cəhllə aralarında dava düşdü. Hətta Əbul-Bahtəri əlinə keçən bir sümüyü Əbu Cəhlin başına vurub yarsa da, zülm davam edəcək, heç nə dəyişməyəcəkdi.