Övlad ayrılığı
Çox əziyyətli günlər idi. Hz. Xədicəni təkcə öz başına gələnlər deyil, Allah Rəsulunun çəkdiyi çətinliklər də dərindən yaralayırdı. Allahın sevgili qulundan ikisi oğlan olmaqla altı uşaq dünyaya gətirmişdi. Əvvəlcə Qasım vəfat etdi. Qəlb hüznlü, gözlər yaşlı… Ancaq onun səbir gücü hər cür çətinliyə dözürdü. Rəsulullahın yanına gəldi. Çünki onun da təsəlliyə ehtiyacı olurdu.
– Ya Rəsulallah! Qasımın südü daşdı. Kaş Allah süd dövrünü tamamlayana qədər ömür verəydi.
Allah Rəsulu buyurdu:
– O, süd dövrünü Cənnətdə tamamlayacaq.
Mətanətli insan çox sevindi:
– Əgər bunu bilsəydim, ya Rəsulallah, onun ölümü mənə daha asan gələrdi.
Rəsulullah da:
– İstəyirsən, Allaha dua edim, onun səsini sənə eşitdirsin, – buyurduqda səbir kimi, təvəkkülün də zirvəsi olan Hz. Xədicə belə dedi:
– Xeyr, ya Rəsulallah, Allah və Rəsulunu təsdiq edirəm.
***
Allah və Rəsuluna iman gətirib Onu təsdiq edən ilk insan Xədicə idi. Ondan əvvəl nə bir qadın, nə də bir kişi müsəlman olmuşdu. Bununla Allah (cəllə cəlaluhu) Rəsulunun yükünü yüngülləşdirmiş olurdu. Rəsulullah nə vaxt biri təkziblə, təhdidlə, təcridlə üzləşirdi, o zaman Xədicənin yanına gəlir və ondan aldığı dəstəklə yükünün yüngülləşdiyini, sıxıntıları bir-bir unutduğunu və daha da şövqləndiyini hiss edirdi. Heç bir hərəkəti ilə Rəsulullahı üzməmişdi. Əksinə, onun yanına gələndə təsəlli tapırdı, buludlar dağılırdı çöhrəsindən təbəssümün gəlişi ilə…