Səhabələr

Xeybərdən sonraki hadisələr

Ancaq Süheyl ibn Amr və Safvan ibn Ümeyyə bu yardımı qəbul etmək istəmir. İnsanların ehtiyacını görsələr də, dünənə qədər hər cür pislik etdikləri Mədinədən belə bir yardımın gəlməsini qürurlarına sığışdıra bilmirlər! Ancaq bu addım onların qəlbini titrətmişdi; belə ki, keçmişi göz önünə gətirəndə yaxşı görürdülər ki, belə bir vəziyyətdə heç kim qayıdıb onlara belə bir yardım etməzdi. Beləcə, Rəsulullahın fərqli olduğunu bir daha müşahidə edirdilər.

Əbu Sufyan daha təmkinli idi. Yoldaşları müsbət baxmasa da, meydanda insani bir əməl var idi və bu yaxşılığı görməmək düzgün olmazdı. Ona görə də:

– Allah qardaşım oğlunu xeyirlə mükafatlandırsın, çünki O, qohumluğunu göstərib  bizə əl uzatdı, – deyir və bunların hamısını qəbul edib Məkkədəki fəqir-füqəraya paylayır.[1] Məkkənin qədir-qiymətini bilmədiyi Məhəmmədül-Əmin onuın dadına yetişmiş, ərzaq və qızıl göndərmişdi: könüllərdə istiqbalın fəthi yaşanırdı!

Bu vaxt devslilərlə birlikdə Mədinəyə gələn Əbu Hureyrə Məscidi-Nəbəvidə məskunlaşmış və Suffə əshabına qoşulmuşdu. Axtardığını tapdığı üçün çox sevinirdi, amma özü ilə birlikdə Mədinəyə gələn anasının heç cür müsəlman olmaq istəməməsi sevincini gözündə qoyur. Nəhayət, məsələni Allah Rəsuluna (s.ə.s.) açır və anası üçün dua etməsini xahiş edir:

– Ya Rəsululllah, anamı hər dəfə İslama dəvət edirəm, amma o, məni təhqir edir. Bu gün də eyni təklifi etdim, ancaq o, yenə Sənin haqqında xoşagəlməz sözlər söylədi. Anamın da hidayətə çatması üçün Allaha dua etsəydiniz! – söyləyir.

Çox səmimi və ürəkdən gələn bir istək idi və Allah Rəsulu da əllərini açıb Əbu Hureyrənin anası üçün dua etməyə başlayır. Əbu Hureyrənin sevincdən ayaqları yerdən üzülür! Şübhəsi yox idi, Rəsulullah (s.ə.s.) dua edibsə, bu dua qəbul olunacaq və anası da dünya və axirəti qazanma yoluna gələcəkdi. Tez-tələsik evlərinə yönəlir, baş verənləri anası ilə bölüşəcəkdi! Evə çatanda qapının bağlı olduğunu görür, içəridən su səsi gəlir. Qapını açmağa çalışır, anası ona:

– Orada gözlə, – deyə səslənir.

Nəhayət, anası örtüyünə bürünüb qapını açıb:

– Gir içəri, – deyir.

Nə isə olmuşdu, ancaq Əbu Hureyrə hələ baş verənlərin fərqində deyildi. Nəhayət, anası Meymunə binti Subeyh:

– Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və Məhəmməd də Onun qulu və Rəsuludur, – deyir.

Sanki, ona dünyanı bağışlayırlar. Devsin aslanı Əbu Hureyrə (r.a.) sevincindən ağlayır. İman dolu bir könül üçün dünyadakı ən böyük xoşbəxtlik idi bu və bu müjdəni Allah Rəsulu ilə də bölüşmək istəyir. Qaça-qaça məscidə gəlir:

– Ya Rəsulullah! Müjdə, – deyə səslənir, – Allah (c.c.) Sənin duanı qəbul etdi, anam müsəlman oldu!

Allah Rəsulunu (s.ə.s.) da sevindirən xəbər idi bu və öncə Allaha həmd-səna, ardınca da  dua edir:

– Allahım, bu qula və anasına qarşı mömin qullarının qəlbində məhəbbət hasil eylə və mömin qullarını da onlara sevdir!

Allah Rəsulu (s.ə.s.) Xeybərdən gəldikdən sonra Həbəşistandan qayıdan Hz.Cəfərə Məscidi-Nəbəvinin yaxınlığında bir ev tikdirir və ona Rum hökmdarının hədiyyə etdiyi atlas cübbəsini bağışlayır.[2]  Həbəşistan mühacirlərinə qucaq açan Nəcaşinin müsəlmanları qorumaq üçün etdiklərini öyrənən Rəsulullah öncə gedib dəstəmaz alır, sonra da əllərini qaldırıb onun üçün Rəbbinə dua edir.

Bu ərəfədə təhlükəsizliyi təmin etmək üçün lazımi addımların atılması da ehmal edilmir, hələ də Mədinəyə hücum etmək istəyənləri və bu niyyətlə atılan addımları yatırmaq və Hicazda İslamın hakimiyyətini möhkəmləndirmək məqsədilə ətraf ərazilərə hərbi qüvvələr göndərilir. Bu məqsədlə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Hz.Ömərin başçılığı altında otuz nəfərlik dəstəni Türəbəyə, Hz.Əbu Bəkrin başçılığı ilə bir hərbi dəstəni də Nəcid bölgəsindəki həvazinlilərin üstünə göndərir. Bundan əlavə Bəni-Mürrə, Meyfəyə və Cinab kimi bölgələrə də səfərlər təşkil edilir ki, bütün bu tədbirlər Hicazda ümumi sülhün təşəkkülünə hesablanırdı.